12:55
735
Yaponiyanın kompakt avtomobillərinə diqqət yetirən Donald Tramp ABŞ-da mini avtomobillərin istehsalını qurmaqla onların uğurunu təkrarlamaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti bu barədə özünün sosial media hesabında yazıb.
“Mən ABŞ-da miniatür avtomobillərin istehsalını təsdiqlədim. Yaxın gələcəkdə həmin avtomobillər çox ucuz, təhlükəsiz, qənaətcil və möhtəşəm olacaq!!! Onları elə indi istehsal etməyə başlayın!”, - deyə Donald Tramp bildirib.
“NBC News” telekanalının məlumatına görə, Donald Tramp oktyabr ayında Yaponiyaya səfəri zamanı həmin avtomobilləri şəxsən görüb və bu texnologiyanı ABŞ-a gətirməyə çalışıb.
Təxminən 60 at gücünə malik miniatür Yaponiya avtomobillərinin orta qiyməti təxminən 10 min dollardır. Onlar uzun və rahat səyahətlər üçün nəzərdə tutulmayıb və Yaponiyada əsasən kənd yerlərində gündəlik işlərdə ikinci nəqliyyat vasitəsi kimi istifadə edilir. Bu kiçik avtomobillər II Dünya müharibəsindən sonra ölkənin avtomobil sənayesini stimullaşdırmaq üçün hazırlanıb. Onlar daha ucuz texniki xidmət və aşağı istismar xərcləri sayəsində populyarlıq qazanıblar.