Rusiya-Ukrayna müharibəsi yaya qədər bitəcək? Dünya

Rusiya-Ukrayna müharibəsi yaya qədər bitəcək?

Rusiya-Ukrayna müharibəsi eyni gərginlikdə davam edir. Keçirilən müxtəlif görüşlər, baş tutan müzakirələr müharibənin bitməsi yolunda müsbət bir nəticə vermir.

Son günlər o da qeyd edilir ki, ABŞ Ukrayna və Rusiyaya müharibəni yaya qədər bitirmək üçün təzyiq edir.

Bəs həqiqətən də qeyd edilən vaxtadək müharibənin bitmək ehtimalı varmı?

“Xalq Cəbhəsi” sual ətrafında politoloqlarla müzakirə aparıb.

Politoloq Sultan Zahidov söyləyib ki, iyun ayına qədər Rusiya-Ukrayna müharibəsinin bitəcəyini düşünmürəm: “Sadəcə ABŞ başa düşür ki, bu müharibənin qısa zamanda bitmə ehtimalı yoxdur, tərəflər arasında ciddi mövqe fərqləri var, xüsusilə də 3 məsələdə. Zaporojye Atom Elektrik Stansiyasının idarəçiliyini ABŞ özü etmək istəyir, Rusiya ona qarşıdır. İkincisi, Donbasdan Ukrayna ordusunun çıxarılması məsələsinə heç bir halda Zelenski razılıq verən deyil. Nəhayət, üçüncü məsələ təhlükəsizlik təminatı məsələsidir ki, ABŞ bildirib ki, Konqresdən ratifikasiya etməyə hazırdır, lakin ABŞ ordusu orada olmayacaq, sadəcə dronlar və digər yollarla Ukraynanın təhlükəsizliyinin təminində iştirak edə bilər”.

“Rusiya heç bir halda buna razılıq verməyəcək”

S.Zahidov əlavə edib ki, Ukraynada Avropa qoşunları iştirak edə bilər: “İngiltərə, Fransa artıq buna razılıq verib. Bu da Rusiyanın istədiyi bir ssenari deyil. Çünki Rusiyanın 2022-ci ildə Ukraynaya hücum səbəblərindən biri də o idi ki, Ukrayna NATO-ya üzv ola, Ukraynada NATO qoşunları yerləşdirilə bilər. İndiki halda da İngiltərə, Fransa və koalisiya qüvvələrinin burada yerləşdirilməsi Rusiya üçün qırmızı xəttdir və Rusiya heç bir halda buna razılıq verməyəcək”.

“Ukraynanın güzəştə getməsi real görünmür”

Politoloq qeyd edib ki, Əbu-Dabi danışıqlarından da bir nəticə çıxmadı, sadəcə əsir mübadiləsi oldu, ona görə də danışıqların bir nəticə vermədiyi üçün ABŞ tərəfi belə bir kompromis irəli sürdü ki, sizə iyuna qədər vaxt verirəm və bu vaxta qədər bu fundamental məsələlərin həllində razılaşma əldə edilsin: “Həmin vaxta qədər Rusiya hücumları daha da intensivləşdirəcək, çalışacaq ki, Donbası tam ələ keçirsin. Amma bunun baş verəcəyinə inanmıram. Digər məsələlərdə Ukraynanın hər hansı bir güzəştə getməsi real görünmür. Söhbət burada Ukraynanın suverenliyindən, ərazi bütövlüyündən gedir ki, 4 ildir Ukrayna qoşunları bunun üçün mübarizə aparırlar, canlarından olurlar. Ölkə rəhbərinin işğalçıya torpaq verməsi indiki halda heç bir ölkənin, o cümlədən Ukraynanın da milli maraqlarına xidmət etmir”.

“ABŞ-nin daha ciddi hədəfləri var”

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Xəyal Bəşirov qeyd edib ki, Tramp administrasiyası həm Rusiyaya, həm də Ukraynaya ayrı-ayrı istiqamətlərdə təzyiqlər edir ki, Rusiya-Ukrayna müharibəsini bitirsin: “Çünki ABŞ-nin daha ciddi hədəfləri var. ABŞ-nin Çinin enerji damarlarını kəsmək üçün kifayət qədər ciddi planları var və o planların həyata keçirilməsi üçün Trampın Rusiya-Ukrayna arasında baş verən münaqişəyə sərf etməyə vaxtı yoxdur. Çünki Tramp Rusiya-Ukrayna müharibəsindən əldə edə biləcəyini edib. Zelenskiyə oradakı əlvan metallarla bağlı sənədi imzalatdırıb və onun Rusiya-Ukrayna müharibəsindən hər hansısa ciddi bir gözləntisi yoxdur. Bu baxımdan düşünürəm ki, həm İranla, həm Qrenlandiya məsələsində Avropa ilə Venesuela məsələsini bitirmək üçün və digər mövzularda problemləri həll etmək üçün Trampa zaman lazımdır. Buna görə də o, Rusiya-Ukrayna mövzusuna vaxt sərf etmək istəmir”.

