İran Yuxarı Gövhərağa məcsidini fars abidəsi kimi bərpa edib Dünya

İran Yuxarı Gövhərağa məcsidini fars abidəsi kimi bərpa edib

Din və məhzəb "qardaşımız" İran Şuşadakı Yuxarı Gövhərağa məcsidini fars abidəsi kimi tam bərpa edib.
“Xalq Cəbhəsi” xəbər verir ki, erməni mətbuatı İranın Şuşadakı Yuxarı Gövhərağa məcsidinin bərpası ilə bağlı yazı dərc edib. (https://armenpress.am/eng/news/991623.html?fbclid=IwAR3psF0FgGq3HLZEHDqYnBjS_1KQniG8Y1ZBYnhklT3-Z-nEztw30wp1M1g).
Qeyd edilib ki, oktyabrın 14-də Şərq Tarixi İrsinin Dirçəlişi Fondunun təşəbbüsü ilə Gövhərağa Məscidinin Şuşada bərpasının başa çatmasına həsr olunmuş təntənəli tədbir keçirilib. Məscidin bərpası proqramına 2014-cü ildə başlanılıb.
Farslaşdırılmış abidənin açılışında qondarma qurumun qondarma mədəniyyət naziri Lernik Avanesyan deyib: "Bizim bir çox məbədlərimizi İran dövləti bərpa edir. İran mədəniyyətinin mümunəsi olan və Artsaxda, xüsusən Şuşada yerləşən abidələr də bu qayğıdan bəhrələndi, çünki erməni-iran dostluğu dərin köklərə malikdir. Məcsid erməni-iran elmi-mədəni mərkəzi kimi fəaliyyət göstərəcək”.
Onu da qeyd edək ki, bir neçə il öncə İranın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Musəvi bildirmişdi ki, İran “Part Saman Cahan” adlı yerli şirkətin Şuşa şəhərindəki “Gövhərağa” məscidinin bərpası işləri ilə məşğul olacağından məlumatsızdır: "Bizdə “Gövhərağa” məscidinin bərpa işlərinin İran şirkəti tərəfində həyata keçiriləcəyinə dair məlumat yoxdur”, - deyə XİN rəsmisi bildirib.
Amma APA-nın İran bürosunun araşdırmasına əsasən, şirkətin rəhbəri kimi adı çəkilən Səid Nəhavəndi Ermənistanda memarlıq üzrə təhsil alıb.
Qeyd edək ki, Ermənistan mətbuatı da Şuşa şəhərində “Gövhərağa” məscidinin bərpa ediləcəyini, bərpa işlərinin İranın “Part Saman Cahan” şirkəti tərəfindən həyata keçiriləcəyinə dair məlumat yayıb.
Xatırladaq ki, Yuxarı Gövhərağa məscidi Şuşa mərkəzi meydanının memarlıq ansamblında hakim mövqedə duran binalardan biridir. Məscid 1883-84-cü illərdə, yəni Aşağı Gövhərağa məscidindən təхminən səkkiz il sonra Qarabağ xanı İbrahimxəlil xanın qızı Gövhər ağanın vəsaiti hesabına memar Kərbəlayı Səfixan Qarabaği tikmişdir.
Araşdırmalar göstərir ki, indiki məscidin yerində hələ Pənahəli xanın dövründə qarqu və qamışdan bir məscid tikilmişdir. Pənah хanın tikdirdiyi qarqu məscid 1768-ci ildə İbrahimxəlil хan tərəfindən daşla əvəz etdirilmişdir. Həmin məscid də minarəsiz kasıb görünüşə malik olmuşdur. Görünür ki, elə məscidin bu görünüşü onun qızı Gövhər ağanı qane etməmiş və buna görə həmin məscidi tamamilə sökdürüb yerində qoşa minarəsi olan yeni bir məscid tikdirmişdir. Lakin məlum olduğu kimi, bu məscid də Gövhər ağanın göstərişi ilə sökülmüş və yerində müasir dövrümüzə qədər gəlib çatmış Yuхarı Gövhərağa məscidi kimi tanınan həmin bina inşa edilmişdir.
Planı təqribən kvadrat formada olan (21,30 х 26,20 m) bu məscid ümumən Ağdam Cümə və Aşağı Gövhərağa məscidlərinin konstruksiya ideyasını saхlayır. Zalın yan divarları boyu quraşdırılmış ikinci mərtəbədəki qadınlar üçün balkon və mehrabla üzbəüz tərəfdəki şüşəbənd də memarın əsas tikinti mdeyalarındandır. Yuхarı Gövhərağa məscidinin minarə kürsülüyü əvvəlki məscidlərdə olduğu kimi təbii əhəng daşı ilə olsa da, onun gövdəsində işlədilmiş həndəsi ornamentlər heç də Aşağı Gövhərağa məscidinin minarə bəzəklərinə uyğun deyil. Onlar əsasən Ağdam cümə məscidinin minarələrindəki həndəsi ornamentlərin bədii ideyasını davam etdirir. Minarələrin çardaq örtüyü ağac materiallarından quraşdırılmışdır. Onun son ucluğunu aypara şəkilli fiqur bəzəyir.
Məscid 1992-ci ilin mayında Şuşanın işğalı zamanı erməni silahlı birləşmələri tərəfindən ciddi dağıntıya məruz qalmışdır. Onu da vurğulayaq ki, Şuşa məscidinin müəllifi erməni mənbələrinin “İran memarı” kimi təqdim etdiyi Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği 1817-ci ildə Şuşa şəhərində anadan olmuş məşhur Azərbaycan memarıdır.

Məsələ ilə bağlı İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Əli Musəviyə etdiyimiz müraciət cavabsız qalıb.