14:42
616
Əfqanıstanla Pakistan arasında gərginlik yaşanır. Əfqanıstan ordusu ölkənin hava məkanında Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarəni vurub.
Pakistan Müdafiə Nazirliyi Əfqanıstana qarşı müharibə vəziyyətinin elan edildiyini açıqlayıb.
Mövzu ilə bağlı xalqcebhesi.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, buradakı əsas məsələ Pakistan dövləti və Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatı arasında uzun müddətdir davam edən siyasi qeyri-müəyyənlikdir: “Məlum olduğu kimi, Taliban 1990-cı illərdə Pakistanda mədrəsələrdə tələbələr tərəfindən yaradılıb. Buradakı əsas məqsəd də İslam əmirliyi iddiası olub. İslam əmirliyi də təkcə Əfqanıstanla məhdudlaşmır. Pakistan da bu əmirliyin tərkibinə daxil olmalıdır. Yəni burada əsas məsələ budur”.
O əlavə edib ki, uzun müddətdir Taliban Əfqanıstanla bərabər Pakistanda da fəaliyyət göstərib: “Müxtəlif siyasi aktlar icra edib və deyərdim ki, Taliban Pakistan ərazisində də çox güclü olub. Məsələn, ən böyük siyasi aktlardan biri, 2007-ci ildə Pakistanın keçmiş Baş naziri Bənazir Bhuttoya qarşı sui-qəsd təşkil olunaraq öldürülməsini Pakistan Talibanının lideri Beytullah Məsud öz üzərində götürmüşdü. Yəni Taliban Pakistan ərazisində də çox güclüdür və buna görə də tərəflər arasında siyasi-ideoloji savaş gedirdi. Yəni əsas qaynaq siyasi məsələlərlə bağlıdır. Son zamanlarda da Taliban Pakistanda hakimiyyətə gəldikdən sonra yenidən Pakistan siyasətinə nüfuz etməyə çalışırdı və müxtəlif variantlarla Pakistanda güclənmək istəyirdi. Bunu da əlbəttə ki, Şahbaz Şərif hökuməti qəbul etmək istəmir, Talibana qarşı mübarizəyə başladı. Bir neçə Taliban tərəfdarının həbs edilməsi ilə nəticələnən proses getmişdi və buna görə də bu da sonda müharibəyə gətirib çıxardı”.
Röya İsrafilova