Putinin Türkiyə ümidi Dünya

Putinin Türkiyə ümidi

"Türkiyəyə yeni üfüqlər axtarmağa gəlirəm"

Cavid

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə gedir. Putini Türkiyə səfərində 10 nazir müşayiət edəcək. Rusiya prezidentinin Türkiyəyə səfərinin məqsədi Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci iclasında iştirakıdır. Putin Ərdoğanla birlikdə iclasa sədrlik edəcək.
Görüşlərdə iki ölkə arasındakı 35 milyard dollarlıq ticarət həcminin 2020-ci ilə qədər 100 milyard dollara çatdırılması barədə danışılacaq.
Toplantıda iqtisadiyyat və enerji sahələrində əməkdaşlıq müzakirə olunacaq. Bundan başqa, Türkiyədən Rusiyaya meyvə və tərəvəz ixracı, Rusiyada yaranan qıtlığın aradan qaldırılması ilə bağlı danışıqlar aparılacaq. Enerji sahəsində isə Ağquyu nüvə stansiyasında işlərin sürətləndirilməsi perspektivləri araşdırılacaq.
Qeyd olunur ki, istər Ankara, istərsə də Moskva ticarət həcmini 2020-ci ilə qədər 100 milyard dollara çatdırmaqda maraqlıdır.
Putin Türkiyə səfərinə böyük ümidlə baxdığını bildirib. Rusiya prezidenti Kremldə xarici səfirləri qəbul edən zaman deyib: "Türkiyəyə yeni üfiqlər axtarmağa gəlirəm".
Tədbirdə Türkiyənin Moskvadakı səfiri Ümid Yardım da olub. Qeyd edək ki, Ümid Yardım MDB məkanını yaxşı tanıyır, Türkiyənin Bakıdakı səfirliyində baş katib olub.
Putin görüşdə deyib: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə aramızda çox yaxın dialoq mövcuddur. Dekabr ayında Türkiyədə keçiriləcək Üst Səviyyə Əməkdaşlıq Şurası (ÜDİK) konfransı üçün Ankaraya gələndə əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün birlikdə yeni üfiqlər arayacağıq".
Xatırladaq ki, ötən il Sankt-Peterburqda Rusiya və Türkiyə arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının IV iclası keçirilib. Putin o zaman da Sankt-Peterburqa səfər edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşüb. V.Putin iki ölkə arasındakı münasibətlərin uğurlu inkişafından razı qaldığını bildirib.
"Bizim birbaşa iştirakımız olmadan da Rusiya və Türkiyə arasındakı münasibətlər uğurlu şəkildə inkişaf edir. Bu görüş həmin prosesə, sadəcə, yardım etmiş olacaq.", - Rusiya dövlət başçısı bildirib.
R.T.Ərdoğan isə öz növbəsində, danışıqlara böyük əhəmiyyət verdiyini və danışıqlarda qarşılıqlı maraqları əks etdirən aktual məsələlərə toxunmaq niyyətində olduğunu söyləyib: "İnanıram ki, birgə həyata keçirməli olduğumuz addımlar var". Liderlər, həmçinin bir sıra beynəlxalq və regional problemləri də müzakirə ediblər.
Qeyd edək ki, Rusiya Türkiyənin xarici ticarətində ikinci ən mühüm tərəfdaşdır.Türkiyə isə Rusiyanın xarici ticarətində yeddinci yeri tutur. 2012-ci ildə qarşılıqlı məhsul dövriyyəsinin dəyəri 34 milyard dollardan artıq olub. Cari ildə bu göstəricilərdə bəzi azalmalar qeydə alınıb. Buna səbəb isə mənfi qlobal vəziyyətdir. Rusiyanın Türkiyəyə yatırdığı birbaşa sərmayənin ümumi həcmi 1,57 milyard dollar, Türkiyənin Rusiyaya yatırdığı sərmayənin həcmi isə 0,7 milyard dollar təşkil edir.
Ölkələr arasında energetika sahəsindəki əməkdaşlıq dinamik inkişaf edir. Rusiya Türkiyəyə yanacağın strateji ixracatçısı hesab olunur. Belə ki, Türkiyə Rusiya təbii qazının istehlak həcminə görə Almaniyadan sonra ikincidir.
Bildirək ki, gündəmdə bir sıra perspektivli layihələrin həyata keçirilməsi var. Bu layihələr regional enerji təhlükəsizliyini– "Cənubi axın" qaz borusunun, Türkiyə ərazisindəki ilk atom-elektrik stansiyasının (AES) tikintisini möhkəmləndirəcək. İki ölkənin humanitar sahədəki əməkdaşlığı da uğurla inkişaf edir.
