Hesablama Palatası 160,3 milyon manatlıq nöqsan aşkarlayıb İqtisadiyyat

Hesablama Palatası 160,3 milyon manatlıq nöqsan aşkarlayıb

Hesablama Palatası 2026-cı ilin altı ayı üzrə fəaliyyəti nəticəsində ümumi məbləği 160,3 milyon manat olan nöqsan aşkarlayıb.

Bu barədə Palatanın dərc etdiyi yarımillik fəaliyyətinə dair xülasədə qeyd ediib.

Məlumata görə, nöqsanların 35 milyon manatı üzrə bərpa barədə qərar qəbul edilib, 14,8 milyon manatlıq material hüquq-mühafizə orqanlarına göndərilib. Digər nöqsanların məbləği isə 110,5 milyon manata bərabər olub.

2026-cı ilin yanvar-iyun aylarında strateji plan üzrə 91 tədbir tam, 3 tədbir qismən icra olunub, 8 tədbirin isə icra edilməyib.

İlk altı ayda ümumilikdə 33 kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbiri keçirilib. Onlardan 14-ü mərkəzi icra hakimiyyəti orqanları və tabeliyində olan qurumlarda, 8-i publik hüquqi şəxslərdə, 5-i məqsədli büdcə fondlarında, 3-ü büdcədənkənar dövlət fondlarında, 2-si yerli icra hakimiyyəti orqanları, 1-i isə digər qurumda aparılıb.

Bundan başqa, 21 KDMN obyekti üzrə ilk dəfə nəzarət tədbiri həyata keçirilib.

Keçirilməsi barədə qərar qəbul edilmiş nəzarət tədbirlərinin bölgüsünə əsasən, 20 uyğunluq auditi, 2 maliyyə auditi, 8 səmərəlilik auditi və 3 analitik fəaliyyət nəzərdə tutulub.

Nəzarət tədbirlərinin yekununda 38 təklif hazırlanıb. Onlardan 37-si maliyyə, 1-i isə prosedur xarakterli olub.