10:45
644
Avropa İttifaqının (Aİ) Genişlənmə üzrə komissarı Marta Kos bu gün Türkiyəyə səfər edəcək.
APA-nın "Politico"ya istinadən verdiyi xəbərə görə, səfər zamanı Türkiyənin Aİ-yə üzvlük danışıqlarının bərpası nəzərdə tutulmur, lakin bununla belə, əsas məqsəd Türkiyə ilə tərəfdaşlığın dərinləşdirilməsidir.
“Türkiyə bizim üçün çox vacib bir tərəfdaş olacaq. Avropada sülh və sabitliyə hazırlıq Türkiyə ilə möhkəm tərəfdaşlığın qurulmasını nəzərdə tutur”, – Marta Kos qeyd edib.
Marta Kosun Ankaraya səfəri zamanı Avropa İnvestisiya Bankı (AİB) və Türkiyə arasında bərpa olunan enerji sahəsində 200 milyon avro dəyərində layihələr üçün kredit razılaşması imzalanacaq.
Xatırladılıb ki, AİB Kipr yaxınlığında neft-qaz axtarışı ilə bağlı mübahisə səbəbindən 2019-cu ildə Türkiyəyə yeni kreditlər verməyi dayandırıb.
Bu gün səfər zamanı Türkiyə, Mərkəzi Avropa və Cənubi Qafqazla “regional əlaqələr proqramının inkişaf etdirilməsi” mövzusunda araşdırma da təqdim ediləcək.
Nəşrin əldə etdiyi araşdırmaya əsasən, Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dəniz arasında Transxəzər koridoru boyunca nəqliyyat, ticarət, enerji və rəqəmsal əlaqələrin gücləndirilməsi üçün hansı investisiyaların lazım olduğu göstərilib.
Marta Kosun fikrincə, Aİ-nin Türkiyə ilə münasibətlərinə yeni bir baxış vacibdir.
“Ankaraya etdiyim səfərin məqsədi etimadın bərpası və hər iki tərəf üçün faydalı olacaq iqtisadi əlaqələrin yaxşılaşdırılması imkanlarını araşdırmaqdır”, – Aİ komissarı bildirib.