Gürcüstan DTX: Nə bizim, nə də İsrailin terror təhlükəsi barədə hər hansı məlumatı olub Dünya

Gürcüstan DTX: Nə bizim, nə də İsrailin terror təhlükəsi barədə hər hansı məlumatı olub

Nə Gürcüstanın, nə də İsrailin xüsusi xidmət orqanları Gürcüstanda terror təhlükəsi haqqında informasiyaya malik olublar və buna uyğun olaraq məlumat kimsə ilə bölüşülməyib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib.

Qeyd olunub ki, DTX İsrail xüsusi xidmət orqanlarının nümayəndələri ilə təmasdadır. “Onlar yayılmış qeyri-dəqiq informasiya ilə bağlı təəccüb ifadə ediblər. Bu cür məlumatların Gürcüstanın bəzi KİV-ləri tərəfindən bizimlə yoxlanılmadan yayılması böyük təəssüf doğurur. Biz hər kəsi Gürcüstan haqqında zərərli və təsdiqlənməmiş məlumatları yaymaqdan çəkinməyə çağırırıq”, - məlumatda deyilir.

Qeyd edək ki, bəzi media resurslarında Knessetin bir neçə üzvünün Gürcüstana bu həftəsonu planlaşdırılan səfərinin terror təhlükəsi səbəbindən ləğv edildiyi barədə məlumatlar yayılıb. Məlumata əsasən, israilli deputatlar Gürcüstanda “İsrail həftəsi” çərçivəsində keçirilən tədbirlərdə və Gürcüstan-İsrail biznes forumunda iştirak etməli idilər.