ABŞ Konqresinin Nümayəndələr Palatası 901 milyard dollarlıq müdafiə xərcləri layihəsini qəbul edib Dünya

ABŞ Konqresinin Nümayəndələr Palatası 901 milyard dollarlıq müdafiə xərcləri layihəsini qəbul edib

ABŞ Konqresinin Nümayəndələr Palatası səs çoxluğu ilə 2026-cı il üçün 901 milyard dollarlıq müdafiə xərcləri ilə bağlı qanun layihəsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, sənəd bundan sonra təsdiqlənməsi üçün Senata göndəriləcək. Nümayəndələr Palatasının spikeri, respublikaçı Mayk Consonun sözlərinə görə, qanun layihəsi Prezident Donald Trampın 15 icra sərəncamını kodlaşdırmaq, sərhədləri qorumaq, müdafiə sənayesi bazasını canlandırmaq və hərbi əhval-ruhiyyəni bərpa etmək məqsədi daşıyır.

Təxminən 3 min səhifəlik qanun layihəsinə hərbi qulluqçuların maaşının dörd faiz artırılması, Pentaqonun sürətləndirilmiş silah tədarükü, “Qızıl Qübbə” raketdən müdafiə sisteminin qurulması və döyüş hazırlığının təkmilləşdirilməsi üzrə tədbirlər daxildir.