
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) BBC telekanalının yaydığı məlumatla bağlı araşdırmaya başlayıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə DTX-dan bildirilib.
Araşdırmanın məqsədi BBC-nin istifadə etdiyi müsahibələrin hansı məlumatlara əsaslandığını, şəxslərin hansı faktlara istinad etdiyini və bu məlumatın nə dərəcədə aktual və etibarlı ola biləcəyini ətraflı şəkildə müəyyən etməkdir.
“Bu günə qədər yeganə müəyyən edilmiş fakt budur ki, dərc olunmuş material bir tərəfdən vətəndaşların həyatı və sağlamlığına qarşı yönəlmiş, onların və cəmiyyətin qanuni maraqlarını əhəmiyyətli dərəcədə pozan cinayət əlamətləri var, digər tərəfdən isə əksinə, Gürcüstanın milli maraqlarına, beynəlxalq imicinə və nüfuzuna ciddi ziyan vuran və dövlət maraqlarına zərər vurmağa yönəlmiş cinayət əlamətləri var”, - məlumatda qeyd olunub.
İstintaqın vəzifə səlahiyyətlərindən sui-istifadə və xarici təşkilata düşmənçilik fəaliyyətinə kömək etmək maddələri üzrə aparılır.
DTX araşdırmanın bütün istiqamətlərdə davam edəcəyini və ictimaiyyətə nəticələr barədə vaxtaşırı ətraflı məlumatın veriləcəyini bildirib.
Qeyd edək ki, BBC-nin süjetində ötən il Tbilisidə keçirilən aksiyaların dağıdılmasında Birinci Dünya müharibəsi zamanına aid zəhərləyici maddələrdən istifadə olunduğu iddia edilib. Hakim “Gürcü Arzusu” partiyası telekanalı böhtana görə beynəlxalq məhkəməyə verib.
***
14:07
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası BBC telekanalına qarşı beynəlxalq məhkəmələrdə iddia qaldırıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə partiyadan bildirilib.
Qeyd olunub ki, BBC Gürcüstan hökumətinin ünvanına maraqlı tərəflərin söylədiklərinə əsaslanan və reallıqla heç bir əlaqəsi olmayan ciddi ittihamlar irəli sürüb.
***
14:00
BBC telekanalının Tbilisidəki aksiyalarla bağlı hazırladığı süjet Gürcüstanda narazılıqla qarşılanıb.
APA-nın yerli bürosu xəbər verir ki, süjetdə ötən il Tbilisidə keçirilən nümayişlərin dağıdılmasında Birinci Dünya müharibəsi zamanına aid zəhərləyici maddələrdən istifadə olunduğu iddia edilib.
Məsələyə münasibət bildirən hakim “Gürcü Arzusu” partiyasının fraksiya rəhbəri İrakli Kirtsxaliya BBC-nin süjetini yeni ağılsızlıq adlandırıb.
O, bunun artıq “beyin yuma” deyil, cəmiyyətə qarşı ciddi bir təhqir olduğunu vurğulayıb.
“Bir neçə gün öncə yalan yaydığına görə BBC-nin direktoru və xəbərlər bölməsinin rəhbəri istefa verməyə məcbur oldular. İndi onlar yeni ağılsızlıq ortaya atıblar - guya Gürcüstanda aksiyaçılara qarşı müharibə dövrünün kimyəvi silahı tətbiq olunub. Bu, eyni zamanda agenturanın və onların himayədarlarının hərəkətlərinin miqyasını və absurdluğunu daha da aydın şəkildə nümayiş etdirir”, - Kirtsxaliya əlavə edib.
Gürcüstan parlamentinin Prosedur məsələlər üzrə komitəsinin sədri Davit Matikaşvili öz növbəsində BBC-nin materialında yer alan məlumatlara adekvat cavabın veriləcəyini bildirib. O qeyd edib ki, süjetdə təqdim olunan informasiyalar əsassızdır və cəfəngiyatdır.