Mən gəlirdim Tufarqanın elindən... Hadisə

Mən gəlirdim Tufarqanın elindən...

Dolğun məzmunu və ictimai mündəricəsi ilə seçilən çoxvariantlı dastanlarımızdan biri də "Abbas-Gülgəz"dir. Aşıq Abbas Tufarqanlının adı ilə bağlı bu dastanın yeddi variantı yazıya alınıb. Dastanın ilk yazıya alınmış variantlarından birini M.Mahmudbəyov "Abbas və Gülgəz" adı ilə 1898-ci ildə "Kaspi" qəzetində dərc etdirib. İkinci variantı H.Əlizadə 30-cu illərdə aşıqlardan toplayıb, qısa məzmunu ilə şeirlərini "Aşıqlar" kitabında verib. 1961-ci ildə "Azərbaycan xalq dastanları", 1967-ci ildə beşcildlik "Azərbaycan dastanları" kitabına "Abbas-Gülgəz" və ayrıca "Abbas" dastanları daxil edilib. Bununla belə "Abbas-Gülgəz" dastanının ayrı-ayrı versiya və variantları tam halda çap olunmayıb. Dastanın bu variant¬ları arasında o qədər də fərq görünmür. "Qurbani" dastanında olduğu kimi burada da ana xətt sabit qalıb, epizodlarda və surətlərdə müxtəliflik nəzərə çarpır. Yalnız beşcildlik "Azərbaycan dastanları" kitabında çap olunmuş "Abbas" adlı müstəqil dastan "Abbas-Gülgəz" dastanından fərqlənir.
"Abbas-Gülgəz" dastanının müəllifi haqqında da ehtimallar müxtəlifdir. Burada da birinci ehtimala görə dastanın ilk variantının müəllifi XVII əsrdə yaşamış Aşıq Abbas Tufarqanlıdır. İkinci ehtimala görə, dastan Aşıq Abbasın həyatı və şeirləri əsasında aşıqlar tərəfindən sonralar yaradılıb. M.H.Təhmasibin mülahizəsinə görə Aşıq Abbas bu dastanların ilk variantlarının müəllifi olub, sonradan ustad-şagird ənənəsi dastanları öz zövqünə uyğunlaşdırıb. Həqiqətən də bəzi şeirlər Abbasın olduğu halda, dastanın məzmununa uyuşmur. Aydın hiss olunur ki, ya dastanın məzmunu dəyişdirilib, ya da şeirlər müasirləşdirilib. Əslində isə hər ikisinə əl gəzdirilib.
"Abbas-Gülgəz" dastanının zəngin ictimai mündəricəsi dastanın çoxvariantlılığı və geniş yayılması üçün zəmin yaradıb. Xatırladaq ki, XVII əsrdə yaranan dastanlarımızın bəzilərində elin gözəl qızlarının saraylara aparılması və buna qarşı el şairlərinin müxtəlif səpkili lirik və epik şeirlər söyləməsi xalq ədəbiyyatında başlıca motivə çevrilib. Bu silsilə ədəbi abidələr içərisində "Abbas-Gülgəz" dastanı xüsusi yer tutur. Belə ki, Təbriz yaxınlığında Tufarqan kəndindən olan Aşıq Abbasa qonşu obadan Gülgəz Pərini şahi-mərdan buta verir. Abbas butasının ardınca Təbrizə gəlir, məlum olur ki, Şah Abbasın naibləri Pərini saraya aparıblar. Abbas Gülgəz Pərinin arxasınca İsfahana yola düşür... Yolda və Şah Abbasın sarayında aşığın başına gələn hadisələr və bu münasibətlə söylədiyi şeirlər dastanın əsas məzmununu təşkil edir. "Abbas-Gülgəz" dastanının inkişaf xətti dörd mərhələdən ibarətdir: Başlanğıc Tufarqan mərhələsi, Təbriz mərhələsi, İsfahana səfər və İsfahan mərhələsi.
Birinci mərhələdə gənc Abbas atasını itirib, anası ilə sənət adamlarının yanına gedib özünə münasib peşə axtarır, oxumaq istəyir. Burada məktəb, sənət, peşə, ticarət və məişətin bir sıra sahələrinin təsviri başlanğıcdan dastanın bədii mündəricəsini zənginləşdirir. Abbas mollaxanada "əlini qulağına qoyub avazla oxuduğu" vaxt molla onun səsini eşidib ayağını falaqqaya qoyur. Buradan da görünür ki, butadan əvvəl Abbasın gözəl səsi olub, aşıqlığa meyl edib. Dastançı aşıqlığı birdən-birə buta ilə bağlamayıb, bunun üçün əvvəlcədən zəmin yaradıb. Abbasın butadan sonra saz götürüb dərin məzmunlu, dini-fəlsəfi şeirlər söyləməsi təbii başlanğıcı nisbətən süniləşdirir.


