Anders Rasmussen: "Rusiya Avropada təhlükəsizliyi təhdid edir. Nə lazımdırsa, o ediləcək"
ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri: "Amerika lazım gələrsə, Rusiyaya hərbi yollarla cavab verməyə hazırdır"
Cavid
Ukraynadakı vəziyyət Rusiya-NATO qarşıdurmasını da gücləndirir. NATO baş katibi Anders Rasmussen Almaniya kansleri Angela Merkellə görüşü zamanı deyib ki, Rusiya Avropada təhlükəsizliyi təhdid edir. Nə lazımdırsa, o ediləcək.
Rasmussen Rusiyanı təhdid edib: "Heç kim soyuq müharibə dövrünə qayıtmaq istəmir. Amma NATO-nun müdafiə planları yenidən nəzərdən keçiriləcək".
NATO birliklərinin Polşaya yerləşdirilməsi ilə bağlı suala cavab verən Rasmussen deyib ki, "NATO olaraq hər cür addıma hazırıq. 50 il əvvəllə müqayisədə hər gün daha da təhlükəli olan bir dünyada yaşayırıq".
Onu da qeyd edək ki, bir müddət öncə ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Martin Dempsi də Rusiya ilə müharibyə hazır olduqlarını deyib. M.Dempsi bildirib ki, amerikalı diplomatlar Krımın Rusiya tərəfindən işğalına görə gecə-gündüz işləyirlər. Amerikalı generalın sözlərinə görə, o, Rusiyadan olan həmkarları ilə bu mövzuda geniş danışıb və onlara açıq mətnlə deyib ki, "Amerika bu məsələyə lazım gələrsə, hərbi yollarla cavab verməyə hazırdır".
"Biz Rusiyanı Şərqi Ukraynada vəziyyəti bundan sonra qızışdırmamağa və Krım ətrafında yaranmış vəziyyətin tənzimlənməsi üçün şərait yaratmağa çağırmağa çalışırıq. Bizim NATO üzrə müttəfiqlərimizlə qarşılıqlı öhdəliklərimiz var. Mən rusları inandırdım ki, bu öhdəliklər işə düşsə, biz hərbi yolla cavab verəcəyik. Çünki rusların Krımı işğal etməsi Avropanın bütün ölkələrinə, o cümlədən NATO üzvü olan ölkələrə təhlükədir. Əgər Rusiyanın etnik rusların hüquqlarını qorumaq adı ilə Ukraynaya hərbi müdaxilə eləməyə haqqı çatırsa, onda bizim də Avropadakı belə etnik anklavları qorumağa haqqımız çatır" - deyə M.Dempsi vurğulayıb.
Qeyd edək ki, hazırkı mərhələdə NATO-nun atdığı addımlar əsasən diplomatiya cəbhəsində Qərbə dəstək xarakteri daşıyır.
Ukraynada baş verənlərlə bağlı Qərbin Rusiyaya qarşı konkret təzyiq vasitələrindən istifadə etməyə çəkindiyi günün reallığı olsa da, müəyyən istiqamətlərdə ikitərəfli və çoxtərəfli əlaqələrin soyuması və yaxud dondurulması tendensiyası da gözdən yayınmır. Bu istiqamətdə NATO-nun atdığı son addım xüsusilə diqqətçəkicidir. Belə ki, qurumun baş verən son olayların ardınca aprelin 1-də keçirdiyi toplantıda Rusiya ilə mülki və hərbi sahələrdə əməkdaşlığa son verdiyini bəyan etməsi kifayət qədər ciddi siqnal hesab olunmalıdır. İlk növbədə ona görə ki, NATO nə qədər mülki və humanitar missiyalar həyata keçirsə də, o, daha çox hərbi təşkilat olmaqla dünyanın qüdrətli ordularını özündə birləşdirir. Və onun Rusiya ilə əməkdaşlığa son qoymasını bəyan etməsi artıq NATO-nun bu dövlətlə bir tərəfdaş kimi yox, konkret olaraq rəqib kimi davranacağını ortaya qoyur. Əslində NATO əvvəldən də Rusiya ilə rəqib olan dövlətlərin birliyi olsa da, "soyuq müharibə"dən sonrakı dövrdə onlar arasında müəyyən tərəfdaşlıq münasibətləri və dialoq mühiti formalaşmışdı. NATO Şərqə doğru genişlənmə çərçivəsində bir sıra hallarda Rusiyanın mənafelərini nəzərə alırdı. Xüsusilə Ukrayna və Gürcüstanın quruma üzv qəbul edilməsinin ləngidilməsi bu niyyətdən irəli gəlirdi. Bundan başqa, NATO ilə Rusiya arasında Əfqanıstanda da əməkdaşlıq nümunəsi ortaya qoyulmuşdu.
