

21 Oktyabr 18:51
21 Oktyabr 15:49
Suriyada 13 ildən artıq davam edən münaqişədən sonra ölkənin yenidən qurulmasına təxminən 216 milyard dollar vəsait lazım olacaq.
Bu, Dünya Bankının, ölkə daxilində infrastruktur və bina aktivlərini araşdıran “Suriya Fiziki Zərər və Yenidənqurma Qiymətləndirməsi 2011-2024” adlı hesabatında öz əksini tapır.
Hesabatda vurğulanır ki, Suriyanın münaqişədən əvvəlki ümumi kapital fondunun təxminən üçdə biri zədələnib və infrastruktura, mənzillərə və qeyri-yaşayış binalarına dəyən birbaşa fiziki zərərin 108 milyard dollar olduğu təxmin edilir.
Hesabatda həmçinin o da qeyd olunub ki, qiymətləndirilən kateqoriyalar arasında infrastruktur ən çox zərər görən hissədir və ümumi zərərin 48 faizini təşkil edib. Bu baxımdan Hələb, paytaxt Dəməşqin ətrafı və Homs ümumi zərər baxımından ən çox zərər çəkmiş bölgələrdir.
Zədələnmiş fiziki aktivlərin bərpası xərclərinin 140 milyard dollarla 345 milyard dollar arasında olacağı, ən böyük ehtimalın isə 216 milyard dollar olacağı qeyd edilib.
Göstərilən məbləğin 75 milyard dolları yaşayış binalarının, 59 milyard dolları qeyri-yaşayış binalarının, 82 milyard dolları isə infrastrukturun yenidən qurulmasına xərclənəcəyi bildirilir.
Təxmin edilən fiziki yenidənqurma xərcləri Suriyanın 2024-cü il üçün proqnozlaşdırılan Ümumi Daxili Məhsulunun (ÜDM) təxminən 10 qatını təşkil edir.
O da qeyd edilir ki, münaqişə Suriya iqtisadiyyatını dağıdıb və 2010-2022-ci illər arasında real ÜDM təxminən 53 faiz azalıb