Zelenski seçkiləri təxirə salır? Dünya

Zelenski  seçkiləri təxirə salır?

“Ukraynada seçkilərin keçirilməsi Rusiyanın ideyasıdır”

Rusiya–Ukrayna müharibəsi təkcə hərbi qarşıdurma deyil, eyni zamanda beynəlxalq siyasətin, legitimlik anlayışının və demokratiya prinsiplərinin ciddi sınağa çəkildiyi bir mərhələyə çevrilib. Müharibənin uzanması fonunda Ukraynada hakimiyyətin legitimliyi, seçkilərin keçirilməsi və siyasi gələcəyin necə formalaşacağı məsələsi həm daxildə, həm də beynəlxalq müstəvidə müzakirələrin mərkəzinə çıxıb. Xüsusilə də Rusiya tərəfindən Ukraynada prezident və parlament seçkilərinin keçirilməsi ilə bağlı tələblərin səsləndirilməsi bu mövzunu daha da aktuallaşdırıb.

Kremlin bu çağırışları bir tərəfdən sülh danışıqlarının şərti kimi təqdim olunur, digər tərəfdən isə Ukrayna rəhbərliyinin legitimliyini şübhə altına almağa hesablanmış siyasi manevr kimi dəyərləndirilir. Hazırkı Prezident Vladimir Zelenskinin səlahiyyət müddətinin başa çatdığı iddiası Moskva tərəfindən tez-tez gündəmə gətirilsə də, Kiyev bu yanaşmanı qəti şəkildə rədd edir və ölkədə davam edən müharibə şəraitini əsas arqument kimi önə çəkir.

Eyni zamanda beynəlxalq aktorların bu məsələyə münasibəti də ziddiyyətlidir. Bir müddət Ukraynada seçkilərin keçirilməsinin vacibliyini vurğulayan Amerika Birləşmiş Ştatlarının (ABŞ) mövqeyində son dövrlər dəyişiklik müşahidə olunur. ABŞ-nin Ukraynaya hərbi və maliyyə dəstəyini dayandırması fonunda Kiyev getdikcə daha çox Avropa İttifaqı (Aİ) və aparıcı Avropa dövlətlərinə güvənməyə başlayıb. Avropa ölkələri isə müharibə bitmədən seçkilərin keçirilməsinin təhlükəli və qeyri-real olduğunu hesab edir.

Belə bir mürəkkəb və qeyri-müəyyən şəraitdə Ukraynada seçkilərin təxirə salınması məsələsi artıq təkcə daxili siyasi qərar deyil, regional təhlükəsizlik, beynəlxalq hüquq və böyük güclərin maraqlarının kəsişdiyi strateji mövzuya çevrilib. Politoloqlar hesab edirlər ki, bu qərar Ukraynanın gələcək siyasi taleyinə birbaşa təsir göstərəcək və müharibənin gedişatı ilə sıx şəkildə bağlı olacaq.

Politoloq Elçin Xalidbəyli “Xalq Cəbhəsi” -nə açıqlamasında bildirib ki, Rusiya sülh danışıqları prosesində bir neçə dəfə tələb etmişdi ki, yekun sülh sazişinin imzalanması üçün Ukraynada həm prezident, həm də parlament seçkiləri keçirilsin: “Kremlin əsas arqumenti ondan ibarətdir ki, indiki Vladimir Zelenski hakimiyyətinin səlahiyyəti müddəti artıq sona çatıb və Kremlin hesabına görə, Zelenski hakimiyyəti artıq legitim deyil. Burada önəmli olan məqam ondan ibarətdir ki, Ukraynada hazırda müharibə gedir və bu, Ukrayna konstitusiyasında fövqəladə vəziyyət kimi qəbul olunur. Belə hallarda mövcud hakimiyyətin səlahiyyət müddətinin uzadılması mümkün hesab olunur. Əsas məqamlardan biri də ondan ibarətdir ki, prezident Volodimir Zelenskinin də bəyan etdiyi kimi, Ukraynada hazırda seçkilərin keçirilməsi üçün şərait mövcud deyil və belə bir şəraitin yaradıla biləcəyini nə Amerika Birləşmiş Ştatları, nə də Rusiya təminat verə bilir”.