Lakin hazırda bütün bunlar arxada qalıb. Proseslər göstərir ki, NATO ilə Rusiya arasında münasibətlərin yeni mərhələsi start götürür. NATO-nun Rusiya ilə bağlı daha konkret davranması region ölkələrinin bu təşkilata etimadı baxımından da vacibdir. Çünki Şərqi Avropa dövlətləri Rusiya ilə münasibətlərdə daim NATO-ya güvənirlər. Əgər bu güvən itərsə, Rusiyanın həmin dövlətlərə təsiri də arta bilər.
Lakin NATO ilə Rusiya arasında gərginliyin artmasının region üçün, ümumilikdə isə bəşəriyyət üçün hansı nəticələr doğura biləcəyi də düşündürücüdür. Sirr deyildir ki, hər iki tərəf kifayət qədər yüksək texnologiyalı hərbi potensiala sahibdirlər və onların mümkün istifadəsi ciddi qlobal fəsadlara səbəb ola bilər. Bu mənada bu iki gücün qarşıdurma həddinə gəlib çatması arzuolunmazdır. Digər tərəfdən o da inandırıcı deyil ki, sivilizasiyanın hazırkı inkişaf səviyyəsində qarşıdurma bu səviyyəyə çatdırılsın. Xüsusilə də Qərbin Ukrayna uğrunda özünü və potensialını fəda edəcəyi də heç inandırıcı görünmür. Bununla yanaşı, hər iki tərəfin müəyyən hədlər daxilində öz maraqlarını qorumaq üçün konkret addımlar atması da istisna deyil.
Rusiyanın NATO ilə müharibədə qələbə qazanmaq üçün heç bir nəzəri şansa malik deyil. Bu barədə Polşanın "TVN24" telekanalının Rusiyanın hərbi qüvvələri ilə bağlı hazırladığı analizdə deyilir.
NATO-nun hərbi gücünün Rusiya hərbi gücünü dəfələrlə üstələdiyi qeyd olunan analizdə həmçinin bildirilir ki, ruslarda nüvə silahının olması mümkün hərbi qarşıdurma ehtimalını azaldır: "Texnologiya daha pis, daha kiçik hərbi xərclər, daha az əsgər. Kağız üzərində Rusiya NATO ilə müharibədə qələbəyə şanslarına malik deyil".
Analizə görə, Şimali Atlantika ittifaqının hərbi xərcləri azalmasına baxmayaraq, 950 milyard dollar təşkil edir. Bu rəqəm Rusiyada 90 milyarddan da azdır ki, bu da ölkənin müdafiə qabiliyyətinə böyük təsir edir: "NATO ordusunda 3,5 milyon, Rusiyada isə 766 min əsgər xidmət edir. İttifaqda 14 min təyyarə və vertolyot, ruslarda 900, ittifaqda 2500 hərbi gəmi, ruslarda isə yalnız 250 hərbi gəmi var. İttifaq həmçinin, daha yeni tank və zirehli texnikaya malikdir. Rusiyanın silah arsenalında isə daha çox SSRİ dövründə istehsal olunmuş silahlar yer alıb".
Eyni zamanda analizdə qeyd edilir ki, Rusiyanın NATO üzərində əsas üstünlüyü onun müstəqil qərar qəbul etməsidir. Halbuki, NATO daxilində qəbul edilən qərarlarda bütün üzv ölkələrin razılığı olmalıdır. Analizdə bildirilir ki, silahlı konflikt nüvə silahından istifadəyə gətirib çıxara bilər ki, bu da bəşəriyyətin məhv olma təhlükəsi qarşısında qoyur: "Rusiyanın hərbi doktrinası nəzərdə tutur ki, "daha güclü adi silahlı qüvvələr"in hücum edəcəyi halda Moskva nüvə silahı ilə cavab vermək hüququnu özündə saxlayır. Bu müddəa məhz NATO ilə hərbi gücün bərabərsizliyinə görə doktrinaya daxil edilib. Kremldə qərar qəbul edənlər də adi silahlı qüvvələrinin zəifliyini anlayırlar".
Dünya mediasında isə zaman-zaman ABŞ və Rusiyanın hərbi potensialı müqayisə edilir. Polşa kanalının hərbi analizindən göründüyü kimi ABŞ-ın üzvü olduğu NATO ilə müqayisədə Rusiyanın hərbi potensialı çox azdır. Amma nəzərə alaq ki, NATO-nun hərbi gücünün və hərbi xərclərinin əsas hissəsi ABŞ-ın payına düşür.
