BŞİH-dən köşk açıqlaması Hadisə

BŞİH-dən köşk açıqlaması

"Bir qəzet köşkündə istifadə olunan işığın pulunu təkcə qəzet satışı ilə ödəmək mümkün deyil"

"Yeni köşklər məhz qəzet satışı üçün nəzərdə tutulub. Lakin, ticarətçilərin öz xərclərini ödəməsi üçün müəyyən hallarda ərzaq mallarının satışına da icazə verilir".
Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin rəisi Ramiz Hacıyev deyib.
Onun sözlərinə görə, indiyədək paytaxta 200-ə yaxın köşk gətirilib və ehtiyac olarsa, yeni köşklərin gətirilməsi də istisna edilmir.
R.Hacıyev qəzet köşklərində ərzaq mallarının satılması haqqında deyilənlərə də münasibət bildirib: "Köşklərdə əsasən qeyri-ərzaq malları satılır ki, bu da ticarətçilərin kommunal və digər xərclərini ödəməsinə imkan yaradır. Bu qəzet köşküdür, ərzaq mağazası deyil. Lakin nəzərə alaq ki, bir qəzet köşkündə istifadə olunan işığın pulu təxminən 60-70 manatdır, qəzet satışından gəlir isə 50 manatdan yuxarı ola bilməz. Belə olan halda ticarətçilər yalnız qəzet satışı ilə öz xərclərini ödəyə bilmirlər. Bu baxımdan müəyyən hallarda onlara güzəştlər olunur. Eyni zamanda həmin köşklərdə əsasən qeyri-ərzaq malları satılır. Yəni xarab olma ehtimalı olan mallar satılmır".