İki dünya savaşının aktyorları yenidən səhnədə Dünya

İki dünya savaşının aktyorları yenidən səhnədə

Almanlarla ingilislərin toqquşması dünyanı çalxalayır

Ölkə daxilinə baxılaraq siyasi partiyalar, liderlər, yeni qurulan və qurulacaq olan hərəkatlar haqqında çox şey yazıla bilər. Bu, dünyanı anlamağa da yarar. Ancaq bu işə girməmək üçün Türkiyəyə xaricdən baxmaq yolunu seçirəm. İşimiz baş verənləri anlaya və anlada bilməkdir. Gəlin, bu gün yenə bildiyimiz yolla gedək. Bu barədə Ərgün Dilər “Takvim”də yazır ki, savaş indi Avropa daxilində gedir.
Avropadan Amerikaya uzanaq. Amerika daxilində ən güclü olan cərəyanlar alman və ingilislərə məxsusdur. Fransızlar da zəif deyillər. Almanların, o qədər bilinməsə də, sayları da, təsirləri də çoxdur. Almaniya və ABŞ-da bir əfsanə – Mulenberq əfsanəsi vardır. 1794-cü ildə ABŞ Nümayəndələr Palatasında bir qrup alman qanunların alman dilinə tərcümə edilməsi üçün müraciət edir. Səsvermə zamanı təklif 41-ə qarşı 42 səslə rədd edilir. Alman soyundan gəlməsinə rəğmən, bitərəf qalan şəxs də Frederik Mulenberq olur. Rəvayət belədir. Hətta “Almanları nə qədər tez amerikalı edə bilsək, o qədər yaxşı olar” dediyi də söylənilir.
İngiltərə Amerikada onsuz da güclüdür. ABŞ-ın dili ingilis dilidir. Dəfələrlə yazdığım kimi, İngiltərə Kraliçası II Yelizaveta Vindzor xanədanının üzvüdür. Bu xanədan da kökü etibarilə almandır. Hannover xanədanı idi. Sıxıntı da budur. İki dünya müharibəsi ailə arasındakı anlaşmazlıqlar üzündən çıxmışdır. Hannover xanədanlığı 1714-cü ildən sonra Böyük Britaniya Krallığını da idarə etməyə başladı. İlk Kral I Corc idi. Alt qolu da Vindzorlar, yəni II Yelizaveta idi. Qarşısında da müqəddəs Roma german imperiyasının varisləri vardı. Almanlar özlərini belə görürdülər. 962-1806-cı illər arasında Avropanın ağaları idilər. Avropa daxilindəki müharibələri, ailələri və ittifaqları yaxşı bilmirik. Durum belə olunca, Amerikanı anlamaq da çətinləşir. İki böyük müharibə də Avropadan çıxmışdır. Səbəbi ailədaxili mübarizədir. Doğrusu, 3-cüsü də qapıdadır. Qaynağı yenə Avropadır.
İndi isə gündəlikdəki məsələlərə keçək. Heç kimi günahlandırmaq istəmirəm. Sadəcə anlaşılması üçün nümunə göstərirəm. Osman Kavala “Konstitusiya quruluşunu pozmağa təşəbbüs”ə görə həbs edilmişdi. “Siyasi və hərbi casusluq” iddiası da gündəliyə gəldi. Kavalaya görə reaksiya verənlərin başında Almaniya gəlir. AB də 2-cidir. Kavala təkrar həbs edilən kimi, AFR Xarici işlər naziri Heiko Maas “Heç bir şəkildə ağlabatan deyil” deyərək, reaksiya verdi. İddialar arasında Kavalanın MKİ-dən olan Henri C. Barki (Henri J. Barkey) ilə dostluğu da var idi. Bu, 15 iyuldan sonra sığınma istəyən hərbçilərin Almaniyada olması, NATO çətiri altında qalması kimi, Almaniya ilə ABŞ arasındakı əlaqənin ip ucu idi. Mülki şəxslər də ya Almaniyaya, ya da ABŞ-a gedirdi.
Kraliça II Yelizaveta və Bukinqem sarayı əvvəldən bəri ABŞ-da respublikaçılara yaxın idi. ABŞ-ı beləcə yanlarına çəkirdilər. Tramp da respublikaçıdır, lakin alman soyludur. Bu, bir ilk idi. London səfəri zamanı Trampın Kraliçanı Vindzor qəsrində 20 dəqiqə gözlətməsi və gəzərkən alçaltması heç unudulmalı bir şey deyildir. Demokratların isə bir ucu Hillari, Obama, Con Kerri kimi, İrlandiyaya qədər gedib çıxardı. Yəni bu, anqlosakson-kelt savaşıdır.
Davam edək. Deyəsən, 2015- ci il idi. Parisdə Fransa və Almaniya milli komandalarının matçı var idi. “Stade de France”-ın ətrafı mühasirəyə alındı. İŞİD ortaya çıxdı. Həmin dəqiqələrdə “Bataclan”-a hücum oldu. Paris qana bulandı. Fransa Prezidenti Fransua Olland stadionu çətinliklə tərk etdi. 175 adam can verdi. Bir güc Fransa ilə Almaniyanın dostluğuna etiraz edirdi. Problemin mərkəzi də bura idi.
Bizi də bu nöqtə maraqlandırırdı. Köç böhranı, İdlib, Liviya, Həftər, kürd dövləti layihəsi, Fəratın şərqi, Rusiya böhranı – hamısı eyni nöqtədə birləşirdi. Bunu İranı da daxil edərək “İpək yolu”na qədər uzada bilərsiniz.
Ancaq zaman keçdikcə ittifaqların rəngi dəyişdi. Son İdlib hücümünda bu, aydın göründü. Xatırlayırsınızsa, Boris Conson Türkiyəyə gələn zaman bunları söyləyirdi: “Birləşmiş Krallıq xarici siyasətdə üfüqlərini genişləndirəcək. Türkiyə və dostlarımızla əlaqələrimizi çox gücləndirəcəyik. Qlobal Britaniya dedikdə, bunu nəzərdə tuturuq. Türkiyə vazkeçilməz bir ortağımızdır. Qarşı-qarşıya olduğumuz təhlükələrin önündə Türkiyə dayanır.”
Məncə, Consonun bu çıxışından sonra İngiltərə-Almaniya savaşını gizlətmək artıq mümkün deyildir. “Stade de France”-da başlayan hücumdan sonra Fransa və Almaniya daha da yaxınlaşdı və təsir sahələrini canlandırmağa çalışdılar. Makron hakimiyyətə gəlsə də, bu durum dəyişmədi, Merkellə birgə yürüdü.
Bu ittifaq təsir etdikləri ölkələrlə birlikdə Liviyada da, Suriyada da, Aralıq dənizində də qarşımıza dikildi. Onlar Türkiyənin İngiltərə ilə birgə hərəkət etməsinə qarşı etiraz edirdilər. Hesab edirdilər ki, Tramp respublikaçı olduğuna görə İngiltərə vasitəsilə Ankaraya müsbət təsir edir. Ancaq kürd məsələsində həm Almaniyanın, həm də Fransanın mövqeyi ABŞ-la eynidir. Çox ortaq nöqtə var idi. PKK ABŞ-da çox görünmür, lakin Almaniya və Fransada əl-qolunu sallayıb gəzir. Verilən dəstəyin sərhəddi yoxdur. Eyni şəkildə Moskvada da dəstək ala bilir.