Politoloq əlavə edib ki, həm Rusiyanın raket zərbələri mülki əhalinin seçkilərdə iştirakına əngəl yaradır, həm də Ukraynanın əhəmiyyətli bir hissəsi Rusiya tərəfindən işğal olunub və həmin ərazilərdə seçkilərin keçirilməsi mümkün deyil: “Rəsmi Kiyev anlayır ki, indiki şəraitdə seçkilər keçirilərsə, hüquqi və siyasi baxımdan Ukrayna işğal olunmuş ərazilərdə müəyyən mənada imtina etmiş kimi görünəcək. Rusiyanın bu tələbinə Amerika Birləşmiş Ştatları da dəstək verirdi və Ukraynada seçkilərin keçirilməsini vacib hesab edirdi. Lakin hazırda Amerika Birləşmiş Ştatları Ukraynaya həm maliyyə, həm də hərbi dəstəyi dayandırıb. Bu maliyyə və hərbi dəstəyin yükü Avropa İttifaqı ölkələrinin üzərinə yüklənib. Avropa İttifaqı ölkələri isə Ukraynadan seçkilərin keçirilməsini tələb etmir. Zelenski indiki şəraitdə seçkiləri keçirməməklə yaxın gələcək üçün daha doğru addım atmış olur. Müharibə bitdikdən sonra Ukraynanın gələcək taleyi tam şəkildə dəqiqləşdikdən sonra normal seçkilər keçirməklə legitim hakimiyyətin formalaşdırılması daha doğru variantdır.

“Zelenski Avropaya güvənir”

Politoloq Xəyal Bəşirov bildirib ki, Ukraynada seçkilərin keçirilməsi və Rusiya-Ukrayna müharibəsi ilə bağlı proseslər hələ uzun müddət davam edə bilər.

O vurğulayıb ki, Amerika Birləşmiş Ştatlarının hazırkı prezidenti Donald Trumpun Rusiya prezidenti Vladimir Putinin hakimiyyətə gəldikdən sonra Ukraynada seçkilərin keçirilməsi ilə bağlı ortaya qoyduğu tələblər Ukraynada müəyyən çaşqınlıq yaratmışdı: "Bəzi Avropa ölkələrində də fərqli fikirlər mövcud idi. Hətta Donald Trump Ukrayna Prezidenti Vladimir Zelenskini diktator adlandırmışdı. Danışıqlar prosesi nəticəsində atəşkəsin əldə edilməsi və sonra seçkilərin keçirilməsi müzakirə edilirdi. Hətta Vladimir Zelenski bir müddət öncə buna açıq razılığını da bildirmişdi. Lakin Rusiya-Ukrayna müharibəsinin başa çatması ehtimalı o qədər də real görünmür. Düzdü, hər an hər şey baş verə bilər. Amma gedişat, indiki baş verən proseslər, Rusiya-Ukrayna danışıqlarında irəli sürülən şərtlər və kənar güclərin prosesə yanaşması qısa müddətdə müharibənin başa çatmasından xəbər vermir. Əksinə, prosesin uzanacağından xəbər verir. Hələ Amerika Birləşmiş Ştatlarının yaxın Şərqdə baş verən proseslərdə başının qarışması ondan xəbər verir ki, Rusiya-Ukrayna prosesi ikinci plana keçib və proses davam edəcək. Vladimir Zelenskinin də belə fikir səsləndirməsi, düşünürəm ki, Amerika Birləşmiş Ştatlarının başının yaxın Şərqdə qarışması və silah və digər texniki vasitələrin yönünün yaxın Şərqə yönləndirilməsi ilə bağlıdır. Bu, Amerika Birləşmiş Ştatlarının yardımdan kənarda qalması səbəbi ilə onun Avropaya xoş gələn mövqe sərgiləməsi ilə əlaqədardır. Mən düşünürəm ki, Zelenskinin həm Amerika Birləşmiş Ştatlarının hərbi yardımının Avropa yardımı ilə əvəzlənməsi fikri, həm də eyni zamanda seçkiləri Rusiya müharibəsi bitdikdən sonraya saxlaması birbaşa Avropanın mövqeyi ilə üst-üstə düşür. Daha çox burada biz Böyük Britaniya, Fransa, Almaniya və digər Qərbi və Mərkəzi Avropa dövlətlərini nəzərdə tuturuq ki, onların mövqeyi ilə üst-üstə düşür. Bu baxımdan, mən düşünürəm ki, bu müəyyən mənada Amerika Birləşmiş Ştatlarının bu prosesdən kənarlaşması ilə də bağlı ola bilər. Amma hər bir halda unutmayaq ki, Amerika Birləşmiş Ştatları yaxın Şərqlə uzun müddət müharibədə qalmayacaq və qala bilməz. Qısa müddət sonra biz Amerika Birləşmiş Ştatlarının yenidən Rusiya-Ukrayna mövzusuna qayıtmasından sonra Zelenskinin fərqli fikir səsləndirməsinin də şahidi ola bilərik. Ölkə daxilində əgər əhali bunu prosesin uzanacağı və Rusiya-Ukrayna müharibəsinin uzun müddət davam edəcəyi anlamı kimi qəbul etsələr, bu, ciddi etirazlara səbəb ola bilər. Amma əgər bu fikir müharibəni tez bitirmək niyyəti ilə əsaslandırılırsa və hakimiyyətini uzatmaq məqsədini daşımırsa, elə ciddi problem yaranmaz. Reallıqlara baxanda isə bu fikir müharibənin davam edəcəyi reallığını göstərir və prosesin uzanması anlamına gəlir".

Günel Elxan