Astanada yeni “SSRİ”nin təməli qoyuldu Dünya

Astanada yeni “SSRİ”nin təməli qoyuldu

Astanada Azərbaycanın şərti gündəmə gəldi, Nazarbayev Azərbaycan prezidentinin xüsusi məktubu barədə məlumat verib

Qazaxıstan prezidenti: "Azərbaycan hesab edir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına yalnız beynəlxalq birliyin tanıdığı ərazi çərçivəsində daxil ola bilər"

Cavid

Dünən Rusiya, Qazaxıstan və Belarus prezidentləri Vladimir Putin, Nursultan Nazarbayev və Aleksandr Lukaşenko Qazaxıstanın Astana şəhərində Avrasiya İqtisadi İttifaqının yaradılması haqda saziş imzalayıblar.
Müqavilə hər üç dövlətin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.
Rusiya, Qazaxıstan və Belarus Avrasiya İqtisadi İttifaqının və artıq buna qədər Rusiyanın təşəbbüsü ilə yaradılmış Gömrük İttifaqının təsisçiləridir. Bu dövlətlərin başçıları Ali Avrasiya İqtisadi Şurasında təmsil olunurlar. Sözügedən şura Avrasiya İqtisadi İttifaqını və Gömrük İttifaqını idarə edir.
Rusiya prezidenti Vladimir Putin Ali Avrasiya İqtisadi Şurasının genişləndirilmiş iclasına yekun vurarkən deyib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması ilə bağlı müqaviləni ən yaxın zamanda imzalamaq lazımdır.
Putin deyib ki, iclasda tərəflər Avrasiya İttifaqı iştirakçıları dairəsinin genişləndirilməsi və Ermənistanın ona qoşulması ilə bağlı məsələləri müzakirə ediblər: "Bu sənədi ən yaxın zamanda imzalamaq lazımdır. Ermənistan tərəfi bunu iyun ayında etmək istəyir, biz bütövlükdə razılığa gəlmişik. Ümid edirik ki, Ermənistan tezliklə ittifaqın tamhüquqlu üzvü ola bilər".
Putin sammitdə digər xarici tərəfdaşlarla, o cümlədən Qırğızıstanla da əməkdaşlıq perspektivlərinin müzakirə olunduğunu vurğulayıb: "Qırğızıstanın bizim ittifaqa qoşulmaq şansı var".
Ermənistan prezidenti Serj Sərkisyan isə bəyan edib ki, ölkəsi gələn ay Avrasiya İqtisadi İttifaqına qoşulacaq. Sərkisyan iclasda çıxışında Rusiya, Qazaxıstan və Belarus prezidentlərinə - Avrasiya İqtisadi İttifaqının təsisçilərinə üz tutaraq iyunun 15-ni Ermənistanın bu ittifaqa qoşulacağı, müqaviləni imzalayacağı gün kimi rəsmiləşdirməyi xahiş edib.
İclasda məlum olub ki, Azərbaycan prezidenti İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının 29 may iclasına xüsusi məktub göndərib. İclas iştirakçılarını məktub barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev məlumatlandırıb.
Nazarbayev məktubda Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması üçün Azərbaycanın şərtinin yer aldığını vurğulayıb: "Azərbaycan hesab edir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına yalnız beynəlxalq birliyin tanıdığı ərazi çərçivəsində daxil ola bilər. Məktubda Ermənistana 2003-cü ildə Dünya Ticarət Təşkilatına üzv olarkən məhz belə şərt qoyulduğu xatırladılır".
Qırğızıstan prezidenti Almazbek Atambayev isə deyib ki, Qırğızıstan 2014-cü ilin sonuna qədər Avrasiya İqtisadi İttifaqına qoşulacaq: "Qarşıdan gələn yeni ili Avrasiya İqtisadi İttifaqında keçirmək istərdik".
Avrasiya İqtisadi İttifaqının üç paytaxtı olacaq. İclasda Qazaxıstanın Almatı şəhərinin Avrasiya İqtisadi İttifaqının maliyyə mərkəzi olması qərarı çıxarılıb. Almatıda Avrasiya İqtisadi İttifaqının maliyyə bazarlarının tənzimlənməsi üzrə dövlətlərüstü orqan yerləşəcək.
