Ukrayna danışıqlarının Berlin mərhələsi: proses nə vəd edir?
17 Dekabr 23:42

Dekabrın 14-də Avstraliyanın Bondi çimərliyində Hanukka bayramı zamanı yəhudilərə terror hücumu bütün dünya yəhudilərini təşvişə salıb. Xatırladaq ki, Sidneydəki terror aktı nəticəsində atəş edənlərdən biri də daxil olmaqla 16 nəfər həlak olub. Daha 38 yaralı xəstəxanadadır, onlardan yeddisinin vəziyyəti kritik qiymətləndirilir.
Avstraliya polisi dekabrın 14-ü Sidneydə baş verən terror aktını törədənlərdən birinin İŞİD terror qruplaşması ilə əlaqəli olduğunu ehtimal edir.
"ABC" telekanalı polislərin mənbəyinə istinadən məlumat yayıb ki, birləşmiş antiterror qrupunun müstəntiqləri hesab edirlər ki, atəş açanlar "İŞİD terror qruplaşmasına sədaqət andı içiblər".
"ABC"nin mənbəyi bildirib ki, hücum edənlərin avtomobilində İŞİD bayrağı aşkar edilib, onlardan biri - 24 yaşlı Navid Akram - bir neçə il əvvəl Avstraliya Təhlükəsizlik və Kəşfiyyat Xidməti (ASIO) tərəfindən Sidneydə yerləşən "İslam Dövləti" qruplaşmasının terror hücrəsi ilə sıx əlaqələrinə görə sorğu-sual edilmişdi.
Daha əvvəl Avstraliya Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin direktoru Mayk Bercess qeyd edib ki, hücum edənlərdən biri agentliyə məlum idi, lakin onların fikrincə, "cəmiyyət üçün birbaşa təhlükə təşkil etmirdi".
Ölkənin Baş naziri Entoni Albaniz "ABC"nin "Səhər Şousu"nda isə bildirib ki, Avstraliya polisi hazırda Sidney hücumunu törədənlərin terrorçu qruplar və ya təşkilatlarla əlaqəli olduqlarına dair heç bir dəlilə malik deyil.
"Hazırda əlimizdə gizli sövdələşməyə dair heç bir dəlil və bu şəxslərin terrorçu qruplaşmasının bir hissəsi olduğuna dair heç bir dəlil yoxdur. Onlar açıq-aydın ekstremist ideologiyanın təsiri altında idilər. Hücumçulardan hər hansı birinin yəhudi icmasına qarşı zorakılıq aktı planlaşdırdığına, düşündüyünə və ya törətmək istədiyinə dair heç bir dəlil yoxdur", - deyə o, bildirib.
Onu da qeyd edək ki, Avstraliyanın Bondi çimərliyində Hanukka bayramı zamanı yəhudilərə hücum edən və 16 nəfərin ölümünə səbəb olan atıcılardan birinin silahını Əhməd əl-Əhməd adlı şəxs alıb. “Tayms of İsrail”in məlumatına görə, meyvə mağazasının sahibi, 43 yaşlı Əhmədin iki silahlıdan biri ilə əlbəyaxa olması anının görüntüləri yayılıb.
Onun əmisi oğlu Mustafa mediaya açıqlamasında deyib ki, iki övladı olan Əhmədə iki güllə dəyib. “O, xəstəxanadadır, içəridə nə baş verdiyini dəqiq bilmirik. Ümid edirik ki, o, sağalacaq. O, 100 faiz qəhrəmandır”, - Mustafa qeyd edib.
Bundan əvvəl Baş nazir Benyamin Netanyahu bu cəsarətli hərəkəti “Yəhudi qəhrəmanlığının zirvəsi” adlandırmışdı.
"9News"in telekanalının məlumatına görə, Sidneydə Milad bayramı məhdud formatda keçiriləcək, bütün təntənəli tədbirlər bazar günü - 21 dekabradək ləğv edilib.
