Putin dünyanı aldatmağa çalışır Dünya

Putin dünyanı aldatmağa çalışır

Rusiya-Qərb qarşıdurması Üçüncü dünya müharibəsi təhlükəsi yaradıb

Cavid

Rusiya hərbçilərinin Krımı tərk etdiyi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Krımın Kerç yarımadasında hələ də rus hərbçiləri qalmaqdadır. Bundan başqa Rusiya prezidenti Putin Krımda Qara dəniz donanmasını gücləndirməyi və ora əlavə hərbi gücü artırmağı planlaşdırıb. Amma Putinin Ukrayna məsələsində rəsmi Kiyevlə hərb dili ilə danışmasının ona baha başa gələcəyi barədə xəbərdarlıqlar artıq özünü doğrultmağa başlayıb.
Putin Rusiya hərbi qüvvələrinin Ukraynaya göndərilməsini inkar etsə də, ölkədə yaşayan rusların müdafiə edilməsi seçiminin qaldığını bildirib. Lakin Ukrayna hərbi dəniz qüvvələrinə məxsus "Slavutiç" və "Ternopol" gəmilərinin ekipaj üzvləri bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransında açıq-aşkar yalan danışıb.
Bu barədə ekipaj üzvlərinin beynəlxalq media şirkətlərinə müraciətində bildirilir: "Hesab edirik ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin aşkarcasına yalan danışıb. Putinin son günlər Krım Muxtar Respublikasında Rusiya Silahlı Qüvvələrinin iştirakı olmadığı barədə fikirləri yalandır. Çünki hazırda Sevastopol buxtasında yan alan Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus "Ternopol" və "Slavutiç" gəmiləri Rusiyanın Qara dənizdəki hərbi donanması tərəfindən blokadaya alınıb".
ABŞ prezidenti Barak Obama isə Vaşinqtonda Pouell adına məktəbdə görüş zamanı Ukraynadakı vəziyyətlə bağlı açıqlama verib. Obama deyib ki, onun administrasiyası suveren, müstəqil xalqın öz həyatı ilə bağlı qərarları özünün verməli olduğuna inanır.
ABŞ prezidenti Rusiyanın hərbi aksiyalarını tənqid edərək, bunu beynəlxalq qanunun pozulması kimi dəyərləndirib. Obama deyib ki, Rusiyanın qonşu ölkədə baş verənlərlə bağlı legitim maraqlarının olduğu başa düşülsə də, bu, ölkənin daxili işlərinə müdaxilə etmək məqsədilə hərbi gücdən istifadə edilməsi hüququ vermir.
Obama administrasiyası isə dünən Ukraynaya yardım məqsədilə 1 milyard dollar məbləğində subsidiya paketi ayırdığını bəyan edib. Birləşmiş Ştatlar Moskvanın hərbi qüvvələrini Ukraynada yerləşdirilməsi ilə bağlı narahatlıqlar fonunda Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiq edilməsi məsələni nəzərdən keçirir.
Bu arada Kiyev şəhərinə gedən ABŞ dövlət katibi Con Kerri Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya qoşunları faktiki olaraq Ukraynaya daxil olub: "Hansısa mənada Rusiya liderləri işğalçıdır. Ancaq hələ onlar indiyədək Ukraynaya nəyə görə daxil olduqlarını düzgün izah edə bilməyiblər. Rəsmi Moskvanın guya "Ukraynada rus xalqına qarşı təhlükə var" iddiası inandırıcı deyil. Əslində onlar bu sözləri işlətməklə özlərinə haqq qazandırmaq istəyirlər. Hamı bilir ki, Ukrayna hərbçiləri Krımda heç kəsə güllə atmayıb. Əslində isə Rusiya ordusu onları mühasirəyə alıb və Krımın ərazisinə daxil olub".
Qeyd edək ki, Rusiyanın Ukraynadakı hərbi fəaliyyətlərinə görə, ABŞ və Avropa Kremlə qarşı sanksiyaları nəzərdən keçirir. ABŞ-dan sonra Kanada Rusiya ilə hərbi əməkdaşlığı dayandırıb. Bu barədə Kanada baş-naziri Stiven Harper məlumat verib: "Mən Rusiya hərbi hissələri ilə Kanada hərbi qüvvələri arasında istənilən qarşılıqlı planlaşdırılmış əməliyyatların dayandırılması haqqında sərəncam verdim".
Qərbli ekspertlər isə Vaşinqtonun Moskvaa ünvanlanan xəbərdarlıqlarının hərbi müstəviyə keçəcəyinə inanmırlar. Diplomatik Müdafiə Təlimləri İnsitutunun direktoru İan Von Qordon ciddi bir qarşıdurmanın baş verməcəyini deyir: "ABŞ nə qədər hədələsə də, ciddi bir şey olmayacaq. Bu, iki yaşlarında uşaqların bir-birinin ayağını basması demək olar".