Onun sözlərinə görə, amma Ukrayna məsələni bitirmək niyyətində deyil: “Çünki Ukrayna məğlub durumdadır, böyük ərazi itirib, digər yaşayış məntəqələrinin əhəmiyyətli bir hissəsi darmadağın olub. Rusiya da öz istəyinə çatmaq üçün maksimum dərəcədə müharibəni davam etdirmək niyyətindədir. Bu problemlər Rusiya-Ukrayna mövzusunu uzadır. Düşünmürəm ki, müharibə yaya qədər bitsin. Danışıqlar aparıla bilər, hətta atəşkəs də əldə edilə bilər, amma bunlar müvəqqəti olacaq. Çünki Rusiya-Ukrayna mövzusu yaxın zamanlarda bitə biləcək mövzuya oxşamır. Hər halda hadisələrin gedişatı yenə də istənilən reallığı ortaya qoya bilər. Ancaq indiki reallıqlar bunu diqtə etmir”.

ABŞ-nin əsas hədəfi

Politoloq Aytən Qurbanova söyləyib ki, son zamanlarda ABŞ-nin Ukrayna və Rusiya arasında dörd ilə yaxındır davam edən müharibənin yaya qədər dayandırılması istiqamətində diplomatik təzyiqləri intensivləşdirməsi beynəlxalq gündəlikdə müzakirə edilən əsas məsələrdən birinə çevrilib: “Rəsmi Vaşinqtonun bu təşəbbüsü münaqişənin yaxın perspektivdə bitməsi ehtimalını yenidən müzakirə mövzusuna çevirmiş oldu. ABŞ üçün müharibənin uzanması həm maliyyə yükünün artması, həm də daxili siyasi müzakirələrin dərinləşməsi ilə müşayiət olunur. Eyni zamanda, Vaşinqtonun strateji diqqətinin Asiya-Sakit okean regionuna yönəlməsi zərurəti Ukrayna cəbhəsində nisbi sabitliyə olan marağı gücləndirir. Məhz bu baxımdan yanaşdıqda ABŞ-nin əsas hədəfi müharibənin tam həlli deyil, gərginliyin idarəolunan səviyyəyə endirilməsi kimi ifadə oluna bilər”.

“Kreml zamanın öz xeyrinə işlədiyini düşünür”

A.Qurbanova diqqətə çatdırıb ki, Rusiya isə öz növbəsində müharibəni yalnız Ukrayna ilə qarşıdurma kimi deyil, Qərblə uzunmüddətli geosiyasi mübarizənin tərkib hissəsi kimi qiymətləndirir: “Ona görə də, Rusiya üçün münaqişənin yaya qədər bitməsi strateji baxımdan məqbul sayılmır və rəsmi Kreml zaman faktorunun öz xeyrinə işlədiyini düşünür. Bu yanaşma müharibənin davamlılıq potensialını artıran əsas amillərdən biridir. Ukrayna isə təhlükəsizlik zəmanətləri və ərazi bütövlüyü məsələsində prinsipial mövqe nümayiş etdirir. Rəsmi Kiyev üçün münaqişənin sadəcə dondurulması heç bir halda qəbuledilən deyil və bu da sülh danışıqları üçün manevr imkanlarını məhdudlaşdırır. Nəticə etibarilə, mövcud siyasi və hərbi reallıqlar fonunda yaya qədər müharibənin tam və dayanıqlı sülh sazişi ilə başa çatması ehtimalı demək olar ki, mümkün deyil. Daha real ssenari kimi münaqişənin intensivliyinin azaldılması və ya müvəqqəti atəşkəs sazişinin imzalanmasl ön plana çıxır. Bu isə müharibənin bitməsi deyil, onun yeni mərhələyə keçidi olaraq ifadə oluna bilər”.

Röya İsrafilova