"Lufthansa" Yaxın Şərq və İsrailə uçuşları 7 martadək ləğv edib Dünya

"Lufthansa" Yaxın Şərq və İsrailə uçuşları 7 martadək ləğv edib

Almaniyanın aviaşirkətlər qrupu "Lufthansa" Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyətini əsas gətirərək regiona və regiondan bütün uçuşları müvəqqəti dayandırıb.

Xalqcebhesi.az xəbər verir ki, "Lufthansa" qrupu Təl-Əvivdə yerləşən Ben Qurion hava limanına və bu hava limanından həyata keçirilən bütün reysləri martın 7-dək ləğv edib.

Şirkətin açıqlamasında bildirilir ki, qərar “Yaxın Şərqdəki mövcud vəziyyət” nəzərə alınaraq qəbul olunub.

Ləğvlər təkcə İsraillə məhdudlaşmır. Qrupun məlumatına görə, Təl-Əvivlə yanaşı, Beyrut, Amman, Ərbil və Tehran istiqamətlərinə uçuşlar da eyni tarixədək dayandırılıb.

"Lufthansa" qrupuna daxil olan digər aviaşirkətlər – "SWISS", "Austrian Airlines", "Brussels Airlines" və "Eurowings" – də sözügedən qərara qoşulub və göstərilən istiqamətlər üzrə reysləri müvəqqəti olaraq ləğv edib.

Şirkət sərnişinlərə alternativ imkanlar təqdim edir. Bildirilir ki, reysləri ləğv olunan sərnişinlər biletlərini əlavə ödəniş etmədən daha sonrakı tarixə dəyişə və ya biletin tam dəyərinin geri qaytarılmasını tələb edə bilərlər.

Açıqlamada qeyd olunub ki, "Lufthansa" qrupu Yaxın Şərqdə təhlükəsizlik vəziyyətini davamlı şəkildə izləyir və qiymətləndirir, həmçinin aidiyyəti qurumlarla sıx əlaqə saxlayır.

Qeyd edək ki, regionda artan gərginlik fonunda bir sıra beynəlxalq aviaşirkətlər də təhlükəsizlik səbəbilə uçuş cədvəllərinə dəyişiklik edib.

Məryəm Quliyeva