Avrasiya İqtisadi Komissiyası isə Rusiya paytaxtı Moskvada yerləşəcək, qurumun iqtisadi mərkəzi olacaq.
Belarusun paytaxtı Minskdə isə Avrasiya Məhkəməsi qərar tutacaq, burada ittifaqın hüquqi məsələləri öz həllini tapacaq.
Xatırladaq ki, Avrasiya İttifaqı Putinin ideyası kimi qəbul olunsa da keçmiş sovet respublikalarının yeni inteqrasiya modelinin - Gömrük İttifaqının "xaç atası" kimi Nursultan Nazarbayev tanınır. Görünür, bu səbəbdən "yeni SSRİ"nin təsis olunmasını Astanaya təyin ediblər.
Avrasiya İqtisadi Şurası Avropa Birliyindən sonra dünyada ikinci böyük iqtisadi birlik kimi xarakterizə olunur. Bu birlik 170 milyondan çox insanı özündə birləşdirəcək. Birliyin 900 səhifəlik sənədləri üzərində 3 ildən çox iş gedir. Sənədlərdə üzv ölkələr arasında miqrasiya və gömrük maneələrinin aradan qaldırılması əsas şərt kimi göstərilib. Rusiya, Qazaxıstan və Belorus əhalisi ittifaq daxilində rahatlıqla hərəkət edə biləcəklər. Onlar harda oxuyacaqlarını, yaşayacaqlarını və işləyəcəklərini özləri seçəcəklər. İqtisadiyyatın mühüm sahələri olan energetika, sənaye, nəqliyyat və kənd təsərrüfatı kimi sahələrlə bağlı dövlətlər razılaşdırılmış siyasət yeridəcəklər. Bu da 3 ölkənin gəlirlərini 15 faizədək artıracaq. Rusiya Avrasiya İttifaqının sırf iqtisadi inteqrasiya məqsədi daşıdığını təbliğ etsə də əksəriyyət belə düşünür ki, bu layihə Kremlin keçmiş sovet məkanı üzərində hökmranlığını yenidən bərpa etmək cəhdlərindən biridir və onun arxasında iqtisadiyyat yox, Moskvanın siyasi ambisiyaları dayanır.
"Tamamilə aydındır ki, bu, siyasi layihədir. İqtisadiyyat burada tamamilə dumanlıdır" - deyə Avropa Təhlükəsizlik İnstitutunun baş analitiki Nik Popesku deyir. "Rusiya özünü qlobal miqyasda siyasi və geosiyasi qütblərdən biri kimi görür və onun keçmiş sovet məkanında özünə müttəfiqlər axtarması təkcə iqtisadiyyatla bağlı deyil. Rusiya şübhəsiz ki, bu ölkələr üzərində iqtisadi təsirə malik olmaq istəyir. Ancaq bu, baş verəndən sonra Rusiyanın strateji və siyasi səyləri bu ittifaqın iqtisadi tərəflərini kölgədə qoyacaq" - deyə Nik Popesku əlavə edib. Bununla belə Ukrayna hadisələrinin üçlər ittifaqını silkələdiyini də nəzərə almaq lazımdır. Krımın ilhaqından sonra Belarus Avrasiya İttifaqına daha ehtiyatla yanaşmağa başlayıb və hətta bu günlərdə Minskdə keçirilən toplantıda Lukaşenko Avrasiya İttifaqının təsis edilməsini 2025-ci ilə təxirə salmağa çağırmışdı.
Ekspert Fərhad Məmmədovun fikrincə, Belarus bu ittifaqa qoşulmaq üçün Rusiyadan iqtisadi güzəştlər, o cümlədən neft məhsullarının ixracında vergidən azad olma tələb edir. Söhbət hər il bir neçə milyard dollarlıq vergidən gedir. Digər tərəfdən, Gömrük İttifaqı 2010-cu ildən fəaliyyət göstərsə də Belarus və Qazaxıstan onun iqtisadi faydalarının istənilən səviyyədə olmadığını görür. Çünki Rusiya Gömrük İttifaqı ölkələrinə öz bazarını kifayət qədər açmayıb. Məsələn, ötən il Rusiya Belarusdan kənd təsərrüfatı texnikasının idxalına məhdudiyyətlər qoymuşdu. Qazaxıstan da Rusiyanın öz bazarlarına açmadığından şikayətlənir: "Ermənistana gəldikdə isə bu ölkənin Gömrük İttifaqına