17:46
623
Almaniya kansleri Fridrix Merz açıqlayıb ki, Avropa Ukraynadakı münaqişənin həlli ilə bağlı Rusiya ilə danışıqlara hazırdır, lakin “paralel əlaqə kanalları” açmayacaq.
Xalqcebhesi.az xəbər verir ki, onun sözlərini Almaniya hökumətinin mətbuat xidməti yayıb.
“Fransa prezidenti Emmanuel Makronun xarici siyasət üzrə müşaviri Moskvaya səfər edibsə, bu bizimlə yaxından razılaşdırılıb. Biz bunu artıq uzun müddətdir müzakirə edirdik. Əlbəttə, biz hər zaman Rusiya ilə də danışıqlara hazırıq. Hazırda burada, Əbu-Dabidə, bizimlə razılaşdırılmış məsləhətləşmələr keçirilir — dediyim kimi, Amerika xüsusi nümayəndəsi, Ukrayna hökuməti və Rusiya hökuməti arasında”, — deyə Merç BƏƏ-yə səfəri zamanı jurnalistlərə bildirib.
“Əgər biz bu danışıqların daha effektiv və uğurlu olmasına kömək edə bilsək, bunu edəcəyik. Lakin burada paralel əlaqə kanalları açmayacağıq”, — deyə kansler vurğulayıb. O əlavə edib ki, məqsəd Ukraynadakı münaqişəni tezliklə başa çatdırmaqdır. “Biz Ukraynaya dəstəyi davam etdirəcəyik, lakin əlbəttə ki, danışıqlara da hazırıq və bütün hazırlıq və sonrakı müzakirələrdə iştirak edirik”, — deyə Merz bildirib. Eyni zamanda o qeyd edib ki, Almaniya kanslerinin xarici siyasət üzrə müşaviri bütün nümayəndə heyətləri ilə yaxından əlaqədədir.
Bununla yanaşı, Almaniya kansleri Avropanın Rusiyaya birbaşa danışıqlara yanaşmasını ehtiyatla və daha çox skeptik tonda qiymətləndirir. “Əgər biz Avropa tərəfdən buna töhfə verə bilsək, bunu edəcəyik, amma yalnız bir-birimiz, Ukrayna və ABŞ ilə koordinasiyada. Əlavə imkanlar yaranarsa, ‘yox’ deyən sonuncu biz olacağıq. Lakin heç bir razılaşdırılmamış və birtərəfli addım atmayacağıq ki, bu da ümumi məqsədimizə zidd nəticə doğursun”, — deyə Merz yekunlaşdırıb.
Məryəm Quliyeva