Papuaşvili: Brüssel Gürcüstana sovet təfəkkürü ilə yanaşır Dünya

Papuaşvili: Brüssel Gürcüstana sovet təfəkkürü ilə yanaşır

“Zorakılığın qınanılmaması günahkarların dəstəklənməsidir. Bu, Brüsselin təəssüf doğuran yanaşmasıdır”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

Onun sözlərinə görə, Gürcüstanda baş tutmamış çevrilişdən və Prezident sarayına basqın cəhdindən bir ay ötsə də, Kos və Kallas daxil olmaqla avropalı komissarlar bunu qınamaqdan imtina edirlər.

“Təəssüflər olsun ki, Brüsseldən ədalətli yanaşma gözləntiləri getdikcə azalır. Son zamanlar Brüsseldə dəyərlərin tənəzzülə uğraması təəssüf doğurur. Gürcüstan yalnız dar siyasi və geosiyasi məqsədlər baxımından nəzərdən keçirilir. Biz Brüsseldə rəhbər vəzifələrdə çalışan şəxslərin Gürcüstana sovet təfəkkürü ilə yanaşdıqlarını görürük”, - Papuaşvili söyləyib.

Spiker qeyd edib ki, Avropa İttifaqı (Aİ) Gürcüstanla bağlı nəsə söyləməkdən öncə Tbilisidə oktyabrın 4-də baş vermiş iğtişaşları qınamalıdır:

“Gürcüstan iğtişaşlardan çətinliklə xilas oldu, qarşısı vaxtında alınmasaydı, hansı nəticələrin olacağını heç kim bilmir. Buna görə də onlar ilk olaraq zorakılıqları qınamalı və bundan kənarlaşmalıdırlar”.

Qeyd edək ki, sabah Aİ-nin Gürcüstanla bağlı genişlənməyə dair hesabatı açıqlanacaq. Sənəddə Gürcüstanda son bir ildə baş verənlər və onların ölkənin Aİ-yə üzvlüklə bağlı səyləri ilə necə əlaqəli olduğu ətraflı təsvir olunacaq.