Qərblə Rusiya arasında İran uğrunda savaş gedir Dünya

Qərblə Rusiya arasında İran uğrunda savaş gedir

Ərəstun Oruclu: "Rusiyanın son qərarı İsrailə görə deyil, Qərb-İran yaxınlaşmasından itirməməyə köklənib"

Cavid

Ermənistanın "Lragir.am" saytı Rusiyanın C-300-lərinin Ermənistandan alıb, İrana verə biləcəyi iddiası ilə çıxış edib. Saytın iddiasına görə, hazırda İranı Rusiyanın irəli sürəcəyi bütün variantlar razı salır.
Rəsmi İran artıq bəyan edir ki, raketləri tezliklə almaq istəyir. Amma İrana da bəllidir ki, bu komplekslərin istehsalı artıq dayandırılıb. Saytın yazdığına görə, hazırda İranı hər iki variant – həm C-300-lərin verilməsi, həm də 4 milyard dolların verilməsi razı salır: "Bundan əlavə Moskvanın qərarı ABŞ və İsraildə narazılığa səbəb olub. Rusiya təkcə İrana C-300-ləri verməyəcək, o, həm də burada hiyləgər addım da ata bilər. Məsələn, bu gün Moskvada qəflətən Rusiya və Ermənistanın raket məsələləri ilə əlaqədar nümayəndələrinin iclası keçirilib. Rusiya Ermənistana C-300 raket komplekslərini verib, lakin onların istifadəsi halları baş verməyib. Bununla bərabər, Azərbaycan və Türkiyə Rusiyanı hər zaman bu komplekslərinə görə, qınayırlar. Rusiya Ermənistana verdiyi raketləri alaraq İrana ötürməsi variantı hazırkı dönəmdə istisna deyil. Bu, həm Türkiyə və Azərbaycanı razı sala, həm də Rusiyanın 4 milyard dollarlıq cərimədən qaçmasına yardım edə bilər. Ermənistan isə raketsiz də keçinə bilər".
Qeyd edək ki, 2011-ci ildə açıqlama verən Rusiyanın Hərbi-kosmik Müdafiə üzrə Ekspertlər Şurasının həmsədri İqor Aşurbəyli C-300 raket komplekslərinin istehsalının dayandırıldığını bildirmişdi. O, sonuncu dəfə rus ordusu üçün bu istehsalın 1994-cü ildə baş tutduğunu, ixracat üçün istehsalın isə tələbat olmadığına görə dayandırıldığını söyləmişdi.
Onu da xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bir müddət öncə İrana C-300 raket komplekslərinin verilməsi ilə bağlı qadağanı ləğv edib.
Rusiyanın İrana qarşı silah yasağını aradan qaldırmasına münasibət bildirərkən Ərəstun Oruclu deyib ki, hazırda Qərblə Rusiya arasında İran uğrunda savaş gedir: "Əslində, bu söhbət bir neçə ay bundan əvvəldən var. İsrail-Rusiya münasibətlərində gərginlik yaşanan zaman Moskva açıq şəkildə bildirmişdi ki, C-300-lərin satışına qoyduğu qadağanı aradan qaldıracaq. Vaxtilə Rusiya satışdan imtina etdikdə İran onu beynəlxalq məhkəmə ilə hədələmişdi. Yəni İsrail-Rusiya arasındakı söz savaşı əslində bu qadağanı aradan götürmək üçün bəhanə kimi istifadə olundu. Rusiyanın bu qərarı İsrailə görə deyil, Qərb-İran yaxınlaşmasından itirməməyə köklənib. Yəni Rusiya ilə İran arasındakı münasibətlərin qorunub-saxlanılmasına yönəlib. Təbii ki, burada silah bazarı da əsas rol oynayır. Qərblə-Rusiya arasında İran uğrunda bir növ savaş gedir. İran bu silahları Çindən də ala bilərdi. Necə ki, NATO ölkəsi olmasına baxmayaraq, Türkiyə raket əleyhinə sistemləri Çindən alır. Ona görə də bunu Qərbə qarşı deyil, silah bazarı uğrunda mübarizə kimi də qiymətləndirmək olar. Moskvanın bu işdə öz maraqları var".
O, supergüclərin rəqabət savaşı fonunda bütövlükdə bölgəyə ola biləcək təsir barədə fikir yürütməyin çətin olduğunu vurğulayıb: "Ola bilsin ki, Qərb buna imkan verməsin. Bu, tamamilə mümkündür. Çünki vaxtilə belə zenit raket kompleksləri Suriyaya da satılıb. İsrail-Rusiya gərginliyi məhz ona görə yaşandı ki, İsrail aviasiyası həmin zenit raket komplekslərinin saxlandığı hərbi bazaya aviazərbələr endirərək onları məhv etdi. Çünki İsrail bunu özünə təhdid kimi qəbul edirdi".
Politoloqun sözlərinə görə, əslində Rusiya İranın bölgədəki rəqiblərinə qarşı savaş açıb:
"Hərbi strateji baxımdan Rusiyanın bölgədə bu raketləri yerləşdirməsi Qərbin maraqlarına zidd deyil. Çünki bu, ilk növbədə İranın bölgədəki rəqiblərinə təhdid yaradır. Bu, az da olsa Türkiyə, İsrail və Səudiyyə Ərəbistanıdır. Belə olan halda təbii ki, Qərb silah bazarında inkişaf edəcək. Ola bilsin Türkiyə yox, amma İsrail və Səudiyyə Ərəbistanı silahı dəqiq Qərbdən alacaq. İranın bu cür silahlanması fonunda həmin ölkələr də məcburdur ki, öz silah potensialını gücləndirsinlər və onlardan heç biri Rusiya ilə hərbi tərəfdaş deyil. Belə olan halda da təbii ki, silahı Qərbdən alacaqlar. Buna görə də indi hələ dəqiq məlum deyil ki, bu, Qərbin xeyrinədir, yoxsa ziyanına".