“Paşinyan Avropa İttifaqının dəstəyi ilə Rusiyaya qarşı tarazlaşdırıcı fəaliyyət həyata keçirmək istəyindədir” Dünya

“Paşinyan Avropa İttifaqının dəstəyi ilə Rusiyaya qarşı tarazlaşdırıcı fəaliyyət həyata keçirmək istəyindədir”

“Ermənistanda artıq bir neçə müddətdir ki, 2026-cı ilin parlament seçkilərinə hazırlıq gedir və bu çərçivədə Ermənistanın daxilində böyük siyasi fəallaşmanın şahid olmaqdayıq, müxalifətin, kilsənin fəallaşması və Paşinyan da təbii ki, bunlara qarşı yumşaq və sərt güc mexanizmlərindən istifadə etməkdədir. Yumşaq güc, yəni media vasitəsilə narrativlər yaradır ki, bu qüvvələr Ermənistanın gələcəyinə təhlükədirlər. Sərt güc mexanizmləri deyəndə həmin müxalifətçilərin bəzi nümayəndələrinin, kilsənin bəzi nümayəndələrinin həbsi nəzərdə tutulur. Kilsədən Baqrat Qalstanyanın həbsi olsun, rusiyalı milyarder Samvel Karapetyanın həbs edilməsi olsun, Daşnaksütyun partiyasında yoxlamaların həyata keçirilməsi olsun, bunları misal çəkə bilərik”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Sultan Zahidov söyləyib.

S.Zahidovun sözlərinə görə, Paşinyan, sözsüz ki, Rusiyanın müdaxiləsindən narahatdır və elə düşünür ki, Rusiya ona qarşı addımlar ata bilər, seçkilərə müdaxilə edə bilər, Ermənistanda hibrid və kiber hücumlar həyata keçirə bilər, müxalifət vasitəsilə Paşinyanın nüfuzunu zədələmək istəyində ola bilər: “Bu baxımdan Paşinyan Avropa İttifaqının dəstəyi ilə Rusiyaya qarşı tarazlaşdırıcı fəaliyyət həyata keçirmək istəyindədir. Bu günlərdə də Rusiya ilə Avropa İttifaqı arasında imzalanan Strateji Tərəfdaşlıq Gündəliyi onu göstərir ki, Avropa İttifaqı da Rusiyanın müdaxiləsindən narahatdır. Eyni zamanda da həmin gündəlik imzalanandan sonra keçirilən mətbuat konfransında Avropa İttifaqının genişlənmə üzrə komissarı Marka Kos açıq-aşkar bildirdi ki, biz çalışırıq ki, Rusiyanın seçkilərə mümkün müdaxiləsi, hibrid və kiber hücumları qarşısında Ermənistana dəstək göstərək. M.Kos Moldova misalını çəkdi ki, Rusiya Moldova seçkilərinə müdaxilə etmişdi, eyni ssenarinin Ermənistanda təkrarlanacağı istisna olunmamalıdır”.

Röya İsrafilova