“Rusiya Federasiyası özü də tarixin təhrif olunmasına qarşı çıxır”-İlyas Hüseynov Dünya

“Rusiya Federasiyası özü də tarixin təhrif olunmasına qarşı çıxır”-İlyas Hüseynov

“Rusiya Xarici İşlər Nazirliyinin tarix-sənədləşdirmə departamentinin fevralın 21-də yaydığı məlumat tarixi faktların qərəzli şəkildə təhrif olunmasıdır. Bu cür addımlar ikitərəfli münasibətlərə zərbə vurmaqla yanaşı, Rusiya ilə Azərbaycan arasında olan münasibətlərin pozulması hədəfləyən qüvvələri də sevindirir. Bu, Rusiyanın Xarici İşlər Nazirliyinə sızmış ermənilərin və ermənipərəst şəxslərin Rusiya-Azərbaycan əlaqələrinə xələl gətirmək, Azərbaycan Prezidentinin Rusiyaya uğurlu səfərinə, ölkələr arasında imzalanmış müttəfiqlik sənədinə kölgə salmaq cəhdi kimi dəyərləndirilir. Rusiya Xarici İşlər Nazirliyindəki ermənipərəstlərin bu cəhdləri “arxadan atılan daş” olsa da Rusiya-Azərbaycan münasibətlərində gərginlik yaradılmasına hesablanmışdı”. Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib. İ.Hüseynov diqqətə çatdırıb ki, müttəfiqlik bəyannaməsi Ermənistanda böyük rezonans doğurub: “Rusiya Federasiyası özü də tarixin təhrif olunmasına qarşı çıxır, tarixi yenidən yazmağa cəhd edənlərə qarşı ciddi mübarizə aparır. Tarixi proseslərin, Kürəkçay, Türkmənçay və Gülüstan müqavilələrinin təhrif olunması və ermənilərin maraqlarına uyğun yozulması Rusiya Xarici İşlər Nazirliyinə heç bir başucalığı gətirmir. Bununla yanaşı qeyd edək ki, Kürəkçay, Türkmənçay və Gülüstan müqavilələri haqqında hazırki durumda yalnız ştrixlərin edilməsi heç bir çərçivəyə sığmır. Nəzərə almaq lazımdır ki, Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlərin qurulmasının bu il 30 illiyi qeyd olunacaq. Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələri faktiki olaraq Rusiyanın Cənubi Qafqazda mövcudluğunu, onun hərbi-siyasi qələbəsini rəsmiləşdirdi. Digər tərəfdən, Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələri nəticəsində ermənilərin Azərbaycan ərazilərinə kütləvi şəkildə köçürülməsi təmin edildi. Önəmli xüsus bundan ibarətdir ki, XX əsrin əvvəllərində Ermənistan dövləti məhz tarixi Azərbaycan torpaqlarında yaradıldı. XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan 30 il sonra Rusiya ilə müttəfiqlik münasibətləri quraraq, iki ölkə arasında bərabərhüquqluq və paritetlik prinsipini ən yüksək səviyyəyə çatdırmış, qarşılıqlı faydaya əsaslanan münasibətlərin tərəfdarı kimi çıxış edib”.

Əli Zülfüqaroğlu