O, Amerikanın səsini yüksəltməsinə baxmayaraq, Ukraynanın daha çox Avropa üçün başlıca məsələ olduğunu deyir: "ABŞ Avropanı ətrafında baş verənlərlə bağlı ciddi addım atmağa sövq etməlidir".
Vaşinqtondakı Brukinqs institutunda xarici siyasət məsələləri üzrə təhlilçi Maykl Ohanlon isə Putinin ordunu Ukraynanın yeni qərbyönümlü hökumətinə meydan oxumaq üçün yerləşdirdiyini deyir: "O, Kiyevdəki yeni hökuməti narahat etməyə çalışır. Bu, yeni hökumətin Ukraynada Rusiyapərəst elementlərə münasibətdə daha az hörmət göstərməsinə nail olmaq üçün məcburi diplomatiyanın bir növüdür".
Vaşinqtondakı Heritac Fondunda təhlilçi Stiven Buççi isə bildirib ki, ölkə ciddi şəkildə parçalanmaq təhlükəsi qarşısındadır. O, Amerikanın Ukraynaya təsirinin məhdud olduğunu deyir: "Bizim bu məsələ ilə bağlı danışmaqdan başqa seçimimiz yoxdur və mən düşünmürəm ki, bunun bir təsiri olacaq".
Maraqlıdır ki, Ukrayna ilə sərhəddə təlimləri dayandıran Rusiya rəhbərliyi bir neçə saat sonra Həştərxan vilayətində "Topol" adlı qitələrarası ballsitik raketini sınaqdan keçirib. Amma Vaşinqton bundan narahat görünmür. ABŞ hökuməti Rusiyanın bu addımını normal qarşılayıb. Bildirilib ki, rəsmi Moskva raket sınağının keçiriləcəyi barədə əvvəlcədən Vaşinqtona məlumat verib.
"Rusiya Ukraynada baş verən hadisələrdən əvvəl raket sınağını keçirəcəyini bəyan etmişdi", - deyə ABŞ hökumətinin açıqlamasında bildirlir.
Rəsmi Moskva sınağın keçirilməsi ilə bağlı ABŞ-a əvvəlcədən xəbərdarlıq etsə də, ekpertlər bunu Pentaqona bir mesaj kimi də dəyərləndirirlər.
Krımda da gərginlik hələ də davam edir. Ukrayna Silahlı Qüvvələri Hərbi-Dəniz Donanmasına məxsus "Slavutiç" gəmisinin heyəti Krımda rus hərbçilərinin hücumunun qarşısını alıb. Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. Xəbərdə deyilir ki, ruslar gəmini ələ keçirməyə çalışıblar.
"Bir qrup silahlı şəxs yedək gəmisində "Slavutiç"ə yaxınlaşıb. Amma təcavüzkar qüvvələr gəmi heyətinin güclü müqaviməti ilə üzləşiblər. Gəlmələrin məqsədi gəmini, oradakı silahları ələ keçirmək və matrosları əsir almaq olub" - deyə Ukrayna HDQ-in gəmi briqadasının komandiri, 2-ci dərəcəli kapitan Vitali Zvyaqintsev bildirib.
"Novosti Krıma" agentliyi isə xəbər verir ki, rus hərbçiləri ukraynalılara hərbi hissələri tərk etmək üçün tələbini irəli sürməkdədirlər. Lakin Ukrayna hərbçiləri geri çəkilmək niyyətində olmadıqlarını bildiriblər.
Xəbərə görə, Rusiyaya məxsus xüsusi təyinatlılar Ukraynanın kurort şəhəri sayılan Yevpatoriyaya doğru irəliləməkdədir.
Ukraynanın unian.net saytı isə xəbər verir ki, rusların irəlilədikləri istiqamət şəhər daxilindəki hərbi raket bazasıdır. Sayt xəbər verir: "Xüsusi təyinatlı "qastrolçular" Ukraynanın zenit-raket hərbi hissəsinin ("A-4519") Yevpatoriyadakı hərbi hissəsinə hücuma hazırlaşırlar. Xüsusi təyinatlılara yerli radikallar silahlı dəstək göstərirlər. Atəş səsləri eşidilməsə də, qarşı tərəf ukraynalı hərbçilərə ərazini tərk etmək çağırışı edirlər. Lakin ukraynalılar təslim olmurlar. Hücumçular Belbekdəki insidentin iştirakçılarıdırlar".
Hərbi hissənin rəsmisi mayor Nikolay Lukyançuk isə bildirib ki, rusiyalı hərbçilərə buraxılmış "Berkut" dəstəsinin silahlıları da dəstək göstərirlər: "Onlar rusların tərəfində döyüşürlər. Ancaq biz dirəniş göstəririk".