İlk növbədə bildirmək lazımdır ki, ABŞ ordusu daha müasir texnoloji yeniliklərdən istifadə edir. Pentaqonun 2014-cü il üçün təsdiq olunmuş hərbi büdcəsi 526,8 milyard dollardır. Bu Rusiyanın hərbi büdcəsindən 7-8 dəfə çoxdur. Qabaqcıl texnologiyalardan məhrum olan Rusiya hərb sənayesi dünyanın əksər ölkələrindəki ənənəvi silah bazalarını itirib, ordusunu ixtisara salmağa məcbur olub. Buna baxmayaraq, Qərbi Rusiyaya hərbi supergüc kimi baxmağı vadar edən yeganə amil bu ölkənin nüvə silahlarıdır, cəbbəxanasıdır. "Silahlar üzərində nəzarət, təftiş və müqavilələrin icrasının monitorinqi" təşkilatının 2013-cü ilin yekun məlumatına görə, təkcə ABŞ orsunun arsenalında 1688, Rusiya ordusunda isə 1400 nüvə başlıqlı qitələrarası ballistik raketin mövcud olduğu bildirilir. Qeyri-nüvə başlıqlı ballistik raketlərin sayında da Amerika üstünlüyə malikdir. Ölkənin hazır vəziyyətdə olan 809, Rusiyanın isə 473 belə raketi var.
Amerika ordusunda 1963 "Abrams" markalı tank mövcuddur. Bundan başqa, 2400 M1A1 və 2385 M1 tankı da istənilən an ordunun köməyinə gələ bilər. Rusiya ordusunda isə ən müasir T-90 tankının 500 nümunəsi var. Əlavə olaraq, 4500 T-80 və 12500 T-72 tankı da döyüşə yararlı vəziyyətdədir. Müqayisədən görünür ki, Rusiya tank sayında ABŞ-ı bir neçə dəfə üstələyir. Amma nəzərə almaq lazımdır ki, texniki göstəricilərinə görə, "Abrams" tankları T-90-ları qat-qat üstələyir.
Dünyada ən çox hərbi aviasiyaya malik olan Amerika ordusunda 144 strateji bombardumançı (66 ədəd B-1, 20 ədəd B-2, 58 ədəd B-52) və 1.629 qırıcı (471 ədəd F-15, 968 ədəd F-16, 179 ədəd F-22, 11 ədəd F-35) var. Xüsusən vurğulamaq lazımdır ki, Amerika dünyada yeganə ölkədir ki, 5-ci nəsil qırıcı təyyarəyə - FF-22 Raptor ("Bumeranq" adıyla məşhur olan - B-2 Stealth Bomber Red Flag 09-2) sahibdir. Rusiya Müdafiə Nazirliyi ölkənin aviasiya potensialı barədə informasiyaların bir hissəsini məxfiləşdirdiyinə görə bu sahədə tam dəqiq məlumat yoxdur. Əldə olan məlumatlara görə, rusların 80 strateji bombardmançısı (16 ədəd Tu-160, 64 ədəd Tu- 95MS), 150 uzaq bombardmançı və 953 qırıcı təyyarəsi mövcuddur. Amma Rusiya hərbi sənayesi Hava Hücumundan Müdafiə Sistemlərinin təkmilləşdirilməsində böyük uğurlar qazanıb. "S-400" Hava Hücumundan Müdafiə Sistemi bütün döyüş xarakteristikalarına görə dünyada analoqu olmayan sistem sayılır. Hətta ABŞ sənayesinin fəxri olan "Patriot" sistemləri də "S-400" qarşısında acizdir. Məhz buna görə hərbi ekspertlərin fikrincə, mümkün Amerika-Rusiya müharibəsi zamanı Rusiya səmasında Amerika döyüş təyyarələrinin uğur qazana bilmə ehtimalı sıfra bərabərdir.
ABŞ və Rusiyanın Hərbi Dəniz qüvvələrinin müqayisə etsək aydın olar ki, Amerikadan fərqli olaraq, Rusiyanın heç bir zaman aviasiya daşıyıcı hazırlamaq ənənəsi olmayıb. Məhz bu səbəbdən Rusiya 2008-ci ildə Fransadan 2 ?Mistral? tipli aviadaşıyıcı almaq barədə razılaşma imzalayıb. Lakin Ukrayna hadisələrinə Rusiya-Qərb münasibətlərinin gərginləşməsinin nəticəsi olaraq razılaşma yerinə yetirilməyə bilər. Fransa gəmilərin Rusiyaya satılıb-satılmayacağı barədə yekun qərarı bu ilin payızında verəcək. ABŞ Hərbi Dəniz Donanması 2013-cü ilin məlumatlarına görə, öz sıralarında "Nimits" tipli 10 aviadaşıyıcı birləşdirir. Dünyanın ən böyük aviadaşıyıcı gəmisi olan "Corc Buş" ABŞ-a məxsusdur. Rusiyada 12 atom sualtı qayığı olmasına qarşılıq ABŞ-da bu say 54-ə bərabərdir.