Ruzi-əl-məhşərdə mövlam eşqinə,
İçmişəm kövsərdə bir cami-ləziz.
İsgəndər axtardı, tapıb içmədi,
Xızır içdi, oldu cənabi əziz.

İkinci mərhələdə Aşıq Abbas Təbriz aşıqları Aşıq Dostu, Aşıq Sənan və Aşıq Hüseynlə deyişmədə imtahandan çıxır. Şirvanlı Dostu da, Aşıq Sənan və Aşıq Hüseyn də tarixi şəxsiyyət olub İlyas Muşeqin "Nəğmələr məcmuəsi"ndə, Sayat Novanın dəftərində, "Vanlı Göyçək" dastanında xatırlanır. Bu aşıqlarla Abbasın deyişməsi və qələbəsi onun Batmanqılınc Məmmədin hüzuruna cəsarətlə getməsinə səbəb olur. O, Gülgəz Pəriyə olan məhəbbətini aşkar söyləyir.
Dastanın bu mərhələsində Abbas ciddi imtahanlardan çıxır. Doğrudur, Abbasın aşıqlarla deyişməsi daha çox dini səciyyə daşıyır, lakin şeirlər bədii deyim, bədii ümumiləşdirmə, ustad kəlamı kimi bitkin və siqlətlidir. Dastanda Təbriz şəhərinin zəngin mənzərələri, tarixi yerləri, meyvəli bağları, aşıq məclisləri, sazbəndləri, xeyirxah təbiətli adamları, dəbdəbəli sarayları, seyvan evləri bütün zənginliyi ilə vəsf olunub. Abbasın Təbriz haqqında tərifnaməsi bu qədim şəhər haqqında daha dolğun təəssürat doğurur:



Şikəstə könlümün təbibi usta,
Bu Təbrizin sonaları necədi?
Tikilibdi çarşıları yanaşı,
Sarayları, binaları necədi?



Batmanqılınc Məmmədin Aşıq Abbasa razılıq verməsi, Abbasın Pəri ilə Təbriz bağlarında keçirdiyi xoş günlər uzun sürmür. Sarı Xoca, Dəli Becan və Allahverdi xan Gülgəz Pərini İsfahana aparırlar. El şairi eli-obanı haraya çağırır:


Şah Abbas hökmilə naməni yazır,
Qurub kəcavəni, olubdu hazır.
İsfahandan gəldi o zalım vəzir,
Qoyma, Dəli Becan yarım apardı.


