Səfir: Çin investisiyaları və yeni enerji layihələri Azərbaycanda sürətlə genişlənir Dünya

Səfir: Çin investisiyaları və yeni enerji layihələri Azərbaycanda sürətlə genişlənir

Azərbaycanda Çin investisiyaları və yeni enerji üzrə əməkdaşlıq genişlənir.

APA xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey 2025-ci il üzrə illik mətbuat konfransında deyib.

Səfir bildirib ki, iki ölkə arasında investisiya, iqtisadi və texnoloji əməkdaşlıq dinamik şəkildə dərinləşir. Onun sözlərinə görə, Çin şirkətləri Azərbaycanda tikinti materialları istehsalı, pərakəndə ticarət, avtomobil sənayesi və fotoelektrik stansiyalar sahəsində müxtəlif layihələr icra edirlər.

“Azərbaycandakı BYD zavodunda istehsal olunan ilk 50 ədəd elektroavtobus artıq təhvil verilib. Zavod ilin sonuna qədər 300 elektroavtobus istehsal etməyi və onları Bakı, Naxçıvan və Qarabağda istifadəyə verməyi planlaşdırır. Bu, əhalinin ekoloji nəqliyyat imkanlarına çıxışını daha da genişləndirəcək”, – deyə Lu Mey qeyd edib.

Diplomat vurğulayıb ki, yeni enerji sahəsində əməkdaşlıq da sürətlə inkişaf edir. Bir neçə Çin şirkəti Azərbaycanla birlikdə günəş və külək enerjisini əhatə edən ümumi 1570 MVt gücündə beş layihə üzrə sazişlər imzalayıb:
“Layihələr tam istismara verildikdən sonra Azərbaycanın bərpa olunan enerji üzrə istehsal gücü iki dəfə artacaq. Çinin iştirakı ilə reallaşdırılan 240 MVt gücündə ilk iri külək energetikası layihəsinin isə bu il istismara verilməsi planlaşdırılır”.

Səfir əlavə edib ki, Çin şirkətləri Ələt Azad İqtisadi Zonasında 3 GVt gücündə günəş panelləri istehsalı üzrə zavodun tikintisini də planlaşdırır ki, bu da Azərbaycanın yüksək texnologiyalı emal sənayesinin inkişafına mühüm töhfə verəcək.

Lu Mey nəqliyyat infrastrukturunda əməkdaşlığın da gücləndiyini bildirib:
“Yanvar–noyabr aylarında Çindən Azərbaycana 351 Transxəzər yük qatarı göndərilib ki, bu da ötən illə müqayisədə 34 faiz çoxdur. Bu il ilk dəfə olaraq Cinhua, İu, Pekin və Şençjen şəhərlərindən Transxəzər marşrutu ilə qatarlar yola salınıb. Çin malları Orta Dəhlizin ən böyük yük mənbəyinə çevrilib”.

Səfir deyib ki, Çin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycanla yüksək səviyyəli əməkdaşlığı davam etdirməyə və ölkənin regional nəqliyyat qovşağına çevrilməsinə dəstək verməyə hazırdır.