“30 min iş yerinin bağlanması ciddi bir siqnaldır” Hadisə

“30 min iş yerinin bağlanması ciddi bir siqnaldır”

Dünya bazarında neftin qiymətinin ucuzlaşması fonunda Azərbaycanda bu sahənin geriləməsi, bir çox iş yerlərinin bağlanması, tikinti işlərinin dayandırılması, habelə dövlət və özəl qurumlarında ixtisarları qaçılmaz edib. Xüsusilə manatın 21 fevral devalvasiyasından sonra bank sektorunun çöküşü ilə müşahidə olunan bir çox şöbə və filialların bağlanması, işçilərin ixtisara düşməsilə bağlı informasiyaların ardı-arası kəsilmir.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 9 ayın yekunlarına həsr olunmuş müşavirəsindəki çıxışında iş yerlərinin bağlanmasını ciddi tənqid edərək səbəblərinin araşdırılması tapşırığını verib. Parlamentin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışı Azərbaycanda yaranmış yeni, iqtisadi, maliyyə situasiyası dövründə imkanlarımıza, perspektivlərimizə yenidən baxmaq çağırışı idi: "Ölkə başçısı tərəfindən 30 min iş yerinin bağlanması əbəs yerə qaldırılmadı. Prezident bununla bağlı ciddi tapşırıq verdi. Obyektiv və subyektiv səbəblərin araşdırılmasını tələb etdi. Çünki, ölkədə açılmış 67 min daimi iş yerinin müqabilində 30 min iş yerinin bağlanması ciddi bir siqnaldır. Bundan sonra İqtisadiyyat və Sənaye Nazirliyi məsələni ciddi araşdıraraq nəticələri ictimailəşdirəcək. Hər halda subyektiv faktorlar da var. İstər vergi, istər digər yoxlamalarla bağlı digər hərəkətlərin qarşısının alınması üçün tapşırıqlar da verilib. Düşünürəm ki, sahibkarların fəaliyyətini məhdudlaşdıran, onlardan haqq tələb edən, öz səlahiyyətlərindən sui-istifadə edərək sanksiyalarla rüşvət alan məmurlar xüsusi şəkildə cəzalandırılmalıdır. Hesab edirəm ki, qarşıdakı ildən etibarən kiçik və orta sahibkarlığın inkişafı üçün ölkədə əməli addımlar atılacaq".
Deputatın fikrincə, iş yerlərinin bağlanması və yeni iş yerlərinin açılması, neft-qaz sektorunda ixtisarların olması təbii haldır: "Maraqlı olan bunların nisbətidir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda demoqrafik inkişaf var, ildə təxminən 100 min insan artır. İş yerlərinin də buna müvafiq açılması mütləqdir. Hazırda qeyri-neft sektoruna önəm verməkdəyiksə, neft-qaz sektoru ilə bağlı sahələrdə ixtisarlar ola bilər. Həmçinin, banklarla bağlı yaranmış problemlərdən dolayı bank sektorunda da ixtisarlar müşahidə edilə bilər. Hansı sektorda olmasından asılı olmayaraq, bu sahə daim dövlətin nəzarəti altındadır. Hesab edirəm ki, məşğulluq idarəsi , İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələni diqqətdə saxlayır".
Parlament üzvü qeyd edib ki, əsas məsələ yerli İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları , yoxlayıcı təşkilatların vəziyyətdən sui-istifadə edərək sahibkarlığın inkişafına mane olmasının qarşısının alınmasıdır.
Musa Quliyev həmçinin Ünvanlı Sosial Yardımın mahiyyətcə dəyişdirilməsinin tərəfdarıdır: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xəttilə ünvanlı sosial yardımlar verilir. Hesab edirəm ki, bunun mahiyyətcə dəyişilməsinin vaxtı yetişib. Düşünürəm ki, yardımlar pul şəklində deyil, əmtəə, yaxud iş təklifi şəklində edilməlidir. Biz burada "Çin modeli"ndən istifadə edə bilərik. Orada da yoxsul əhaliyə dövlət tərəfindən yardım edilir. Birbaşa xammal, yaxud hazır məmulat yardımı verilir. Həmin xammal hesabına düzəldilən məhsullar bazara çıxarılaraq alıcılara təqdim olunur. Nəticədə insanlar ələbaxımlıqdan yaxa qurtarır, imkansız şəxs həm işlə təmin olunmuş olur, həm pul qazanır, həm də ölkənin müəyyən sahəsi inkişaf etməyə başlayır".
Deputat Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi, turzimin, nəqliyyat sektorunda idarəetmənin optimallaşdırılması və s. mütləq olduğunu qeyd edib:
"Turizm sektorunun gəlirli bir sahəyə çevrilməsinə çalışmaq lazımdır. Baxmayaraq ki, bu sahəyə kifayət qədər vəsait ayrılır, amma sahədə hər hansı irəliləyiş hiss olunmur".