Japarov Milli Təhlükəsizlik Komitəsinin rəhbərini işdən çıxarmasının səbəbini açıqlayıb Dünya

Japarov Milli Təhlükəsizlik Komitəsinin rəhbərini işdən çıxarmasının səbəbini açıqlayıb

Qırğızıstan Prezidenti Sadır Japarovun yaxın və uzunmüddətli siyasi silahdaşı və dostu olan Nazirlər Kabineti sədrinin müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsi (DMTK) rəhbəri Kamçıbek Taşiyevin vəzifədən azad edilməsi cəmiyyətin iki düşərgəyə bölünməsinin qarşısını alıb.

APA xəbər verir ki, Prezident bunu Bişkekdə dövlət informasiya agentliyi “Kabar”a verdiyi müsahibədə bildirib.

“Əgər mən bu cür qətiyyətli addımlar atmasaydım, yaxın vaxtlarda xalq iki hissəyə bölünərdi”, — deyə o qeyd edib.

Onun sözlərinə görə, münaqişə parlamentdə yetişməyə başlayıb. Burada bir qrup deputat həmkarlarını iki düşərgəyə — prezident tərəfdarlarına və Taşiyevin tərəfdarlarına ayırmağa başlayıb. Sonradan bu parçalanma digər siyasi və ictimai xadimlər arasında da davam edib, növbədənkənar prezident seçkilərinin keçirilməsi tələbləri səslənməyə başlayıb.

“Əgər mən Kamçıbek Taşiyevi işdən azad etməsəydim, dövlət strukturlarında və cəmiyyətdə parçalanma yaratmağa çalışan şəxslərin fəaliyyəti nəticəsində bütün bunlar münaqişəyə gətirib çıxara bilərdi. Buna görə də dostumu vəzifədən uzaqlaşdırmalı oldum”, — deyə Japarov izah edib.

O, həmçinin bildirib ki, belə qərarı qəbul etməzdən əvvəl Taşiyevə zəng edərək vəziyyəti izah edib. Prezidentin sözlərinə görə, keçmiş DMTK rəhbərini onun ətrafındakı insanlar “yanlış yola yönəldiblər”.

Qeyd edək ki, Qırğızıstan rəhbəri fevralın 10-da Taşiyevi və onun DMTK üzrə üç müavinini vəzifədən azad edib. O, Sərhəd Xidmətini bu qurumun tərkibindən çıxarıb və ölkənin ali rəhbər şəxslərinin təhlükəsizliyini təmin edəcək Dövlət Mühafizə Xidmətini yaradıb.

Taşiyev istefa zamanı Almaniyada müalicədə olub, fevralın 13-nə keçən gecə Bişkekə qayıdıb.