üzvlüyü hələ baş tutmayıb. Ötən ilin payızında Sərkisyan Moskvada bu ittifaqa qoşulmağa razılıq verəndən sonra tərəflər elan etdilər ki, Ermənistanın Gömrük İttifaqına üzvlüyünün hüquqi-normativ bazası tezliklə hazır olacaq. Lakin bu işlər ləng getdi və Ermənistan Avrasiya İttifaqının təsis olunmasına qədər Gömrük İtttifaqına üzv ola bilmədi. Ermənistanda şikayətlənirlər ki, Qarabağ məsələsi ölkənin Gömrük İttifaqına üzvlüyünə mane olur. Çünki Azərbaycan Qazaxıstan vasitəsilə Ermənistanın üzvlük prosesini əngəlləyir. Məsələ ondadır ki, Ermənistan Gömrük İtttifaqına üzv olsa, onun Azərbaycanla sərhədlərində də gömrük postu qoyulmalıdır. Deməli, Ermənistan işğal altında saxladığı Dağlıq Qarabağla sərhəddə gömrük postu yerləşdirərək öz sərhədlərini Qarabağ separatçılarına faktiki bağlamalı olacaq. Çünki Gömrük İttifaqı ölkələri ittifaqın sərhədlərinin Ermənistanın işğal altında saxladığı əraziləri də əhatə etməsini tanıya bilməz. Ermənistan isə israr edir ki, Qarabağla sərhəddə gömrük postu qoymaq niyyətində deyil. Qazaxıstan isə Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən ölkə kimi İrəvandan bu məsələyə birmənalı aydınlıq gətirilməsini istəyir. Ona görə də Astana sammitində bu məsələ ətrafında gərgin müzakirələrin olacağı gözlənilir. Amma indidən aydındır ki, Ermənistan Avrasiya İttifaqının təsisçi üzvü ola bilmir və bu ittifaqa sonradan qoşula bilər".
İsveçrə-Azərbaycan Ticarət Təşkilatının sədri, politoloq Elxan Həsənli isə bildirib ki, Rusiya Ukraynada keçirilən president seçkilərdən sonra Kiyevi həmişəlik itirməklə yanaşı, Avrasiya İttifaqı layihəsini də bir labirintə sürükləyib: "İndi bu labirintdən çıxmaq üçün müəyyən addımlar atır. Seçkilərin tanınması da buna xidmət edir. Çox güman ki, Kreml separatçılardan Ukraynanı Avrasiya İttifaqına cəlb etmək üçün bundan sonra da istifadə edəcək. Ancaq Kremlin Ukrayna siyasətinin iflasa uğradığı qətidir. Qərb ölkələri Ukrayna vasitəsilə digər postsovet ölkələrində də möhkəmlənməyə çalışacaqlar. Rusiyanın sıxışdırılması üçün Ukrayna yeni imkanlar açır. Rusiyadan çıxarılan xarici kapitalın Ukraynaya yönləndirilməsi istiqamətində danışıqlar gedir. Bundan sonra Ukraynanın Avrasiya İttifaqına qoşulmasına ehtiyac qalmayacaq". "Alternativ" Aktual Tədqiqatlar Mərkəzinin (Qazaxıstan) rəhbəri Andrey Çebotaryevin fikrincə isə Putinin bu layihəsi yalnız bir neçə dövlətlə razılaşdırılacaq: "Yəni bu layihə geniş sahəni əhatə etməyəcək, digər dövlətlər buraya qoşulmayacaqlar. Amma bu layihədə təmsil olunan dövlətlər rəsmi Moskvanın iradəsinə tabe olacaqlar. Axı niyə də başqaları bura qoşulsunlar. Çünki artıq MDB məkanında olan respublikaların hər birinin Avropaya sərbəst çıxışı var və bəziləri hətta NATO üzvüdürlər. Rusiyanın Avrasiya və yaxud da Gömrük Birliyi ideyası yalnız Rusiyanın təsiri altında olan respublikalar tərəfindən qəbul edilə bilər. Moskva bu kimi layihələrlə Avropaya alternativ yaradır, amma yersizdir. Moskva tərəfindən bir neçə belə qurumlar yaradılıb. Elə MDB-ni götürək, nə iş görə bildi ki, bu təşkilat, heç nə. Moskva tərəfindən yaradılan belə təşkilatların uğuru olmur. Uzun ömürlü ola bilərlər, amma heç bir effekti olmur".