Zəngəzur dəhlizi Mərkəzi Asiyanı Avropaya yaxınlaşdırır
3 Dekabr 23:45

Bakir Həsənbəyli: “Ukrayna haqlı olaraq torpaqlarını verməkdən imtina edir”
Dünyanın diqqəti üç ildir ki, Ukrayna müharibəsinə yönəlib. Münaqişə nəinki regionun, hətta dünyanın siyasi, iqtisadi və təhlükəsizlik balansını dəyişdirən qlobal hadisəyə çevrilib. Müharibənin birbaşa iştirakçıları, diplomatik vasitəçiləri və strateji müttəfiqləri var. Ukrayna dörd ilə yaxındır ki, həlli müşkül olan münaqişənin qurbanıdır. Yüz minlərlə əsgər və mülki vətəndaş həlak olub, milyonlarla insan məcburi qaçqın vəziyyətindədir. Çoxsaylı itkilərə baxmayaraq, Ukrayna müharibəni dayandırmır.
Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə danışan politoloq Bakir Həsənbəyli deyibki, Ukrayna prezidenti bilir ki, müharibəni dayandırmaq torpaqların itirilməsi və bu qədər qurbanın əbəs yerə verilməsi deməkdir. Və eyni zamanda xalqın ona qarşı ciddi ayaqlanması prosesi baş verə bilər. Ukrayna xalqı müharibənin bir an əvvəl sona çatmasını və 2014-cü ildən başlayan işğalın dayandırılmasını arzulayır. Digər tərəfdə isə müharibəni başlayan Rusiyanın məqsədi regionda və dünyada hegemon gücünü bərpa etməkdir. Lakin Putində fərqindədir ki, Rusiya da artıq çıxılmaz labirintdədir. Buna rəğmən Putinin davranışları göstərir ki, istədiyinə nail olmaq üçün hətta qanunla qadağan olunan variantlardan belə istifadə etməkdən çəkinmir. İstanbul və Alyaska danışıqları sübut etdi ki, Putin Ukraynanı kapitulyasiyaya məcbur etmədən müharibədən çəkilməyi düşünmür: “Rusiyanın idarəçilik formatı imkan vermir ki, ölkə daxilində baş verənlər haqqında hər hansı məlumata sahib olmaq mümükün olsun. Hökumət statistik məlumatların yayılmasına məhdudiyyət qoyub və dövlət mediası ciddi nəzarət altındadır. ABŞ müharibənin diplomatik vasitəçi rolunda olan ən aktiv iştirakçılarından biridir. Bayden admnistrasiyası vaxtında Vaşinqton açıq şəkildə Ukraynanı dəstəkləyirdi. Lakin Trampın hakimiyyətə 2-ci dəfə qayıdışı ilə vəziyyət karinal olaraq dəyişdi. Tramp əvvəllər olduğu kimi, Rusiya ilə yaxın münasibətlərə üstünlük verdi. Son həftələr isə ABŞ və Rusiya arasında səhnəarxası gərginlik artıb. Rusiya Ukraynanın qərb bölgələrində yerləşən obyektlərə hücumlar təşkil edir. Bu hücumlar müharibənin daha əvvəl təhlükəsiz sayılan qərb bölgələrinə yayılmasının göstəricisidir. Avropa müharibənin sona çatmasını ən son arzulayan tərəflərdən biridir. Amma buna baxmayaraq münaqişə Avropaya bir neçə səbəbdən zərər vurur: hərbi təhlükə, enerji böhranı və iqtisadi çətinliklər. Müharibə Avropa sərhədlərində baş verir və Avropa onun öz ərazisinə sıçramasından ehtiyat edir. Bu səbəbdən Ukraynaya hərbi dəstəyin ən böyük tərəfdarıdır. ABŞ isə bu fürsətdən istifadə edərək birbaşa hərbi yardımı dayandıracağını, əvəzində NATO vasitəsilə silah verəcəyini, lakin maliyyə yükünü Avropanın daşımalı olduğunu bildirib. Ukrayna müharibəsi Avropa kənd təsərrüfatı bazarını ciddi şəkildə sarsıdıb. Qara dəniz bölgəsindən ixracın bloklanması nəticəsində taxıl və gübrə qiymətləri kəskin şəkildə artıb. Avropalı fermerlər xüsusilə yanacaq və azot əsaslı gübrələr üzrə yüksək istehsal xərcləri ilə üzləşiblər, istehlakçılar isə ərzaq inflyasiyası ilə mübarizə aparırlar”.
