Türkiyə “Akkuyu” AES-in birinci blokunun işə salınmasına hazırlaşır Dünya

Türkiyə “Akkuyu” AES-in birinci blokunun işə salınmasına hazırlaşır

Türkiyənin “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) birinci blokunda tikinti işləri 95% tamamlanıb.

“APA-Economics”in “TASS”a istinadən xəbər verir ki, bunu ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

“O ki qaldı birinci reaktorun işə salınmasına, biz çox vacib mərhələdəyik. İşlərin 95%-i başa çatdırılıb, gələn il “Akkuyu”da ilk elektrik enerjisinin istehsalına başlamağı ümid edirik. Məqsədimiz budur. Əlbəttə, birinci reaktordan sonra digərləri də gələcək, lakin hazırda diqqətimizi Türkiyənin ilk atom reaktorunun tikintisinin tamamlanmasına yönəltmişik”, - nazir qeyd edib.

O, layihəni Türkiyənin və dünyanın ən böyük layihələrindən biri adlandırıb: “”Akkuyu” AES layihəsi Türkiyədəki ən böyük xarici investisiya layihəsidir. Hazırda dünyada həyata keçirilən atom elektrik stansiyası tikinti sahələri arasında ən böyüyündə dörd reaktorun inşası aparılır. Son bir-iki ildə layihənin həyata keçirilməsində müəyyən çətinliklərlə üzləşmişik. Mən pandemiyanı, Rusiya–Ukrayna müharibəsini, bəzi birbaşa və ya dolayısı ilə maneələri, sanksiyaları nəzərdə tuturam. Bəzi istehsalçılar siyasi səbəblərə görə komponentləri Türkiyəyə tədarük etmirdilər ki, bu da, sözsüz ki, layihənin icrasına təsir edib”.

Alparslan Bayraktar əlavə edib ki, “Akkuyu” üçün tələb olunan avadanlıqların böyük hissəsi artıq Türkiyəyə gətirilib, bəzi komplektlər isə Çindən yoldadır.

“Avadanlıqlar artıq “Akkuyu” sahəsindədir, bəzi komplektlər isə hələ də Çindən gəlir. “Rosatom” [çatdırılmayan] avadanlıqlara əvəz tapdı və onların sifarişi təxminən bir il yarım əvvəl Çinə verildi. Düşünürəm ki, bu avadanlıqların böyük hissəsi artıq gəlib, lakin bəzi komplektlər hələ də yoldadır”, - nazir vurğulayıb.

Qeyd edək ki, “Akkuyu” Türkiyədə tikilməkdə olan birinci atom elektrik stansiyasıdır. Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayında bağlanmış hökumətlərarası əməkdaşlıq sazişi əsasında həyata keçirilir. Layihəni Rusiyanın dövlət atom enerjisi korporasiyası - “Rosatom” icra edir.