ABŞ səfiri: Türkiyə F-35 proqramına qayıtmaq üçün S-400-dən imtina etməlidir Dünya

ABŞ səfiri: Türkiyə F-35 proqramına qayıtmaq üçün S-400-dən imtina etməlidir

Türkiyə F-35 qırıcılarının istehsalı və alınması proqramına qayıtmaq istəyirsə, Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemini artıq saxlamamalıdır.

APA xəbər verir ki, bu barədə “Bloomberg“ ABŞ-ın Türkiyədəki səfiri Tom Barraka istinadən məlumat yayıb.

Səfir bildirib ki, iki ölkə Ankara tərəfindən təxminən on il əvvəl alınmış Rusiya raketləri və Türkiyənin F-35 proqramına yenidən qoşulmaq “istəyi” ilə bağlı danışıqlar aparır.

“ABŞ qanunvericiliyinə əsasən, Türkiyə F-35 proqramına qayıtmaq üçün S-400 sisteminə daha sahib ola və ya onu istismar edə bilməz”, – ABŞ səfiri vurğulayıb.

O əlavə edib ki, Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı yaxın münasibətlər “son on ilin ən səmərəli danışıqlarına” səbəb olub.

“Ümid edirik ki, bu danışıqlar önümüzdəki aylarda ABŞ və Türkiyənin təhlükəsizlik tələblərini təmin edəcək bir irəliləyişə gətirib çıxaracaq”, – Barrak bildirib.

Türkiyənin təxminən on il əvvəl S-400 raketlərini alması onun F-35 proqramından çıxarılmasına və ABŞ-ın bir sıra türk müdafiə şirkətlərinə sanksiya tətbiq etməsinə səbəb olmuşdu.