Orta Dəhliz layihəsi: Ermənistanın məsuliyyəti və Rusiya faktoru Dünya

Orta Dəhliz layihəsi: Ermənistanın məsuliyyəti və Rusiya faktoru

Cənubi Qafqazda kommunikasiya və nəqliyyat xətləri regionun iqtisadi inkişafı, tranzit imkanlarının genişləndirilməsi və strateji əlaqələrin gücləndirilməsi baxımından mühüm rol oynayır. Azərbaycan bu sahədə bütün tərəfdaşlarla əməkdaşlığı inkişaf etdirməyə, Naxçıvanla əlaqələri normallaşdırmağa və Türkiyə–Azərbaycan kommunikasiya xəttinin fasiləsiz işləməsinə xüsusi önəm verir. Lakin Ermənistanın dəmir yollarının uzun müddət Rusiyanın nəzarətində qalması və regiondakı geosiyasi gərginliklər bu proseslərin qarşısında əsas maneələrdən biri olaraq qalır.

Ekspertlər bildirirlər ki, dəmir yollarının idarəçiliyinin Rusiyanın nəzarətindən çıxarılıb Qərb şirkətlərinə verilməsi yalnız Azərbaycanın maraqlarına uyğun deyil, həm də Orta Dəhliz – Çindən Avropaya uzanan beynəlxalq logistika xəttinin işləməsini təmin edə bilər. Bu proses həm regional əməkdaşlığı genişləndirir, həm də Ermənistanın icraçı məsuliyyətini artıraraq mövcud problemlərin aradan qaldırılmasına imkan yaradır.

Beləliklə, Cənubi Qafqazda Orta Dəhlizin açılması, Ermənistanın icra mərhələsinə keçməsi və Rusiya faktorunun təsirinin azalması region üçün strateji əhəmiyyət kəsb edən məsələlərdən biridir. Politoloqlar və ekspertlər bu mövzuda həm iqtisadi, həm də geosiyasi aspektləri ətraflı şərh edirlər.

Orta Dəhliz üçün əsas maneə

Politoloq Əli Mustafa “Xalq Cəbhəsi”nə açıqlaması zamanı bildirib ki, Azərbaycan Cənubi Qafqazda kommunikasiyaların tam və davamlı şəkildə işlək olmasında maraqlıdır.

Onun sözlərinə görə, xüsusilə Ermənistan dəmir yollarının fəaliyyətə başlaması Azərbaycan ilə Naxçıvan arasında əlaqələrin normallaşmasına, eyni zamanda Türkiyə–Azərbaycan kommunikasiya xəttinin işləməsinə xidmət edər: “2008-ci ildə Ermənistan dəmir yollarının 2038-ci ilə qədər Rusiya şirkətlərinin idarəçiliyinə verilməsi bu sahədə əsas maneələrdən biridir. Hazırkı Ermənistan–Rusiya münasibətlərindəki gərginlik fonunda Moskva nə Zəngəzur dəhlizinin açılmasında, nə də Ermənistan–Azərbaycan iqtisadi əlaqələrinin bərpasında maraqlıdır.

Dəmir yollarının Rusiyanın nəzarətindən çıxarılaraq Qərb şirkətlərinə verilməsi Azərbaycanın maraqlarına daha uyğundur. Çünki Qərb şirkətləri infrastrukturun müasir standartlara uyğun bərpasına və şəffaf idarəçiliyə üstünlük verirlər. Bu isə Ermənistan üzərindən keçən Orta Dəhlizin – Orta Dəhliz – Çindən Avropaya uzanan logistika xəttinin normal fəaliyyətinə imkan yarada bilər.

Rusiya uzun müddətdir bu kommunikasiya xətlərini Azərbaycan üçün təzyiq aləti kimi istifadə edir və gələcəkdə də bundan yararlanmağa cəhd göstərə bilər. Bu baxımdan Rusiyanın regiondakı təsirinin azalması Azərbaycanın strateji maraqlarına tam uyğundur. Əsas məqsəd Ermənistanla aramızda heç bir problemin qalmaması və regional nəqliyyat xətlərinin maneəsiz işləməsidir”.

Yeni reallıqlar

Politoloq Tofiq Abbasov bildirib ki, Azərbaycan uzun illər Ermənistanla qarşıdurma şəraitində yaşasa da, müharibədən sonrakı dövrdə sülhün bərqərar olması üçün üzərinə düşən bütün öhdəlikləri ardıcıl və işgüzar şəkildə yerinə yetirib.

Onun sözlərinə görə, artıq 5 ildən çoxdur ki, bölgədə yeni reallıqlar mövcuddur: “Danışıqlar aparılıb, razılaşmalar əldə olunub, komissiyalar yaradılıb və Azərbaycan bu proseslərin hamısına yüksək məsuliyyətlə yanaşıb. Təəssüf ki, Ermənistan eyni mövqeni sərgiləməyib, bir çox hallarda öhdəlikləri qulaqardına vurub və prosesləri sabotaj edib.

