Türkiyə terrorsuz dövrə qədəm qoyur, bu, milli strategiyanın tərkib hissəsidir Dünya

Türkiyə terrorsuz dövrə qədəm qoyur, bu, milli strategiyanın tərkib hissəsidir

Elnur Eltürk: “Türkiyəni artıq heç bir terror təşkilatı zəiflədə bilməz!”

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Edirnədə həbsdə olan Səlahəddin Dəmirtaşın azadlığa buraxılması ilə bağlı sualları cavablandırıb. Baxçalı hüquqi proseslərin artıq nəticə verdiyini və Dəmirtaşın azadlığa çıxmasının xeyirli işlərə səbəb olacağını bildirib.

D.Baxçalı qrup iclasındakı çıxışında Türkiyə gündəminə dair mühüm mesajlar da verib. Onun sözlərinə görə, parlamentdə “terrordan azad Türkiyə prosesi” ilə bağlı yaradılan komissiyanın İmralıya getməsi prosesi daha da sürətləndirə bilər.

MHP sədri partiyasının belə bir heyətə qoşulmağa hazır olduğunu da vurğulayıb.

Mövzu ilə bağlı Sherg.az-a danışan diaspor üzrə araşdırmaçı-ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk son illərdə qardaş Türkiyədə siyasi gündəmin qaynar olduğunu bildirib:

“Türkiyə min birliyə malik qədim dövlətçiliyi özündə birləşdirən böyük dövlətdir.

Ancaq bəzən elə hadisələrə şahid oluruq ki, biz ona qarşı çıxsaq, sonradan nə qədər düzgün addım atıldığının şahidi oluruq. Baş verənlərdən nəticə çıxartmaq olar ki, Türkiyə özünü xarici və daxili təhlükələrdən qorumaq üçün bu addımları atır. Türkiyə böyüməkdə və güclənməkdə olan dövlətdir. Bu gün qürurla demək olar ki, qardaş dövlət qlobal siyasi münasibətlərdə öz rolunu güclü oynayan və diktə edəndir. Siyasi prosesləri hisslərlə idarə etmək olmaz.

MHP-nin lideri Dövlət Baxçalı Türkiyənin təcrübəli və uzaqgörən siyasətçilərindəndir. Əgər PKK silahı yerə qoydusa, Səlahəddin Dəmirtaşın azadlığa buraxılması ilə bağlı sualların yaranmasına prosesin tərkib hissəsi kimi baxmaq olar. Düzdür, cinayət törətdiyinə görə həbs olunub. Bəzən elə hadisələr baş verir ki, bu bizim arzu və istəklərimizə zidd olsa da, ümummilli maraqlar başqa şeylər tələb edir. Türkiyə son illər terrora son qoymaq üçün uğurlu və ciddi siyasi strategiya həyata keçirir. Türkiyə rəhbərliyi çalışır ki, terrorsuz bir cəmiyyətə keçid eləsinlər. Xarici siyasətini uğurla apara bilməsi üçün Türkiyədə daxili sabitliyi qorumaq vacib şərtlərdən biridir”.

Türkiyənin terrordan kifayət qədər çox əziyyət çəkdiyini, 30 mindən çox insanını itirdiyini xatırladan E.Eltürk qeyd edib ki, zamanında Türkiyəni zəiflətmək üçün terror təşkilatı yaratdılar:

“Məqsəd Türkiyəni nəzarət altında saxlamaq idi. Bu gün fərqli vəziyyət yaranıb. Artıq Türkiyənin qarşısını hansısa terror təşkilatı ilə ala bilməzlər. Terror təşkilatları bunu qəbul ediblər. Türkiyə güclü olarsa, onunla siyasi-strateji və iqtisadi-mədəni əməkdaşlığı olan Azərbaycan da güclü olacaq. Hər iki qardaş ölkə beynəlxalq münasibətlərdə birgə mövqedən çıxış edirlər”.