12:51
553
“Əfqanıstan–Pakistan xəttində baş verən son hadisələr təsadüfi insidentdən daha geniş geosiyasi kontekstin tərkib hissəsi kimi görünür. Əfqanıstan və Pakistan arasında münasibətlər uzun illərdir ki, sərhəd təhlükəsizliyi, “Durand xətti”nin hüquqi statusu, radikal qrupların fəaliyyəti və qaçqın məsələləri fonunda gərgin olaraq qalır”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu deyib.
E.Telmanoğlu bildirib ki, Əfqanıstan hava məkanında Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması iki ssenarini gündəmə gətirir: “Taktiki insident ssenarisi – sərhəd xəttində qarşılıqlı etimadsızlıq və operativ koordinasiyanın olmaması fonunda baş vermiş lokal hərbi toqquşma. Belə hallarda tərəflər daxili ictimai rəyə mesaj vermək üçün sərt ritorika seçə bilirlər. Planlı güc nümayişi ssenarisi – xüsusilə Pakistanın rəsmi şəkildə müharibə vəziyyəti elan etməsi göstərir ki, məsələ yalnız texniki səhv kimi qiymətləndirilmir. Bu, ya əvvəlcədən hazırlanmış təzyiq mexanizmi, ya da müəyyən hərbi əməliyyatlara siyasi əsas yaratmaq cəhdi ola bilər”.
Politoloqun sözlərinə görə, regional kontekstdə bu gərginliyin artması bir neçə nəticə doğura bilər: “Sərhəddə məhdudmiqyaslı hərbi əməliyyatlar; qaçqın axınının artması və humanitar vəziyyətin ağırlaşması; regionda təsir uğrunda rəqabət aparan güclərin (xüsusilə Çin və ABŞ faktorunun) dolayı müdaxiləsi; terror və radikal qrupların fəallaşması. Hazırkı mərhələdə tammiqyaslı müharibə ehtimalı nisbətən aşağı qiymətləndirilə bilər. Çünki hər iki ölkə daxili iqtisadi və siyasi problemlərlə üz-üzədir və genişmiqyaslı müharibə onların resurslarını ciddi şəkildə tükəndirə bilər. Daha real ssenari qarşılıqlı hava zərbələri və sərhəd toqquşmaları ilə müşayiət olunan “idarə olunan eskalasiya”dır”.
O həmçinin əlavə edib ki, nəticə etibarilə, hadisə təkcə hərbi insident deyil, uzunmüddətli struktur gərginliyin növbəti mərhələsi kimi dəyərləndirilə bilər: “Prosesin hansı istiqamətdə inkişaf edəcəyi tərəflərin diplomatik kanalları açıq saxlayıb-saxlamamasından və beynəlxalq vasitəçilik mexanizmlərinin nə dərəcədə işə düşəcəyindən asılı olacaq”.
Röya İsrafilova