Fondun “Azərsu“ ASC ilə birgə keçirdiyi müsabiqənin nəticələri açıqlanıb Hadisə

Fondun “Azərsu“ ASC ilə birgə keçirdiyi müsabiqənin nəticələri açıqlanıb

İyunun 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və "Azərsu" ASC -nin birgə təşkil etdikləri "Əhalinin içməli su təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.
Mükafatlandırma mərasimi "Azərsu" ASC-nin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində keçirilib. Tədbirdə "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov, Fondun icraçı direktoru Vüqar Səfərli, habelə ölkənin 30-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə əsaslı yenidənqurmadan çıxmış Kompleksin fəaliyyəti, habelə Ceyranbatan su anbarından əhaliyə verilən suyun təmizlənmə prosesi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov qonaqları salamlayaraq son illər əhalinin keyfiyyətli su ilə təminatı sahəsində kompleks tədbirlərin həyata keçirildiyini, bu sahədə müasir infrastruktur və texnologiyaların tətbiq edildiyini diqqətə çatdırıb. Q.Hüseynov 2015-ci ilin oktyabr ayında istifadəyə verilmiş Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin texniki imkanlarına görə dünyada mövcud olan analoji nəhəng qurğularla birgə ilk dördlükdə qərarlaşdığını bildirib. "Azərsu" ASC-nin sədri Samur-Abşeron kanalından qidalanan Ceyranbatan su anbarının, eləcə də sutəmizləyici qurğular kompleksinin Sumqayıt şəhərinin və Abşeron yarımadasının içməli su ilə təchizatında böyük paya malik olduğunu qeyd edib.
Qorxmaz Hüseynov daha sonra Fondla birgə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin ölkənin su təsərrüfatının müasirləşdirilməsi və əhalinin içməli suya tələbatının ödənilməsi istiqamətində görülən işlərin ictimaiyyətə dolğun şəkildə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb. Sədr müsabiqənin nəticələri barədə ətraflı danışmaq üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.
Tədbir iştirakçılarını salamlayan Vüqar Səfərli media nümayəndələrinin iştirakı ilə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində keçirilən tədbiri jurnalistlərin sözügedən müəssisənin fəaliyyəti, suyun təmizlənməsi prosesi, habelə burada quraşdırılmış müasir qurğularla əyani tanışlığı baxımından yüksək dəyərləndirib. V.Səfərli iyun ayının 5-nin ölkəmizdə "Su təsərrüfatı və meliorasiya işçiləri günü" kimi qeyd olunduğunu diqqətə çatdıraraq "Azərsu" ASC-nin rəhbərliyini və çoxsaylı kollektivini media nümayəndələri adından qarşıdan gələn peşə bayramı münasitilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.
İcraçı direktor Fondun təşkilatçılığı ilə 2016-cı il martın 31-də KİV rəhbərlərinin "Azərsu" ASC-də görüşünün keçirildiyini, aprel ayının 1-də isə "Əhalinin içməli su təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqənin elan edildiyini diqqətə çatdırıb. V.Səfərli bildirib ki, müsabiqənin keçirilməsində məqsəd Azərbaycanda su təsərrüfatının inkişafı və infrastrukturun yenidənqurulması sahəsində həyata keçirilən tədbirlərin ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyini stimullaşdırmaq, jurnalistlərin peşəkarlıq səviyyəsini yüksəltmək və sosial vəziyyətlərini yaxşılaşdırmaq olub.
İcraçı direktor aprelin 1-dən may ayının 20-dək keçirilən müsabiqəyə 51 fərdi jurnalist tərəfindən yazının təqdim olunduğunu bildirib: "Yazılar Fondun 3 nəfər eksperti, o cümlədən "Azərsu" ASC-ni təmsil edən ekspert tərəfindən qiymətləndirilib: Müsabiqənin elanında göstərilmiş şərtlərə əsasən, 6 nəfər jurnalistə əsas, 10 nəfərə isə həvəsləndirici mükafatların verilməsi qərara alınmışdı. Lakin müsabiqəyə təqdim olunan yazıların çoxluğu, habelə jurnalistlərin zəhməti nəzərə alınaraq, "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovla əldə olunmuş razılığa əsasən, həvəsləndirici yerlərin sayı daha 5 ədəd qaldırıldı. Eyni zamanda, nisbətən az bal toplamış 19 nəfərin 100 manat məbləğində mükafatlandırılması qərara alındı".
Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib (Qaliblərin siyahısı aşağıdakı cədvəldə təqdim olunur).
Sonda qalibləri təbrik edən icraçı direktor Vüqar Səfərli eyni zamanda media ilə səmərəli əməkdaşlığa görə "Azərsu" ASC-nin rəhbərliyinə təşəkkürünü bildirib.
Tədbiri yekunlaşdıran "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov qurumun media ilə əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Fondun rəhbərliyinə, eləcə də müsabiqədə iştirak edən jurnalistlərə təşəkkürünü bildirərək belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.
Xatırladaq ki, müsabiqədə I yerə "Mövqe.az" saytının müxbiri Zülfiyyə Quluyeva, II yerə "Xalq qəzeti"nin müxbiri Mirbağır Quliyev və "İki sahil" qəzetinin baş redaktor müavini Rəşad Bağırov, III yer"Kaspi" qəzetinin müxbiri Aygün Cəfərova, "Yeni Azərbaycan" qəzetinin şöbə redaktoru Nadir İsmayılov və "Bakı-Xəbər" qəzetinin müxbiri Namiq Quliyev layiq görülüblər.
Nurəngiz Bağırova, Tamilə Xəlilova, Səxavət Məmmədli, Seymur Məmmədov, Mətləbəli Salahov, Vüqar Əliyev, Fuad Hüseynzadə, Anar Əhmədov, Mübariz Bayramov, Cavid Şahverdiyev, Rauf Nəsirov, Namiq Məmmədov, Süleyman İsmayılbəyli, Xanım Nəsibova və İlhamə Xankişiyeva həvəsləndirici mükafata layiq görülüblər.
Müsabiqədə iştirak edən daha 19 jurnalistə pul mükafatı verilib.