20:48
539
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili “Toplantılar və nümayişlər haqqında” Qanuna düzəlişləri təsdiqləyib.
APA-nın yerli bürosu xəbər verir ki, dövlət başçısının imzaladığı sənəd artıq dərc olunub və qanun qüvvəyə minib.
Gürcüstan parlamenti düzəlişləri ötən gün səs çoxluğu ilə qəbul edib.
Yeni qanuna əsasən, təşkilatçılar aksiyanı insanların və yaxud nəqliyyatın hərəkət etdiyi yerdə, həmçinin səkilərdə keçirdiyi təqdirdə bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyini (DİN) 5 gün öncədən xəbərdarlıq etməli olacaqlar. Aksiyanın xəbərdarlıq etmədən ictimai yerdə təşkili qadağan edilib.
Bununla yanaşı, toplantı və yaxud nümayiş ictimai təhlükəsizliyə və asayişə, müəssisə və təşkilatların normal fəaliyyətinə, nəqliyyat vasitələri və insanların hərəkətinə təhlükə yaradarsa, DİN iştirakçıları alternativ məkan, aksiyanın keçirilmə vaxtı və yaxud forması barədə təlimatlandıracaq. Bu təlimatın yerinə yetirilməməsinə görə aksiya iştirakçıları 15 günədək, təşkilatçılar isə 20 günədək inzibati həbs cəzası ilə üzləşəcəklər.
Qanun pozuntusuna təkrar yol veriləcəyi halda aksiya iştirakçısı və ya təşkilatçısı bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Qeyd edək ki, bu günə qədər qüvvədə olan qaydalara görə Gürcüstanda aksiyanın keçirilməsi DİN ilə razılaşdırılmırdı. Genişmiqyaslı aksiyalar zamanı isə bələdiyyə orqanlarına bildirişlərin təqdim olunması tələb olunurdu.
21:41
329
20:12
595
20:10
630