Məlumatına görə, şəhərdəki bütün Milad işıqları Bondi çimərliyindəki terror aktının qurbanlarına hörmət və yəhudi icması ilə həmrəylik əlaməti olaraq ağ çələnglərlə əvəz olunacaq. Milad ağacları olan meydançalarda işıq və ya səs şouları olmayacaq, "Şəhərdə Milad ilahiləri" proqramı isə həftənin sonuna qədər dayandırılacaq.
Həmçinin Sidneyin Darlinq-Harbor körfəzində Milad atəşfəşanlığının bir hissəsinin ləğv edildiyi də bildirilir.
ölkə Prezidenti Peter Pelleqrini "X" sosial şəbəkəsi hesabında yazıb ki, Sidneyin Bondi-Biç sahilində Hanuka bayramında törədilən terror aktının qurbanları arasında Slovakiya vətəndaşı da olub.
"Artıq dünən amansız, ölümcül hücumu qəti şəkildə pisləmişəm. Bu gün bu faciə Slovakiyaya da toxunub - mənasız, amansız qətlin qurbanları arasında slovak qadın Marika da var idi", - P.Pelleqrini yazıb.
Slovakiya Prezidenti dünya ictimaiyyətini qarşılıqlı nifrətdən imtina etməyə çağırıb, çünki bu "günahsız insanların ölümünə" gətirib çıxarır.
"Tanımadığımız insanlara nifrətin nə qədər böyük ola biləcəyini görmək qorxuludur. Biz hər dəfə ehtiyatsızca, nəticələri düşünmədən, şüurlu və ya qeyri-şüurlu şəkildə nifrətin yayılmasına kömək etdiyimiz zaman bunu xatırlamalıyıq. Nifrət sərhəd tanımır və nəticəsi günahsız insan həyatlarının məhv edilməsidir" - deyə o qeyd edib.
Qeyd edək ki, Sidneydəki terror aktı nəticəsində atəş açanlardan biri də daxil olmaqla 16 nəfər həlak olub. Daha 38 nəfər xəstəxanadadır, onlardan yeddisinin vəziyyəti kritik qiymətləndirilir. Avstraliya polisi hesab edir ki, terror aktını törədənlərdən biri İŞİD terror qruplaşması ilə əlaqəlidir.
Politoloq Çingiz Şahbazi qəzetimizə verdiyi aşıqlamasında deyib ki, Avstraliyanın məşhur Bondi çimərliyində, Hanukka bayramı tədbiri zamanı, insanlara qarşı törədilən silahlı hücum, əlbəttə ki, antisemitizm motivli terror aktıdır. Baş verən hadisə Avstraliya hüquq-mühafizə orqanları tərəfindən öz qiymətini alacaq: “Baş vermiş hadisənin siyasi tərəflərini araşdırdığımız zaman görünür ki, yuxarıda qeyd etdiyim kimi, hadisə antisemitizm motivlidir və xüsusi olaraq yəhudilərə qarşı nifrət və qisas xarakterlidir. Hadisə zamanı 16 nəfərin həyatına son qoyulub və əlbəttə ki bu insanlar günahsız insanlardır. Faciə Avstraliya cəmiyyətini dərindən sarsıtdı və dünya ictimaiyyətinə bir daha xatırlatdı ki, zorakılıq və nifrət heç bir halda haqlı sayıla bilməz. Bu səbəbdən insanların təhlükəsizliyi və bərabərliyi dünyanın hər yerində, eyni səviyyədə qorunması lazımdır. Əlbəttə ki, istənilən terror aktı lənətə layiqdir və heç bir halda qəbul edilməməlidir. Amma, terror hadisələrinə səbəb olan amillər də burda rol oynadığı üçün, onlar da yetərincə beynəlxalq hüquq normaları çərçivəsində araşdırılması lazımdır və hüquqi qiymətini almalıdır. Yəhudilərin, son illər dünyanın bir çox yerində təqib edilməsi və onlara qarşı antisemitizm mövqeyinin sərgilənməsi, əlbəttə ki, İsrail hökumətinin Qəzzada həyata keçirdiyi antiterror əməliyyatı adı altında dinc fələstin xalqına qarşı kütləvi qətillər və bu istiqamətdə yürütdüyü siyasətin nəticəsindən qaynaqlanır. Sidney şəhərində 16 nəfər ölənlər arasında uşaqlar və qocalar da var. 40 nəfər yaralı və nə qədər baş vermiş hadisədən qorxu və həyəcan hissi keçirənlər var. Bu kimi hallardan heç bir ölkə sığortalanmayıb və dünyanın istənilən yerində baş verə bilən hadisədir. Bu yaxınlarda ABŞ-da Ağ Evə yaxın ərazidə oxşar hadisə baş verdi. Bu baxımdan hesab edirəm ki, hadisələr qədər onların arxasında duran əsas səbəblər də araşdırılması lazımdır. Bu gün dünyada antisemitizm və nifrət motivləri artmaqdadır və bu dünyanın sabitliyini pozan amillərdir və belə bir hadisə və belə bir vəziyyət heç bir halda qəbul edilməməlidir və qınanmalıdır.