Ermənistanın bu davranışının arxasında xarici təsirlər açıq şəkildə hiss olunur. Xüsusilə Fransa, bəzi Avropa İttifaqı ölkələri və ABŞ-nin demokrat administrasiyasının istəyi ondan ibarətdir ki, Ermənistanı öz təsir dairələrində saxlasınlar və Azərbaycan üçün əlavə problemlər yaratsınlar. Təsadüfi deyil ki, Azərbaycan bu destruktiv mövqeləri, o cümlədən Emmanuel Makronun davranışını beynəlxalq ictimaiyyətə açıq şəkildə çatdırıb”.

"İmitasiya dövrü başa çatır"

Tofiq Abbasov vurğulayıb ki, Ermənistan kommunikasiya xətlərinin açılmasını dəstəklədiyini bəyan etsə də, bu açıqlamalar real addımlarla müşayiət olunmayıb: “Bu bəyanatlar daha çox söz fiqurları idi və erməni tərəfi onlardan istifadə edərək prosesləri ləngitməyə çalışırdı. Onlara verilən əsas tapşırıq vaxt udmaq və heç nə etməmək idi. Artıq imitasiya dövrü başa çatır və Ermənistan icraçılıq məsuliyyətini dərk etməlidi. Region tam şəkildə nəfəs almalıdır. Azərbaycan artıq bu mərhələdən keçib, Gürcüstanla uğurlu əməkdaşlıq formatı qurub. Ermənistanın da bu proseslərə qoşulması Cənubi Qafqazda yeni dövrün başlanmasına şərait yarada bilər".

Həmsöhbətimiz əlavə edib ki, Ermənistan dəmir yollarının idarəçiliyinin Rusiyadan Qərbə keçməsi əlavə cavabdehlik mexanizmləri yaradacaq. Qərb strukturları daha tələbkardır və məsuliyyəti daha sərt şəkildə tələb edirlər. Bu, Ermənistan üçün də problem olmayacaq. Azərbaycan üçün isə heç bir təzyiq elementi deyil. Əksinə, Ermənistanın işgüzarlığının artması ümumi regional qazancı yüksəldəcək”.

Politoloq hesab edir ki, bu proseslər nəticəsində region həm keyfiyyət, həm də kəmiyyət baxımından yeni mərhələyə qədəm qoya bilər: “Ermənistan daxilində dəmir yollarının idarəçiliyində dəyişikliklər baş verərsə və Qərb şirkətləri bu proseslərə cəlb olunarsa, bu, bütövlükdə region üçün müsbət dəyişikliklər vəd edir”.

Rusiya faktoru

Politoloq Zeynal Əmrəli deyib ki, Ermənistan dəmir yollarının kimə verilməsi bu ölkənin daxili işidir. Onun sözlərinə görə, dəmiryolu xəttinin uzun illər Rusiyanın nəzarətində olması Ermənistanın suverenliyi baxımından ciddi problemlər yaradıb: “Dəmir yolu bir dövlət üçün strateji nəqliyyat sahəsidir. Buradan strateji yüklər daşınır və belə bir sahənin xarici ölkənin nəzarətində olması istər-istəməz təhlükəsizlik və suverenlik riskləri yaradırdı. Ermənistanda da məhz bu səbəbdən Rusiyaya qarşı ciddi narazılıqlar mövcud idi”.

Z.Əmrəli vurğulayıb ki, son dövrlərdə Ermənistan Rusiyanın orbitindən çıxaraq Qərbə inteqrasiya siyasəti aparır: “Nikol Paşinyan hakimiyyətinin əsas xətti Qərb institutlarına yaxınlaşmaqdır. Bu istiqamətdə Ermənistan həm üçtərəfli layihələr çərçivəsində, həm də fərdi qaydada ABŞ və Avropa İttifaqı ilə münasibətləri dərinləşdirir.

Ermənistanın dəmir yolu infrastrukturu köhnəlib və əsasən sovet dövründən qalma xətlərdən ibarətdir.Cənubi Qafqazda beynəlxalq standartlara cavab verən dəmir yolu infrastrukturu əsasən

Azərbaycandadır. Ermənistan və Gürcüstanda isə ciddi yenilənməyə ehtiyac var. Bu isə Ermənistan üçün böyük maliyyə yükü deməkdir”.

Zeynal Əmrəlinin fikrincə, məhz bu səbəbdən Ermənistan dəmir yolu sahəsinin bərpasını Qərb şirkətləri vasitəsilə həyata keçirməkdə maraqlıdır: “Bu addım həm yükdaşımaların səmərəliliyini artıracaq, həm də regional və beynəlxalq logistika layihələri üçün mühüm əhəmiyyət daşıyacaq”.

Günel Elxan