Politoloqun qənaətincə, eyni zamanda, Şərqi və Mərkəzi Avropa ölkələrində benzin, dizel və təbii qaz qiymətləri ciddi şəkildə yüksəlir. Rusiya neft və qaz sektoruna birbaşa sanksiyalar tətbiq olunmasa da, bazardakı qeyri-müəyyənlik və logistika çətinlikləri qiymətlərin artmasına səbəb olub. Polşa, Macarıstan, Slovakiya və Baltik ölkələri Rusiya qazına yüksək asılılıq səbəbilə daha çox təsirləniblər. Bu ölkələr alternativ enerji mənbələrinə yönəlirlər. Avropa ölkələri həmçinin mayeləşdirilmiş təbii qaz idxalını artıraraq ABŞ və Qətər kimi ölkələrlə yeni enerji əməkdaşlıqları qurublar. Bu dəyişikliklər enerji təhlükəsizliyini gücləndirsə də, qiymət sabitliyi hələ tam bərpa olunmayıb. Postsovet ölkələri müharibəni diqqətlə izləyir. Onlar Rusiyanın daim təhdid altında saxladığı ölkələrdir və Ukraynada baş verənlərdən özləri üçün nəticə çıxarırlar. 1990–2000-ci illərdə Qərbə olan inam artıq ciddi şəkildə sarsılıb: “Bunun əsas səbəbi, Qərb ölkələrinin Ukraynaya real və ardıcıl dəstək verməkdə çətinlik çəkməsidir. Müasir mərhələdə də bu parçalanmış yanaşma davam edir. Müharibənin başlamasından az qala 4 il olmasına rəğmən Qərb hələ də Ukrayna ilə bağlı ortaq bir mövqeyə gələ bilmir. ABŞ öz strategiyasını irəli sürür, Avropa daxilində isə fikir ayrılıqları mövcuddur. Əsasən Fransa, Böyük Britaniya və Polşa Ukraynaya güclü dəstək vermək tərəfdarıdır. Macarıstan isə ehtiyatlı və tərəddüdlü mövqe sərgiləyir. Bu zəif və ləng yanaşma, azadlıq və təhlükəsizlik axtarışında olan postsovet ölkələrində Qərbin belə bir böhran şəraitində real dəstək göstərə biləcəyinə dair inamı daha da sarsıdır. Müharibə ilə bağlı birbaşa mövqe bildirməyən Çin. ABŞ ilə olan strateji rəqabət və Rusiyada müharibə nəticəsində yaranan iqtisadi və enerji bazarındakı boşluqlar səbəbilə sanki Rusiyanın yanında yer alırmış kimi görünür. Bu münaqişədə ən maraqlı analiz məhz Çinlə bağlı aparıla bilər. Çünki səssiz qalması onun mövqeyini daha da maraqlı və strateji edir. Çinin hal hazırdaki məqsədi Rusiyada yaranmış iqtisadi boşluğu doldurmaqdır. Çin sürətlə Rusiyanın əsas ticarət tərəfdaşına çevrildi. Qərb şirkətləri və investisiyaları bazardan çıxdıqdan sonra Çin sənaye avadanlıqları, elektronika və istehlak malları ilə Rusiya bazarını təmin etməyə başladı. Çin avtomobil və texnologiya markaları Rusiyada geniş yayıldı, yerli istehlakçıların ehtiyaclarını qarşıladı. Enerji sahəsində də Çin Rusiya neft və qazının əsas alıcısına çevrildi ki, bu da Moskvanın ixrac gəlirlərini sabit saxlamağa kömək etdi. Çin bankları maliyyə əməliyyatlarında yuan istifadəsini artıraraq sanksiyalardan yayınmağa şərait yaratdı. Beləliklə, Rusiya iqtisadiyyatı getdikcə Çin mərkəzli ticarət və texnologiya sisteminə daha çox inteqrasiya olunur. Bundan əlavə, Çin uzun müddətdir göz dikdiyi Mərkəzi Asiyada da mövqeyini gücləndirməyə başladı. Müharibədən əvvəl də bu proses gedirdi, lakin münaqişədən sonra nəzərəçarpacaq dərəcədə sürətləndi. Rusiya zəiflədikcə, Çin regionda əsas investisiya və ticarət tərəfdaşına çevrildi”.