Politoloq Bakir Həsənbəylinin fikrincə, son bir neçə ildə Netanyahu hökuməti Qəzzada, Suriyada, Liviyada, Livanda və s. bölgələrdə terror qruplaşmalarına qarşı əməliyyat adı altında aviyasiya hücumları təşkil edir: “Ümumiyyətlə, Netanyahunun özünün etirafını nəzərə alsaq bu cür hərbi əməliyyatlar 8 bölgədə aparılır. Və sözsüz ki, bu tip əməliyyatlar insan itkisi ilə nəticələnir. Bundan əlavə sirr deyil ki, əksər terror qruplaşmalarının Avropanın müxtəlif ölkələrində gizli hücrələri var. Bu istiqamətdə ən çox İran fərqlənir. İran xüsusi xidmət orqanlarına bağlı olan hücrələr uzun illərdir ki, yəhudilərə qarşı müxtəlif miqyaslı bu tip terror hərəkətlərinə yol verirlər.
Bundan başqa Qəzzada daxil olmaqla ümumiyyətlə Fələstində 20-dən çox hərbi-siyasi qruplaşma var. Nəzərə alsaq ki, Qəzza əhalisinin 12%-dən çoxu öldürülüb və ya müxtəlif dərəcəli xəsarətlər alıb. O, zaman yerli qruplaşmaların içərisində qisas xarakterli terror aktlarının törədilməsi ilə bağlı qərar qəbul edən şəxslərin olması mümkündür. Teror aktının məkan və zaman məsələsidə əhəmiyyət kəsb edən faktorlardandır. Hadisənin indiki məqamda törədilməsi “kimsə terrordan sığortalanmayıb” mesajı ilə qorxu, təlaş yaratmağa hesablanıb”.
İsrailli ictimai xadim, “Yerusəlimin əli” təşkilatının rəhbəri, lobbist Baruh Leviev deyib ki, hücum yəhudilərə qarşı məqsədyönlü zorakılıq aktıdır: “Avstraliyada Hanukka bayramı zamanı yəhudilərə qarşı hücum yəhudi icmasına və ümumilikdə yəhudilərə qarşı məqsədyönlü zorakılıq aktıdır. Dünyadakı yəhudilər uzun müddətdir ki, İran və ona bağlı radikal strukturlar da daxil olmaqla, İsraili və yəhudiləri bir xalq olaraq məhv etməyə çağıran açıq şəkildə səslənən birbaşa təhdidlər altında yaşayırlar. Bu cür ritorika illər boyu cəzasız qalanda sözdən kənara çıxır. Ümid edirəm ki, Avstraliya rəhbərliyi sadəcə bəyanatlardan kənara çıxaraq qətiyyətli addımlar atacaq və radikallaşmanın ən çox aşkar olduğu mənbələrə, o cümlədən İranla əlaqəyə müraciət etməkdən çəkinməyəcək".
Cavid