Onu da bildirək ki, Rusiya prezidenti Vladimir Putinin dekabr ayının əvvəlində Türkiyəyə edəcəyi səfər hər 2 ölkədə böyük müzakirələrə səbəb olub.
Putinin Türkiyəyə səfəri barədə birmənalı fikir olmasa da analitiklərin əksəriyyəti bu səfərin hər iki ölkənin maraqlarına uyğun olduğu qənaətindədirlər.
Belə ki, Qərbin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar fonunda Kremlin Türkiyə timsalında özünə yaxın tərəfdaş seçməsi tam təbii görünür. Eləcə də Avropa Birliyinin qapılarının bağlı olduğu Türkiyə üçün də Rusiya ilə iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi sərfəli hesab olunur.
Bu səbəbdən də Putin və Ərdoğan hakimiyyətlərinin 2020-ci ilə qədər Rusiya ilə Türkiyə arasında ticarət həcminin 100 milyard dollara çatdırılmasına çalışması başa düşüləndir.
Ayrıca neft və qazla Qərbi təzyiqdə saxlayan Rusiyanın Xəzər dənizinin, İraqın və prespektivdə İranın enerji daşıyıcılarının Avropaya çatdırılmasında tranzit rolunu üzərinə götürməyə hazırlaşan Türkiyə ilə münasibətlərin yaxşılaşması hər iki dövlətin strateji maraqlarına cavab verir.
ABŞ başda olmaqla Qərb ölkələrinin apardığı siyasət də Rusiya ilə Türkiyə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə çatmasını zəruri edir. Belə ki, qarşılarında güclü Türkiyə görməmək üçün Qərb ölkələri NATO üzvü olan dövlətə qarşı müxtəlif ssenarilər işə salır. Buna misal olaraq PKK terror təşkilatını, Yaxın Şərqdə müstəqil Kürdüstan dövlətinin yaradılması layihələrini göstərmək olar. NATO üzvü olan Türkiyənin güclənməsində Rusiya da eyni texnologiyadan istifadə etməkdə maraqlı tərəflərdən biridir. Lakin 2 ölkə arasında münasibətlərin yaxşılaşacağı təqdirdə Rusiyanın Türkiyəyə qarşı bu addımları atacağı inandırıcı görünmür.
Rusiya ilə Türkiyənin yaxınlaşması Qafqaz və Yaxın Şərq bölgələrində sabitliyə böyük təkan verəcəyi şübhəsizdir. Bu isə hər iki bölgəyə Qərbin təsirini minimuma endirəcək.
İqtisadi cəhətdən isə 2 ölkənin yaxınlaşması daha çox Türkiyənin xeyrinə olacağı gözlənilir. Çünki xidmət və yüngül sənaye iqtisadiyyatı yaxşı inkişaf etmiş Türkiyə iş adamları üçün Rusiya kimi böyük bir bazarda heç bir əngəl qalmayacaq. Və Rusiyanın təbii sərvətlərindən bəhrələnənlər arasında da Türkiyə ön sırada olacaq. İkinci bir tərəfdən isə korrupsiyalaşmış Rusiyadan Qərbə axan kapital axının müəyyən bir hissəsi Türkiyə iqtisadiyyatına yönəldilə bilər.
Rusiyanın isə bundan uduşu o bilər ki, nisbətən imkanlı (Çin, Hindistan və başqa Asiya ölkələri ilə müqayisədə) Türkiyə vətəndaşları hesabına əmək bazarının problemlərini də yoluna qoya bilər. Və bu Rusiyanın gələcəyi üçün Çin qədər təhlükəli deyil.
Hərbi cəhətdən də Rusiya ilə əməkdaşlıq Türkiyəyə sərf etməlidir. Dünyanın ən böyük nüvə arsenalına malik Rusiya ilə əməkdaşlıq Türkiyənin də gələcəkdə nüvə ölkəsinə çevrilməsini sürətləndirə bilər.
Elə Putinin dekabr ayında böyük nümayəndə heyəti ilə Türkiyəyə səfəri çərçivəsində Akkuyu Atom Elektrik Stansiyasının tikilməsi işlərinin sürətləndirilməsi məsələləri də müzakirə ediləcək.
Analitiklərin fikrincə, Putinin yaxın prespektivdə Türkiyədən istədiyi kənd təsərrüfatı mallarının Rusiyaya ixracının artırılmasıdır. Qərbin sanksiyaları fonunda Türkiyədən meyvə və tərəvəz məhsullarının ixracının artması Rusiya qədər elə türk iş adamlarının da maraqlarına tam olaraq cavab verir.
