12:25
868
TRIPP-in icrası üzrə çərçivə sənədi sülh prosesinin daha bir əsas sənədidir.
APA “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında deyib.
O bildirib ki, adıçəkilən sənəd 2025-ci il 8 avqust tarixli bəyanatdan sonra növbəti vacib addımdır.
Paşinyanın sözlərinə görə, həmin bəyanat çərçivə səviyyəsində sülh prosesinin əsas və prinsipial məsələlərindən biri — regional kommunikasiyaların açılması məsələsini həll edir və bu, bütün fundamental məsələləri əhatə edir: “Bəyanatın mənası və praktik əhəmiyyəti ondadır ki, ölkəmizdə və regionumuzda sülh çox konkret və praktik addımlarla təmin olunur və bu artıq reallıqdır”.
Paşinyan mövcud sülhün qorunmasının vacibliyini qeyd edərək bildirib ki, Ermənistan tarixən uzunmüddətli sülh şəraitində yaşamayıb və bu proses yeni mədəniyyət və düşüncə tələb edir: “Münaqişə məntiqi hələ də dilimizdə və ifadələrimizdə çox güclüdür, sülh isə şüurumuza çox yavaş daxil olur. Son 35 ilin təcrübəsini nəzərə alsaq, bu normaldır. Amma önəmli olan odur ki, artıq yerində mövcud olan reallıqlar sosial-psixoloji sülh bazasının formalaşmasına xidmət etməlidir”.
Baş nazir əlavə edib ki, TRIPP çərçivəsində əldə olunmuş razılaşmalar mümkün qədər tez bir zamanda de-yure müqavilələr şəklində təsdiqlənməlidir: “Biz müqavilə layihələri və zəruri hüquqi qərarlar üzərində işə başlamalıyıq. Xüsusilə, Ermənistan Respublikasında TRIPP adında bir şirkət yaradılmalıdır. Həmçinin marşrutlar, tikinti hüquqları, torpaqdan istifadə və tikinti icazələrinin müəyyən edilməsi vacibdir”.
O, dövlət strukturlarının gələcək proseslərə artıq bu gün hazırlaşmalı olduğunu vurğulayıb.