Aİ Gürcüstanla insan haqları üzrə dialoqu təxirə salıb Dünya

Aİ Gürcüstanla insan haqları üzrə dialoqu təxirə salıb

Noyabrın 21-də Brüsseldə keçirilməsi planlaşdırılan Gürcüstanla Avropa İttifaqı (Aİ) arasında insan haqları üzrə dialoq təxirə salınıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, görüşü Aİ tamamilə qəbuledilməz və əsaslandırılmamış bahənə ilə təxirə salıb.

Qeyd olunub ki, Gürcüstan tərəfi bu görüşü Aİ ilə qarşılıqlı əlaqə üçün imkan kimi nəzərdən keçirib.

“Gürcüstan tərəfi konstruktiv yanaşmaya sadiqdir və hesab edir ki, tərəfdaşlarla dialoqun alternativi yoxdur. Müvafiq olaraq, Brüssel tərəfindən Gürcüstanla dayandırılmış dialoqun tam bərpasından sonra biz Avropa İttifaqı ilə müxtəlif istiqamətlər üzrə dialoq formatlarında iştirak imkanımızı nəzərdən keçirəcəyik”, - məlumatda deyilir.

Qeyd edək ki, insan haqları üzrə Aİ-Gürcüstan dialoqu hər il keçirilir. Sonuncu dialoq 2023-cü ildə baş tutub. 2024-cü ildə bu cür görüşün keçirildiyinə dair məlumata rast gəlinmir.