ABŞ Venesuelanın zəlzələdən sonra bərpası üçün dondurulmuş aktivlərdən istifadə edə bilər Dünya

ABŞ Venesuelanın zəlzələdən sonra bərpası üçün dondurulmuş aktivlərdən istifadə edə bilər

ABŞ administrasiyası Venesuela rəsmiləri ilə birlikdə dağıdıcı zəlzələdən sonra ölkənin bərpasına dəstək məqsədilə bu ölkənin xaricdəki dondurulmuş aktivlərinin istifadəsi imkanlarını nəzərdən keçirir.

Bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, milyardlarla dollar dəyərində aktivlərin dondurulmasının ləğvini nəzərdə tutan plan Vaşinqtona əlavə büdcə vəsaiti ayırmadan Venesuela hökumətinə yardım göstərməyə imkan verəcək. Bundan əvvəl ABŞ Karakasa təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 386 milyon ABŞ dolları ayıracağını açıqlamışdı.

Xatırladaq ki, Venesuelada zəlzələ iyunun 24-ü axşam saatlarında baş verib. Təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki güclü yeraltı təkan qeydə alınıb.

İyulun 22-nə olan məlumata görə, təbii fəlakət nəticəsində 5 398 nəfər həlak olub, 16 740 nəfər yaralanıb, 17 907 nəfər isə evsiz qalıb. Zəlzələ nəticəsində 190 bina tamamilə dağılıb, 856 bina ciddi ziyan görüb. Hazırda 23 335 nəfər 107 müvəqqəti düşərgədə yerləşdirilib. Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib. Zəlzələdən sonra isə 1 463 afterşok qeydə alınıb.