"Baxmayaraq ki, Putin ordunun dislokasiya məntəqələrinə geri dönməsi haqqında qərara verib, Rusiya Federasiyasının silahlı qüvvələri hələ də Ukrayna ərazilərindədir". Bu barədə Ukraynanın "tsn.ua" saytı ölkənin Xarici İşlər Nazirliyinin verdiyi bəyanatına istinadən xəbər verir.
Ukrayna XİN-nin informasiya siyasəti departamentinin direktoru Yevgeniy Perebiynis bəyan edib ki, hazırda Ukrayna sərhədləri yaxınlığında hərbi təlim keçən Rusiya ordusu hələ də ərazidə qalmaqda davam edir.
Onu da bildirək ki, ABŞ Ukraynadakı vəziyyətlə əlaqədar bu ilin iyun ayında Soçidə keçirilməsi planlaşdırılan G8 sammitində iştirakdan imtina edə bilər. Bu haqda RİA Novosti bildirib.
ABŞ rəsmilərinin sözlərinə görə, əgər Rusiya Ukrayna məsələsində mövqeyini dəyişməsə, Barak Obama sammitdə iştirak etməyəcək.
Qeyd edək ki, bir müddət öncə "Böyük səkkizlər" sammitə hazırlıq işlərini dondurduqlarını açıqlayıblar.
Türkiyə mediası isə xəbər yayıb ki, Krım yarımadasındakı gərginlik hər saniyə artdığı bir vaxtda ABŞ dəniz donanmasına aid döyüş gəmilərinin Qara dənizə doğru istiqamət götürməsi müşahidə olunub.
Yunanıstanın hərbi xəbərlər yayan krosnos.gr saytının diplomatik mənbələrə istinadən yaydığı xəbərə görə, isə ABŞ hərbi dəniz donanmasına aid ən önəmli döyüş raket kreyserlərindən 61 port nömrəli, 180 metr uzunluğunda və 300 əsgərin daşındığı "US Ramage" və "US Navy" adlı 6-cı təyyarədaşıyanı Yunanıstan sularından Qara dənizə doğru istiqamət götürüb. Xəbərdə ABŞ döyüş gəmilərinin Ukrayna sahillərinə yaxın, Krım yarımadası sularında yerləşəcəyi ehtimal olunur.
Rusiyanın Suriya olayları ilə əlaqədar Aralıq dənizində görəvləndirdiyi 50 bort nömrəli "Saratov", və 156 saylı "Yamal" hərbi gəmiləri də komandanlıq tərəfindən Qara dənizə çağırılıb. Rusiya gəmiləri Egey dənizindən Çanaqqala boğazına keçərək Krım sularına doğru hərəkət edib.
Gəmilər Türkiyə Sahil Təhlükəsizliyi Komandanlığına aid bir qayığın müşayiəti ilə manevr edilməsi çətin olan Nara burnunu döndükdən sonra Qara dənizə doğru üzərək gözdən itib.
İngiltərənin "Guardian" qəzeti isə Krımda yerləşən və Rusiya hərbçiləri tərəfindən mühasirəyə alınan Ukrayna hərbi bazalarındakı əsgərlərinin ruslara təslim olmamaqda qərarlı olduqlarını önə çıxarıb. Qəzet hadisələrin gedişi ilə bağlı 2 ssenarini gündəmə gətirib. Bunlardan biri Gürcüstan ssenarisidir ki, Rusiya 2008-ci ildəki təcavüzü təkrarlayacaq. Yəni Rusiya sürətli hücumla hərbi üstünlük qazanacaq və Krımın statusu ilə bağlı keçiriləcək görüşlərdə danışıqlar masasına güclü mövqe ilə oturacaq. Əslində bu artıq gerçəkləşmiş durumdadır. Lakin görünən odur ki, Rusiya təkcə bununla kifayətlənməyəcək və Krımdan savayı da istəkləri ola bilər.
İkincisi isə Yuqoslaviya ssenarisi ki, Rusiyanın Krımla yanaşı Ukraynanın şərq hissəsinə hərbi güc çıxarmaqla ölkənin şimal-qərb və cənub-şərq hissələrinə bölünməsini gündəmə gətirə bilər. Bu durumda Ukrayna dilində danışan katolik çoxluq ilə rusdilli pravoslav azlıq arasında vətəndaş müharibəsi qaçılmaz olacaq.
Diplomatik addımlara gəlincə isə Avropa Birliyinin bu tip vəziyyətlərdə ənənəvi davranışı hamıya bəllidir. İqtisadi sanksiyalar və ticari qadağalar. ABŞ da Rusiyanın iqtisadi təcridi siyasətini yürüdə bilər.