12:53
672
Brüssel və Ukrayna Budapeştə “açıq müharibə” elan edib.
APA xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Viktor Orban “X”-də bildirib.
Orban bu fikri “Politico” nəşrinin “Avropa İttifaqı Ukraynanı 2027-ci ilə qədər qismən üzvlüyünə hazırlaşır” ideyası və Macarıstanın veto probleminin necə həll olunacağına dair məqaləsi fonunda qeyd edib.
“Politico”nu Brüssel elitasının rəsmi nəşri adlandıran Orban məqalədəki ideyaları “ən yeni müharibə planı” kimi dəyərləndirib: “Bu yeni plan Macarıstana “açıq müharibə” elanıdır. Onlar Macarıstan xalqının qərarını nəzərə almır və Macarıstan hökumətini istənilən vasitə ilə aradan qaldırmaq istəyirlər”.
Baş nazir iddia edib ki, Aİ hökumətə müxalif “Tisa” partiyasının hakimiyyətə gəlməsini istəyir, çünki o zaman veto və müqavimət olmayacaq.
Qeyd edək ki, “Politico” nəşri Brüsselin Ukraynanın Aİ-yə tam üzv olmadan əvvəl qismən üzvlük statusu əldə etməsinə imkan verəcək inqilabi mexanizm üzərində işlədiyinə dair yazı dərc edib. Nəşrin yazdığına görə, bu plan Ukraynanın bütün zəruri islahatları yerinə yetirmədən əvvəl Aİ-i ilə birləşməsini təmin edəcək.
Xatırladaq ki, Macarıstanda parlament seçkiləri keçiriləcək. Sorğulara əsasən, Orbanın rəhbərlik etdiyi hakim milli-konservativ “Fides” partiyası keçmiş müttəfiqi Peter Macarın liderlik etdiyi müxalif “Tisa” partiyasına uduza bilər. “Tisa” partiyası “Fides”lə müqayisədə daha avropayönümlü mövqedən çıxış edir və Ukraynaya dəstək verir. Orban və onun partiyası isə Avropada ən çox Kremlə yaxın siyasi qüvvələrdən biri kimi tanınır.