13:58
623
“İyun ayına qədər Rusiya-Ukrayna müharibəsinin bitəcəyini düşünmürəm. Sadəcə ABŞ başa düşür ki, bu müharibənin qısa zamanda bitmə ehtimalı yoxdur, tərəflər arasında ciddi mövqe fərqləri var, xüsusilə də 3 məsələdə. Zaporojye Atom Elektrik Stansiyasının idarəçiliyini ABŞ özü etmək istəyir, Rusiya ona qarşıdır”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Sultan Zahidov söyləyib.
S.Zahidov əlavə edib ki, ikincisi, Donbasdan Ukrayna ordusunun çıxarılması məsələsinə heç bir halda Zelenski razılıq verən deyil: “Nəhayət, üçüncü məsələ təhlükəsizlik təminatı məsələsidir ki, ABŞ bildirib ki, Konqresdən ratifikasiya etməyə hazırdır, lakin ABŞ ordusu orada olmayacaq, sadəcə dronlar və digər yollarla Ukraynanın təhlükəsizliyinin təminində iştirak edə bilər. Ukraynada Avropa qoşunları iştirak edə bilər. İngiltərə, Fransa artıq buna razılıq verib. Bu da Rusiyanın istədiyi bir ssenari deyil. Çünki Rusiyanın 2022-ci ildə Ukraynaya hücum səbəblərindən biri də o idi ki, Ukrayna NATO-ya üzv ola bilər, Ukraynada NATO qoşunları yerləşdirilə bilər. İndiki halda da İngiltərə, Fransa və koalisiya qüvvələrinin burada yerləşdirilməsi Rusiya üçün qırmızı xəttdir və Rusiya heç bir halda buna razılıq verməyəcək”.
Politoloq qeyd edib ki, Əbu-Dabi danışıqlarından da bir nəticə çıxmadı, sadəcə əsir mübadiləsi oldu, ona görə də danışıqların bir nəticə vermədiyi üçün ABŞ tərəfi belə bir kompromis irəli sürdü ki, sizə iyuna qədər vaxt verirəm və bu vaxta qədər bu fundamental məsələlərin həllində razılaşma əldə edilsin: “Həmin vaxta qədər Rusiya hücumları daha da intensivləşdirəcək, çalışacaq ki, Donbası tam ələ keçirsin. Amma bunun baş verəcəyinə inanmıram. Digər məsələlərdə Ukraynanın hər hansı bir güzəştə getməsi real görünmür. Söhbət burada Ukraynanın suverenliyindən, ərazi bütövlüyündən gedir ki, 4 ildir Ukrayna qoşunları bunun üçün mübarizə aparırlar, canlarından olurlar. Ölkə rəhbərinin işğalçıya torpaq verməsi indiki halda heç bir ölkənin, o cümlədən Ukraynanın da milli maraqlarına xidmət etmir”.
Röya İsrafilova