
“Artıq doqquz gündür ki, İranda etiraz aksiyaları davam edir. Etirazların coğrafiyası, iştirakçıların sayı və təşkilatlanma səviyyəsi onu deməyə əsas verir ki, bu dəfəki proseslər əvvəlkilərlə müqayisədə daha mütəşəkkil və ardıcıl xarakter daşıyır. Bu isə hadisələrin yalnız sosial-iqtisadi narazılıqlardan qaynaqlanan təsadüfi çıxışlar kimi qiymətləndirilməsini yetərli etmir və paralel olaraq xarici maraqların mümkün təsir mexanizmlərini gündəmə gətirir. Xüsusilə də, ABŞ Prezidenti Donald Trampın İranda etirazçılara qarşı zorakılıq tətbiq ediləcəyi təqdirdə hərbi müdaxiləyə hazır olduqlarına dair verdiyi açıqlamalar regionda baş verən proseslərin təsadüfi deyil, planlı siyasi təzyiq strategiyasının tərkib hissəsi olduğunu düşünməyə əsas verir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.
A.Qurbanova deyib ki, digər diqqətçəkən əsas məqam Netanyahunun ABŞ-yə səfəri ərəfəsində İranda etirazların başlaması və səfərdən dərhal sonra Vaşinqtondan hərbi müdaxilə ehtimalını ehtiva edən bəyanatların səsləndirilməsidir: “Bu ardıcıllıq İran ətrafında baş verənlərin əvvəlcədən razılaşdırılmış ssenari üzrə inkişaf etdiyini ehtimal etməyə imkan verir. Proseslərin mərkəzində isə İsrailin İranla bağlı uzunmüddətli təhlükəsizlik strategiyası dayanır. İsrail üçün əsas strateji prioritet İranın nüvə potensialının neytrallaşdırılmasıdır”.
Politoloq qeyd edib ki, xüsusilə Tehranın 60 faiz zənginləşdirilmiş uran ehtiyatlarına sahib olması ilə bağlı məlumatlar İsrail tərəfindən birbaşa milli təhlükəsizlik təhdidi kimi qiymətləndirilir: “Mövcud dinamika onu göstərir ki, İsrail və müəyyən dərəcədə ABŞ İranda daxili etirazlar fonunda hakimiyyət dəyişikliyinin təşviq edilməsində maraqlı ola bilər. Lakin bu ssenari İran kimi mürəkkəb sosial-siyasi struktura malik ölkə üçün uzunmüddətli qeyri-sabitlik, vətəndaş qarşıdurması və region miqyasında ciddi təhlükəsizlik riskləri deməkdir. Bu amil ABŞ üçün də strateji baxımdan arzuolunan ehtimal hesab edilmir. Məhz buna görə də, rəsmi Vaşinqtonun əsas yanaşması birbaşa hərbi müdaxilədən daha çox, hərbi ritorikanı təzyiq aləti kimi istifadə etməklə İranı nüvə proqramının dayandırılmasına və zənginləşdirilmiş uran ehtiyatlarının təhvil verilməsinə razı salmaqdan ibarətdir”.
Onun bildirdiyinə görə, ABŞ siyasi elitasının Orta Şərqdə yeni, uzunmüddətli və yüksək maliyyə xərci tələb edən müharibədə maraqlı olmadığı açıq şəkildə müşahidə olunur: “Bu baxımdan yanaşdıqda, baş verənlər daha çox “məcburetmə diplomatiyası” çərçivəsində qiymətləndirilməlidir. Nəticə etibarilə, mövcud proseslərin gələcək istiqaməti həlledici şəkildə İran siyasi rəhbərliyinin verəcəyi qərardan asılı olacaq. Rəsmi Tehran ya kompromisə gedərək gərginliyin azaldılması yolunu seçəcək, ya da regionu dərin və uzunmüddətli qarşıdurmaya sürükləyə biləcək sərt konfrontasiya xəttinə üstünlük verəcək. Hər iki seçim isə öz növbəsində yalnız İran üçün deyil, bütövlükdə regionun təhlükəsizlik arxitekturası üçün ciddi nəticələr vəd edir”.
Röya İsrafilova