“Gürcüstanda hər bir siyasətçi kilsənin rəyi ilə hesablaşır” Dünya

“Gürcüstanda hər bir siyasətçi kilsənin rəyi ilə hesablaşır”

ABŞ Respublikaçılar İnistitutu Gürcüstanda sorğu keçirib. Sorğuda gürcülər ən vacib tərafdaş kimi ABŞ-ı qeyd ediblər (50%). İkinci yerdə AB (47%) qərarlaşıb. Ukrayna (29%), Azərbaycan (9%), Türkiyə (8%) vacib tərafdaş kimi qeyd edilib. Gürcülərin 79%-i Rusiyanı siyasi təhdid kimi, 57%-i iqtisadi təhdid kimi gördüklərini qeyd ediblər. Gürcülərin 11%-i Türkiyəni siyasi, 7% isə iqtisadi təhdid kimi, Azərbaycanı isə 6% gürcü, siyasi, 4% gürcü iqtisadi təhdid kimi gördüklərini vurğulayıblar. Gürcülər ən çox kilsəyə inam göstərdiklərini vurğulayıblar (89%).
Ekspert Kamran Sultanlı qəzetimizə verdiyi açıqlamasında qeyd edib ki, gürcülərin kilsəyə bu cür güclü və dərin inamı Gürcü kilsəsinin araşdırmadan Gürcüstanı anlaya bilməyəcəyimizi açıq - aşkar otaya qoyur. Gürcüstanda hər bir siyasətçi məhz kilsənin rəyi ilə hesablaşır. Buna görə də heç bir partiya Keşikçidağla bağlı proseslərə hazırda reaksiya vermir: “Çünki Gürcü kilsəsinin istənilən mənfi rəyi xalqın həmin partiyaya inamını azalda və seçki öncəsi ciddi səs itirə bilərlər. Gürcüstanda kilsəni hesaba almayan yalnız Saakaşvili idi. Gürcüstan dövləti dinlə bağlı istənilən məsələdə kilsənin rəyini gözləyir. Konstantinopol Patriarxlığının Ukraynaya avtokefal statusu verməsindən sonra Gürcü kilsəsi ciddi narahatlıqlar duymağa başladı. Gürcü kilsəsi Ukraynanın avtokefal statusunu tanımadı. Gürcüstan dövləti də kilsənin rəyi olmadığı üçün bu tomosu hələlik tanımır. Gürcü ortodoks kilsəsi Moskva patriarxlığının da eyni ilə Abxaziya və Osetiyanın müstəqilliyini tanıya biləcəyindən ehtiyat edir. Moskva Abxaziya və Osetiyanın müstəqilliyini tanısa da, Abxaziya kilsəsini Gürcüstan Ortodoks Kilsəsinin kanonik ərazisi hesab edir. Abxaz kilsəsi Gürcü kilsəsinə tabe olsa da uzun illərdi bu kilsəyə heç kim nəzarət etmir.
Gürcüstan Kilsəsi Moskva Patriarxlığına tabedir”.
Ekspert qeyd edib ki, Kilsə-Dövlət münasibətlərində Gürcüstanla Rusiya arasında böyük fərq var. Əgər Gürcüstanda kilsə dövlətin siyasətinə hətta millət vəkillərinin seçiminə belə təsir göstərə bilirsə, Rusiyada isə Kreml özü kilsədən özünün geosiyasi ambisiyyaları üçün Ruskiy Mir ideyaları üçün istifadə edir. Hələ 9-cu əsrdə Kiyev rus dövlətində ruslar kilsəni Bizansa uyğun formalaşdırdılar. Sinod və Proxod məhz Bizans kilsəsinə uyğun qurulmuşdur: “Çünki ruslar Bizansa ciddi bir mərkəz kimi baxırdılar və Bizans onlar üçün Aralıq dənizinə çıxış baxımından olduqca əhəmiyyətli idi. Qərbdə əgər kilsə proseslərə təsir göstərib bir çox yeniliklərin formalaşmasında birbaşa iştrak etmişdisə, rus dövlətçiliyində dövlət özü kilsəni yaradıb ondan istifadə etdi. Şərqi Avropada özünün dominantlığı, provaslav dünyasında imici və nüfuzu üçün Rusiya məhz Moskva patriarxlığından istifadə edir. İstanbulun türklər tərəfindən tutulmasından sonra Moskvanın nüfuzu daha da artdı. Moskva Patriarxlığını həm də Rusiyanın imperiya olması dövlət kimi güclənməsi nüfuzlu etdi”.
Bu gün Gürcü kilsəsi Moskva patriarxlığına tabe olduğunu və Kremlin kilsədə təsir imkanlarının olduğunu nəzərə alsaq, Gürcüstanda bu gün açıq-aşkar Rusiyanın hələ də təsir mexanizmlərinin nə qədər ciddi olduğunu görürük. Üstəlik Moskva və Fənər patriarxlığı arasında gəıləcəkdə Abxaziya və Osetiya kilsələri uğrunda gərgin mübarizə gedə bilər. Bu kilsə uzun müddətdir ki, nəzarətsizdir 300 milyondan çox dünya xristianına liderlik edən Fənər patriarxı I Bartelemos gələcəkdə bu kilsəyə də tomos verə bilər: “İkinci versiya kimi bunu Moskvanın özü də edə bilər. Hələlik Gürcü patriarxı bu kilsəni qanuni olaraq nəzarətdə saxlamağa çalışır. Azərbaycanı təhdid görən 6%-lik kəsimdə son dövrlər Gürcüstanda artan kəskin dini-milliyətçi trendin nümayəndələridir. Vətənpərvər Alyansı kimi panprovaslavist qruplar daxildə Rusiyanı işğalçı adlandıranları Türkiyənin də işğalçı adlandırmasını tələb edirlər. Onlar Türkiyənin də Acariyanı işğal etmək istədiyini və buranı məhz Türklərdən Rusiyanın qoruduğunu qeyd edirlər. Qərb qapımız olan Gürcüstanda din amilinin nə qədər önəmli olduğunu və Moskvanın da məhz bu dini emosiyaları manipulyasiya etməyə çalışdığını anlamalı və bu ölkəni ciddi təhlil etməliyik”.