Qərbin Rusiya ilə Türkiyə yaxınlaşmasına mənfi münasibət göstərəcəyi məlum olsa da buna mane olmaq imkanları sual doğurur. Belə ki, hər iki ölkənin hazırkı hakimiyyətlərinə Qərb tərəfdən heç də yaxşı münasibət göstərilmir. Əgər Putinin timsalında keçmiş SSRİ-nin bərpa etmək istəyən və imperiya ambisiyaları ilə yaşayan şəxs görülürsə, Ərdoğan da Osmanlı imperiyası kimi İslam dünyasında Türkiyənin xilafət rolunu öz üzərinə götürməyə çalışan lider kimi qiymətləndirilir.
Bütün bu münasibətlərin fonunda Qərbin Türkiyə ilə Rusiyanın yaxınlaşmasına mane olmaq imkanları azalmış olur. Ən önəmlisi isə odur ki, Türkiyə və Rusiya bir çox beynəlxalq məsələlərdə eyni mövqelərdən çıxış edir. Xüsusi ilə də BMT-nin ABŞ və Avropa ölkələrinin təsirində olması ilə nə Ərdoğan, nə də Putin razılaşır.
Rusiya, Çin və ABŞ "peyk qırıcıları" üzərində işləyir.
Bu barədə "The Moscow Times" qəzetində jurnalist Metyu Bodner yazıb.
Onun sözlərinə görə, daha əvvəllər manevrlər etmiş Rusiyanın naməlum kosmik gəmisi "peyk qırıcıları"nı xatırladır. M.Bodner qeyd edib ki, bu manevrlər Rusiya hərbi provokasiyalarının tezliklə kosmosda da özünü göstərəcəyi barədə qorxular doğurdu.
Lakin ekspertlər bildirir ki, Rusiya yer orbitində dinamik və potensial olaraq öldürücü texniki vasitələr hazırlayan yeganə kosmik ölkə deyil. İllərdir ki, həvəskar kimi perkləri müşahidə edən hərbi ekspert Robert Kristi qeyd edir ki, Rusiya ilə yanaşı Çin və ABŞ-da oxşar potensialın hazırlanması ilə məşğuldur.
Amerika Kosmik Agentliyində (NASA) mühəndis işləmiş Ceyms Oberq deyib ki, Çin və Rusiyanın bu yaxınlarda həyata keçirdiyi kosmik sınaqları rəsmi olaraq elan olunmamışdı. O, sınaqların sülh məqsədlərinə xidmət etmədiyini bildirib.
"The Moscow Times" qəzeti yazır ki, Rusiya bu sahədə digər ölkələri qabaqlamır: "ABŞ bu cür manevrləri ən azı iki dəfə keçirib. Amma Çin son dörd il ərzində ən azı üç dəfə bunu edib".
Dünya iki yerə bölünür: Rusiya G-20-yə qarşı Çinlə birləşir
Şoyqunun G-20 sammitindən dərhal Pekinə səfəri təsadüfi deyil.
Bu iddia ilə Yaponiyanın "Diplomat" ("The Diplomat") qəzeti çıxış edib.
Qəzet Pekinlə Moskvanın G-20-dən gələcək zərbənin nə qədər təhlükəli olduğu haqqında xəbərdar olduğunu bildirib. Məqalədə Şoyqunun Pekin səfərinin məhz G-20-nin Brisbendə Moskvaya, eləcə də Putinə qarşı formalaşdırdığı mövqeyə cavab olduğu vurğulanıb.
Rusiya ilə ABŞ arasındakı fərq
"Rusiya Ukraynanın müstəqil sərbəst siyasəti aparmaq qabiliyyətinə inanmır. Moskvada belə bir fikir hökm sürür ki, Kiyevdə baş verən bütün hadisələrin arxasında ABŞ durur".
Bu sözləri ABŞ prezidenti Barak Obamanın keçmiş xüsusi köməkçisi, ABŞ Dövlət Departamentinin beynəlxalq proqramlar üzrə bürosunun koordinatoru Meykon Filips deyib.
"Biz tez-tez məqalələrin başlıqlarını görürük ki, Maydan hadisələrinin Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən hazırlandığı deyilir. Bu bizim sivilizasiyalarımızın arasındakı fərqi göstərir. Rusiya inanmır ki, Ukraynanın özü problemlərin öhdəsindən gələcək və buna görə də düşünür ki, Kiyevi ABŞ-ı maliyyələşdirir. ABŞ isə inanır ki, Ukraynanın özü bacaracaq", - deyə Maydan hadisələri ilə bağlı Kiyevdə keçirilən konfransda Filips bildirib.
Onun sözlərinə görə, Ukrayna hökumətinin keçirəcəyi islahatlar Rusiyanın yalanının ən yaxşı cavabı olacaq.