Ukraynanın xilası mümkündürmü? Dünya

Ukraynanın xilası mümkündürmü?

Ərəstun Oruclu: "Kremlin yürütdüyü siyasət Rusiyanın özünü də məhvə sürükləyir"

Ukrayna ordusu ilə Rusiyanın dəstəklədiyi seperatçılar arasında qarşıdurma getdikcə şiddətlənməkdədir. Kremlin hərbi-siyasi və iqtisadi yardımları hesabına öz mövqelərini möhkəmləndirən seperatçılar Ukrayna ordusuna qarşı hərbi əməliyyatları genişləndirməkdədir. Bəzi iddialara görə rus ordusunun da seperatçılar tərəfindən iştirak etdiyi döyüşlərdə Ukrayna ordusunun əsas kontingentinin məhv edilməsinə çalışılır ki, məqsəd Kiyev hökumətini təslimçi sülhə razı salmaqdır.
Qərbin verdiyi dəstək xarakterli bəyanatlara rəğmən Ukraynanın bugünkü vəziyyəti kifayət qədər ümidsiz görünür. Maraqlıdır, indiki şərtlərlə Ukraynanın xilası mümkündürmü? Ukrayna labüd rus işğalında sığortalana bilərmi? Doğrudanmı, Avropanın mərkəzində qərarlaşan Ukrayna bütün dünyanın gözü qarşısında addım-addım, qarış-qarış işğal ediləcək?
Bununla bağlı açıqlama verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu maraqlı fikirlər səsləndirib. Politoloq Ukraynanın üzləşdiyi vəziyyətin ümidsizliyini qeyd etməklə yanaşı, məlum işğalçılıq siyasətinin Rusiyaya da baha başa gələcəyini vurğulayıb.
Ekspertin sözlərinə görə, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar olduqca mühüm əhəmiyyətə malikdir: "Ukraynanın mövcud vəziyyəti kifayət qədər ağırdır. Çünki bu münaqişə başlayanda Ukrayna ordusu dağılmış vəziyyətdə idi. Yanukoviç Ukraynanın həm siyasi, həm də iqtisadi sistemini sıradan çıxartmışdır. Bu gün yeni Ukrayna hökumətindən sürətli tərəqqi və yenidənqurma gözləmək sadəlövhlükdür. Mən hələ ortada olan naşılıqları, siyasi səhvləri demirəm. Digər bir tərəfdən Rusiyanın aşkar şəkildə Ukraynaya qarşı işğalçılıq siyasəti yürütməsi, təbii ki, narahatlıq doğurur. Bu mənada Qərbin, Avropa Birliyinin Rusiyaya tətbiq edilən sanksiyaları daha 6 ay müddətində uzatması çox effektiv addımdır. Çünki biz son 6 ay ərzində hansı proseslərin getdiyini gördük, Rusiya iqtisadiyyatının hansı vəziyyətə düşdüyünə şahid olduq. Nəzərə alsaq ki, qarşıdakı 6 ay ərzində qüvvədə olacaq sanksiyalar neftin qiymətinin azalması fonunda özünü daha aydın hiss etdirəcək, o zaman Rusiya iqtisadiyyatının böyük problemlərlə üz-üzə qalacağını söyləmək olar. Rusiyanı müharibəsiz geri oturtmağın yeganə yolu sanksiyalardir".
Ə.Oruclunun fikrincə, bu gün Rusiya daxilində ciddi sosial gərginlik müşahidə edilir ki, rəsmi Moskva diqqəti daxili problemlərdən yayındırmaq üçün müharibəyə can atır: "Bu gün Rusiya cəmiyyətində sosial-iqtisadi problemlər səbəbi ilə ciddi gərginlik yaşanmaqdadır. Bu, Rusiya hakimiyyətinin opponentlərinə imkan verəcək ki, cəmiyyətdə siyasi aktivliyi artırsın. Bunun qarşısını almağın yeganə yolu müharibədir. Buna görə də Ukraynada baş verən bütün uğursuzluqlara baxmayaraq, ABŞ və Avropa Birliyinin sərgilədiyi taktika düzgün taktikadir. Bu taktika müharibəyə rəvac vermir. Rusiyanı iqtisadi baxımdan boğur. İnanıram ki, müharibəyə rəvac verilməsə, bu taktikanın effekti olacaq. Bu da istisna deyil ki, Rusiya hətta rəvac verilməsə də, müharibəyə başlaya bilər. Bu halda Rusiyanın Ukraynanı işğal etməsi ehtimalı da kifayət qədərdir. Lakin Rusiya Ukraynanı işğal etsə belə, nəyə nail olacaq ki? Rusiyaya qarşı sanksiyalar daha da güclənəcək, Ukrayna da ruslara qarşı genişmiqyaslı partizan müharibələri baş verəcək. Rusiyanın daxilində isə nələrin baş verəcəyini yalnız təsəvvür etmək olar".
Politoloqun qənaətincə, Ukraynanın vəziyyəti ağır olsa da, Kremlin yürütdüyü siyasət Rusiyanın özünü də məhvə sürükləyir: "Ukrayna Rusiyanın qarşısında çox zəif görünür. Rusiya istəyir ki, NATO Ukraynadakı proseslərə müdaxilə etsin. Söhbət hərbi müdaxilədən gedir. Lakin göründüyü kimi, Qərbin, NATO-nun belə bir istəyi yoxdur. Sadəcə, Ukraynanı silahlandıracaqlar. Lakin Rusiyanın qarşısında dayanmaq üçün Ukraynaya bu da kifayət eləməyəcək. Rusiyanın yürütdüyü aqressiv siyasət onu məhvə aparır. Bu artıq görünür. Göründüyü üçün də Rusiya istənilən müharibəyə hazırdı".