"Abbas-Gülgəz" dastanında Şah Abbasın "böyük sürgün" siyasəti, qızların saraya aparılması məsələsi dastanın əsas motivinə çevrilib. İstər dastanın süjetində, istərsə də orada istifadə olunan şeirlərdə Şah Abbas dövrünün ictimai-siyasi məsələləri məhəbbət xətti ilə paralel verilib. Bir tərəfdə gəncliyin azad duyğuları, məhəbbəti, zəngin daxili hissləri kimi həyatın gözəl nemətlərindən dadmaq, zövq-səfa sürmək, elin-obanın toy-düyünlərini vəsf etmək, digər tərəfdən bütün bu gözəlliyi buxovlayıb, bir ovuc saray dəllallarının zövqünə qurban vermək kimi təzadlar dastanın ictimai-bədii mündəricəsini daha da cilalayır.
Aşıq Abbas yaşadığı ictimai mühitin zorakı təbiətinə qarşı şahi-mərdan butasının gücünü qoyur. Aşıq Pərinin arxasınca gedərkən yolda Aşıq Abbasın buyruq qulları (Sarı Xoca, Dəli Becan, Allahverdixan) tərəfindən daş-qalaq edilib su quyusuna salınır. Aşığı iki dəfə quyudan ona buta verən "şahi-mərdan", Düldülün sahibi Qəmbər ağası" çıxarıb quyunun kənarına qoyur. Buta Abbasın ikinci dəfə salındığı zəhərli quyunu zərrin ocağa döndərir. Beləliklə, Aşıq Abbas Şah Abbasa özündən min əvvəl zülfüqarı ilə islam naminə fövqəladə möcüzələr yaratmış Əlinin "nur badəsi"ni nuş edib qələbə çalır və sevgilisini qaytarır.
Şübhəsiz, bu cür bədii priyom aşığın öz arzusuna çatması üçün yalnız çıxış yolu idi. Bu orta əsr dastanları üçün başlıca meyar olub.
Dastanın "Abbas" versiyasında qələbənin təmini üçün başqa bir yoldan istifadə edilib. Burada Abbas aşıqdan daha çox, qüdrətli bir qəhrəman kimi təsvir olunub, öz sevgilisinə qılınc gücü və tədbirlə qovuşub. Bu dastanda da Abbas Tufarqandandır. Gülgəz Pəri onun sevgilisidir. Hadisələr də Şah Abbasın dövrünə təsadüf edir. Şah Abbasın sifarişi ilə Aşıq Abbas ölkəyə böyük ziyan vuran Dahadürüz quldurbaşını öldürməlidir. Abbas anasının tədbiri ilə Dahadürüzün dəstəsini məhv edir, özünü də Osmanlı torpağına qədər qovur və orada öldürür. Burada İbrahim paşa Abbası qonaq saxlayır və ona böyük hörmət edir. Abbas da İbrahim paşanın qızı Gülgəz Pərini burada görüb sevir. Abbasla Gülgəzin sevişdiyini bilən molla paşaya xəbər verir. Sevgililər qaçıb Tufarqana gedirlər. Abbas yolda hücum edib Sarı Xocanın və Qul Abdullanın dəstəsini dağıdır. Abdullanı öldürmək istərkən Gülgəzin xahişi ilə onu azad edir. "Abbas-Gülgəz" dastanından fərqli olaraq buradakı əsas qəhrəmanlar başqa qiyafədə təsvir olunub. Buradakı Abbas da, Gülgəz də qoçaq, igid və tədbirlidirlər. Buna görə də ortaya çıxan maneələrə üstün gələ bilirlər. Şah Abbas da zülmkar kimi yox, əksinə, zülmə, quldurlara qarşı mübarizə aparan, igidliyinə görə Abbasa ənam verən, xeyirxahlıq mövqeyində dayanan ədalətli şah kimi təsvir olunub. Əvvəlki dastanlardan fərqli olaraq Aşıq Abbas Sarı Xocaya yalvarmır. İlk həmlədə Sarı Xocanı da, Qul Abdullanı da qoşunu ilə birlikdə məğlub edir. Abbas özü də bu dastanda zahirən heybətli və qorxunc təsvir olunub. Gülgəz Pəridən başqa hamı ondan qorxur. Gülgəz də əvvəlki mülayim, qorxaq, yalvarmaqla kifayətlənən, əlacsız Gülgəz deyil, ağıllı, tədbirli və zirəkdir. Burada dastançı XVII əsrdə yayılmağa başlayan "Koroğlu" qollarının motivlərindən bəhrələnib. Zalım və müstəbid hakimlərə qarşı qəhrəmanlıq motivləri ifadə edən bu qəbil dastanlar feodal mühitində ümumi kütlənin hisslərini oyadırdı.
Dövrümüzün ustad şair-aşığı Mikayıl Azaflının bizə söyləyib müxtəsər məzmununu verdiyi, "Aşıq Abbas və Koroğlu" adlandırdığımız versiya bəhs etdiyimiz "Abbas" dastanı ilə səsləşir. "Aşıq Abbas və Koroğlu" versiyasında Aşıq Abbas Şah Abbasın qoyduğu şərtə əsasən, Savalan dağında yuva salmış quldurları məhv etməlidir. Belə bir çətin işin öhdəsindən gələ bilməyən el aşığı çox götür-qoydan sonra Çənlibelə gedib Koroğludan kömək istəyir. Abbasın həqiqətən kamil aşıq olduğunu bilən Koroğlu dəlilərlə birlikdə Savalan dağına gedir, quldur dəstəsini darmadağın edir. Qələbədən xəbər tutan Şah Abbas bundan sonra Gülgəz Pərini Aşıq Abbasa qaytarır.
Çox müxtəsər məzmununu verdiyimiz "Aşıq Abbas və Koroğlu" dastanı ilə "Abbas" dastanında ideya yaxınlığı aydın görünür. Fərq burasındadır ki, "Abbas" dastanında Abbas özü anasının tədbiri ilə dəstə düzəldib Dahadürüzü məhv edir, "Aşıq Abbas və Koroğlu"da isə el aşığı Koroğludan kömək istəyir. Bizcə, ikinci variant daha inandırıcı görünür.
"Abbas-Gülgəz" dastanının ictimai-siyasi mündəricəsi güclü olduğundan sonralar dastanın çox müxtəlif versiya və variantları yaranıb və yayılıb. "Abbas-Gülgəz" dastanının yayılmasının başqa bir səbəbi də dastanın dolğun məzmunu, həm də şeirlərin bədii zənginliyi və kamilliyidir. Dastanda məhəbbət motivlərinin təsvirində də, ictimai məzmunun gerçəkliyində də dastançı Azərbaycanın əlvan təbiətindən, rəngarəng mənzərələrindən bəhrələnib. Məsələn, Abbas Pərinin obasına yolu düşərkən onun babası (atası) tərəfindən necə qonaqpərvərliklə qarşılandığını bədii lövhələrlə ifadə edir:


Mən gəlirdim Tufarqanın elindən,
Yolum düşdü obasına Pərimin.
Salam verdim, əleyk aldı salamım,
Qonaq oldum babasına Pərimin.

"Abbas-Gülgəz" dastanı XVII əsrin xalq dastanları içərisində geniş mündəricəsi, şeirlərinin poetik dolğunluğu ilə seçilən ədəbi abidələrdən biridir.


Qara Namazov
professor