“Daily Times” qəzetində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında məqalə dərc edilib Hadisə

“Daily Times” qəzetində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında məqalə dərc edilib

Pakistanın milyonlarla oxucusu olan nüfuzlu "Daily Times" qəzetinin 25.08.2015-ci il tarixli buraxılışında, qəzetin İslamabad baş ofisinin rəhbəri, tanınmış jurnalist Dure Nəcəf Zaidinin "Hilal-e-Pakistan ordeninə layiq görülmüş Mehriban Əliyeva insanlığın xidmətində" adlı məqaləsi dərc edilib.
Bu barədə Heydər Əliyev Fondunun mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, "11.02.2015-ci il tarixində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Pakistanın "Hila-e-Pakistan" ali ordeni ilə təltif edilib. İlk dəfədir ki, xarici ölkənin birinci xanımı bu ali ordenə layiq görülmüşdir" sözləri ilə başlayan məqalədə Mehriban Əliyevanın tanınmış ziyalı ailəsində böyüdüyü, valideynlərindən insan dəyərlərinə hörmətlə yanaşmağı, poeziya, mədəniyyət və musiqini sevməyi öyrəndiyi vurğulanıb.
Məqalədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fondun rəhbəri kimi xeyriyyəçilik ilə məşğul olduğu, Azərbaycan mədəniyyətini dünyada təbliğ etdiyi vurğulanır.
Heydər Əliyev Fondunun prioritet istiqamətlərindən birinin uşaq problemlərinin həlli olduğunu bildirən D.N.Zaidi Fond tərəfindən yüksək standartlara cavab verən Respublika Talassemiya Mərkəzinin, məktəblər və xəstəxanaların inşa olunduğunu, insulin və qanköçürmə proqramlarının həyata keçirildiyini qeyd edir. Bildirilir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə bir sıra ölkələrdə uşaqlar və ahıllar evlərinə maddi və mənəvi yardımlar edilib, əlil uşaqların cəmiyyətə inteqrasiya olunması üçün proqramlar həyata keçirilib.
Məqalədə, həmçinin Mehriban Əliyevanın mədəniyyətin inkişafına verdiyi töhfələrdən danışılır, onun dəstəyi ilə inşa edilmiş Muğam Mərkəzi, konsert zalları, musiqi liseyləri, Niaqarada muğam günləri, Qəbələ festivalı, Vivaldi və Gerşvinin musiqi kompozisiyalarının ifaları, Strasburq kafedral kilsəsinin bərpası, Luvr muzeyində İslam incəsənət mərkəzinin təsis edilməsi və Versal sarayında təmir-bərpa işlərinin aparılması qeyd edilir.
Yazıda Mehriban Əliyevanın 2004-cü ildə Azərbaycanın folkloru və musiqi irsinin inkişafında xidmətlərinə görə UNESCO-nun, 2006-cı ildə isə həyatın müxtəlif sahələrində genişmiqyaslı fəaliyyətinə görə İSESCO-nun xoşməramlı səfiri titullarına layiq görüldüyü bildirilir.
Pakistanlı jurnalist məqaləsində bütün dinlərin nümayəndələrinin ölkəmizdə mehriban şəraitdə yaşadığını bildirərək vurğulayır ki, Azərbaycanın birinci xanımı dinlərarası dialoq mövzusunda keçirilmiş bir çox beynəlxalq konfransların təşəbbüskarı və təşkilatçısıdır.
D.N. Zaidi Fondun diqqət mərkəzində olan idman sahəsinə də xüsusi yer ayırıb. Jurnalist vurğulayır ki, Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan Mehriban Əliyevanın nüfuzu sahəsində 2003, 2004 və 2005-ci illərdə gimnastika üzrə dünya cempionatları Bakıda keçirilib. Yazıda Mehriban Əliyevanın cari ilin iyun ayında Azərbaycanda keçirilmiş Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik etdiyi bildirilib.
Yazıda Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil etdiyi, həmçinin mədəniyyət, təhsil və səhiyyənin inkişafı istiqamətində fəaliyyətinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyevanın Heydər Əliyev ali ordeni ilə təltif olunduğu bildirilir.
Pakistanlı jurnalist Azərbaycanın birinci xanımının Avropanın ən mötəbər mahnı müsabiqəsi olan "Eurovision-2012"nin Bakıda keçirilməsinə rəhbərlik etdiyini də yada salıb.
Dure N. Zaidi Heydər Əliyev Fondunun Pakistandakı fəaliyyətinin 2005-ci ildə baş vermiş zəlzələdən sonrakı dövrə təsadüf etdiyini qeyd edib. Bildirir ki, 2007-ci ildəzəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində Heydər Əliyev Fondutərəfindən qızlar məktəbi inşa edilib və 2012-ci ildə orada əsaslı yenidənqurma və təmir işləri aparıldıqdan sonra Pakistan dövlət rəsmilərinin təşəbbüsü və qərarı ilə məktəbə Mehriban Əliyevanın adı verilib.
Jurnalist 2012-2015-ci illərdə də Azərbaycanın birinci xanımının təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün bölgələrində səhiyyə, təhsil və humanitar sahələrdə bir sıra layihələrin icra edildiyini vurğulayıb.
Jurnalist Mehriban Əliyevanın Pakistandakı fəaliyyətinin iki qardaş ölkə arasında münasibətlərin daha da güclənməsinə xidmət etdiyini bildirib. Qeyd edilib ki, Pakistan xalqı və dövləti bunu yüksək qiymətləndirir.