Çin Mərkəzi Asiya ölkələrində infrastruktur layihələri, enerji boru xətləri və nəqliyyat şəbəkələri quraraq iqtisadi təsirini artırdı. Bu ölkələr Rusiya ilə balanslı münasibət saxlasalar da, getdikcə Çinə daha çox yönəlməyə başladılar. Təhlükəsizlik sahəsində də Çin birbaşa hərbi baza qurmasa da, birgə təlimlər və texnoloji dəstək vasitəsilə təsirini genişləndirdi. Beləliklə, Çin Mərkəzi Asiyada təkcə iqtisadi deyil, həm də strateji güc kimi möhkəmləndi. Nəticə etibarilə, Çinlə bağlı bunu demək olar: müharibənin qalibi kim olursa olsun, digər iştirakçılardan fərqli olaraq, Çin hər bir halda qazanır. Əgər Ukrayna qalib gəlsə və Rusiya uduzsa, Çin Rusiyanın iqtisadi bazarını tam ələ keçirə bilər, ucuz enerji mənbələrindən faydalanmağa davam edər, Mərkəzi Asiyada regional gücə çevrilər və Rusiyanın təsir dairəsini keçmədən Sibir üzərində faktiki nəzarət əldə edə bilər. Rusiya qalib gəlsə, Çin qalibin yanında yer almış ölkə kimi mövqeyini gücləndirər: “Lakin Rusiya qalib gəlsə belə, əvvəlki gücünə qayıda bilməyəcək. Dünya ictimaiyyətinin ona qarşı mövqeyi dəyişməyəcək və qonşu ölkələr onun təsirindən çıxmaq üçün cəhdlərini davam etdirəcəklər. Ukrayna itirdiklərini geri qaytarmağa çalışacaq və Qərbin iqtisadi və hərbi dəstəyi ilə daha sabit şərtlər altında özünü toparlayacaq. Rusiya isə yenə də Çin kimi ABŞ-a qarşı dura biləcək iqtisadi gücə ehtiyac duyacaq. Çin isə bu ehtiyacdan maksimum fayda götürəcək. Müharibənin yaxın zamanda sona çatması real görünmür. Ukrayna haqlı olaraq torpaqlarını verməkdən imtina edir. Münaqişə nəticəsində kifayət qədər insan itkisi və dağıntı yaşanıb. Ukrayna cəmiyyətində müharibənin nəticələri ilə bağlı güclü emosional və siyasi həssaslıq formalaşıb. Hər hansı güzəşt qərarı yalnız torpaq itkisi deyil, həm də milli ləyaqətin zədələnməsi kimi qəbul oluna bilər. Rusiya da, müharibəni dayandırmaq niyyətində deyil. Hətta münaqişə dayansa belə, bir neçə il sonra hansısa yeni iddia ilə təkrar başlaya biləcəyi ehtimalı var”.
Cavid