“Serbiya ilə iqtisadi əlaqələr daha da inkişaf etdiriləcək”-Qüdrət Həsənquliyev Siyasət

“Serbiya ilə iqtisadi əlaqələr daha da inkişaf etdiriləcək”-Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Xalqcəbhəsi.az müsahibəni təqdim edir:

- Qüdrət bəy, Prezidentin Münhenə və Belqrada səfərləri barədə fikirlərinizi öyrənmək istərdik...

- Azərbaycan çox aktiv xarici siyasət aparır. Prezident, birinci vitse - prezident, Milli Məclisin sədri çoxsaylı səfərlərə gedir, tərəf müqabilləri ilə ikitərəfli görüşlərdə və müxtəlif platformalarda Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsinə çalışırlar, bunun üçün böyük zəhmət çəkilir. Hər səfər insanın enerjisini alır, sağlamlığına təsir edir. Təyyarə ilə tez-tez səfər edən insanlar bunu bilir. Torpaqlarımız işğaldan azad ediləndən sonra tarixi qələbəmizi beynəlxalq müstəvidə möhkəmləndirmək üçün bu səfərlərə böyük ehtiyac var. Yaxşı xatırlayıram, Azərbaycan birinci Qarabağ savaşı zamanı necə təklənmişdi. Təbii müttəfiqimiz qardaş Türkiyədən belə gözlədiyimiz dəstəyi ala bilmirdik. ABŞ işğalçı Ermənistana yox, işğala məruz qalan Azərbaycana sanksiya tətbiq etmişdi. İndi bəzi ölkələrlə münasibətlərimizdə gərginlik yaşansa da, Azərbaycanın güclü müttəfiqləri, dostları, strateji tərəfdaşları var. Prezident Münhen təhlükəsizlik konfransında da, “France 24”ə verdiyi müsahibədə də bəyan etdi ki, Azərbaycan həmişə ona qarşı olan ədalətsiz hücumlardan müdafiə olunub. Prezident qeyd etdi ki, Fransa bizə münasibətdə ədalətsiz fəaliyyətinə son qoyacaqsa münasibətləri bərpa etməyə hazırıq.
Bəzi təxribatçı ünsürlərə də layiq olduqları cavab verildi.
Bəzi liderlərin dünyada mətbuatın mövcud durumu ilə bağlı dilə gətirmədiyi həqiqətlər belə deyildi. Azərbaycan həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırıldı. Prezident Ermənistanla müharibənin bitməsindən, kommunikasiya xətlərinin açılmasından, ticari, humanitar əlaqələrin yaranmasından, eyni zamanda erməni faşistlərin layiqli cəzalandırılmasından danışdı.
Baxın, ABŞ, Fransa, Rusiya, İran, Ermənistan, Gürcüstanla və bəzi Qərb ölkələri ilə zamanla münasibətlərdə yaranmış gərginlik, fikir ayrılıqları yalnız həmin dövlətlərin bizə münasibətdə ədalətsiz davranışları səbəbindən baş verib. Torpaqlarını işğaldan azad etmiş Azərbaycan indi ona qarşı yönələn təzyiqlər barədə açıq danışmaq gücündədir. Azərbaycan gücləndikcə ona qarşı təzyiqlər və təxribatlar da artmaqdadır. Amma dövr dəyişib. Azərbyacan 90-cı illərin Azərbaycanı deyil. Bu səfərlər həm də iqtisadi əlaqələrin güclənməsi üçündür. Belqradda strateji əməkdaşlıq şurasının ilk iclası keçirildi. Serbiya ilə iqtisadi əlaqələr daha da inkişaf etdiriləcək.

- Yaxın zamanlarda iqtisadiyyatımızın daha da gücləndirilməsi üçün böyük islahatlar aparılacağını gözləyirsinizmi?

- Çox yaxın zamanda olmasa da sosial və geosiyasi vəziyyətin dəyişməsi ilə islahatların qaçılmaz olacağına inanıram. İqtisadiyyatımıza böyük investisiyaların qoyulmasına, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinə, biznesin aşağı faizlərlə kreditləşdirilməsinə, mülkiyyətin qorunmasına ciddi ehtiyac yaranıb. İslahatlar üçün ölkəmizdə əlverişli şərait mövcuddur. İctimai - siyasi sabitlik, təhlükəsizlik təmin edilib, valyuta ehtiyatları və islahatlar üçün xalqın hökumətə dəstəyi var. Amma böyük islahatlara cəmiyyət də hazır olmalıdır. Ölkəmizdə diskusiyya mədəniyyəti, tolerantlıq, demokratik vərdişlər arzuladığımız səviyyədə deyil. Fikir versəniz görərsiniz ki, demokratiyadan yana olduqlarını söyləyən xalq hərəkatının “ünlü” simaları, ictimai-siyasi fəallar polemikalar zamanı adi fikir ayrılıqlarına görə bir-birini, hətta qarşı tərəfin dünyasını dəyişmiş valideyinlərini belə təhqir edirlər. Başqalarının uğurlarına yox, uğursuzluqlarına sevinirlər. Bir qrup insan düşünür ki, xalqımız indikindən daha artığına layiqdir. Digər qrup isə hesab edir ki, İlham Əliyev xalqımıza layiq olduğundan daha böyük uğur qazandırıb. Reallıq isə odur ki, hələlik xalqımızın sosial inkişaf səviyyəsi indikindən artığına nail olmağa imkan vermir. Hökumət islahatlar olarsa əldə olunanların itirilə biləcəyi təhlükəsindən çəkinir. Amma onu da nəzərə almalıyıq ki, islahatların çox gecikdirilməsi, islahatların aparılmasından daha riskli olacaq. Bizi gözləyən çağırışlara cavab vermək üçün güclü və rəqabətədavamlı bazar iqtisadiyyatına sahib olmalıyıq.