“Ukraynada seçkilərin keçirilməsi real təhlükəsizlik təminatları formalaşmadan mümkün deyil” Dünya

“Ukraynada seçkilərin keçirilməsi real təhlükəsizlik təminatları formalaşmadan mümkün deyil”

“Ukraynada seçki məsələsinin yenidən aktiv şəkildə müzakirə olunması müharibənin yaratdığı kritik siyasi məqamla birbaşa bağlıdır. Zelenski həm daxildə, həm də beynəlxalq arenada legitimlik mövqeyini möhkəmləndirməyə çalışsa da, real seçki keçirmək üçün tələb olunan təhlükəsizlik şərtləri hələ formalaşmayıb”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov deyib.

Onun bildirdiyinə görə, milyonlarla ukraynalının ölkədən kənarda olması, cəbhə xəttinə yaxın bölgələrdə səsvermə infrastrukturunun olmaması və davam edən raket hücumları seçkilərin təşkilini ciddi şəkildə məhdudlaşdırır: “Buna baxmayaraq Zelenski seçkiyə hazır olduqlarını bəyan etməklə, həm Trampın ittihamlarına cavab vermək, həm də Qərb dövlətlərinə Ukraynanın demokratik proseslərə sadiqliyini göstərmək istəyir. Qərb daxilində bu məsələyə münasibət ziddiyyətlidir: Avropa ölkələrinin böyük hissəsi tələsik seçkilərin Ukraynanı zəiflədə biləcəyini düşünür, Tramp administrasiyası isə seçki prosesini müharibənin tez bitməsi üçün siyasi təzyiq aləti kimi görür”.

Siyasi şərhçi əlavə edib ki, Rusiya isə Zelenskini “qeyri-legitim lider” kimi təqdim etməklə bu vəziyyətdən informasiya və diplomatik üstünlük qazanmağa çalışır: “Nəticədə seçki məsələsi Ukraynanın daxili siyasi gündəmindən çıxaraq böyük güclərin Ukrayna üzərindəki strateji mübarizəsinin bir elementinə çevrilib. Hazırkı vəziyyət göstərir ki, seçkilərin keçirilməsi real təhlükəsizlik təminatları formalaşmadan mümkün deyil və bu məsələ yaxın aylarda həm Kiyevin, həm də Qərbin geosiyasi qərarlarında mühüm rol oynayacaq”.

Röya İsrafilova