Həkimə dərman yazmağı öyrədirlər... Hadisə

Həkimə dərman yazmağı öyrədirlər...

Bir şəhərdə yaxşı həkim tapmaq çətindirsə, orada yaşamaq təhlükəlidir
Adil Qeybulla: "Məsələnin ictimailəşdirilməsi cəmiyyətdə həkimlərə qarşı böyük inamsızlığın yaranmasına səbəb olar"

Sosial şəbəkələr, mətbuat səhhətindəki adi problemdən dünyasını dəyişmiş insanlar, peşəkar yanaşılmadığından doğuş zamanı həyatını itirən ana və uşaqlar, həmçinin xaricdə müalicə olunmaq üçün maliyyə vəsaiti toplayan xəstələr haqda informasiyalarla zəngindir.
Ölkədə xəstə olmağın özü ağır məsələdir. Çünki səhhətində problem olan vətəndaş sağalmaq uğrunda çox əngəllər aşmalıdır. Məsələn, maddi çətinliyi dəf etmək, yaxşı həkim tapmaq, müayinə, doğru diaqnoz, keyfiyyətli dərman, dərmandan sonra sağalmaq, əks halda yenidən çarə axtarışına çıxmaq lazımdır.
Ölkələrin bir çoxunda pasiyent hüquqları, eləcə də pasiyent və həkim münasibətlərini tənzimləyən ali qanunlar var. Bu qanunvericiliyə görə, səhlənkarlıq, məsuliyyətsizlik faktı təsdiqləndikdən sonra məhkəmə qərarı ilə həmin tibb işçisi cəzalandırılır. Bu cəza müxtəlif formada olur, həkimlik fəaliyyəti dayandırılır, yaxud xidmət göstərməkdən məhrum edilir, xəstəyə dəymiş maddi və mənəvi ziyan təzminat şəklində ödənilir, ölüm faktı varsa, həkim müəyyən zaman içində azadlıqdan məhrum edilir. Həmin həkimin işi "yatrogen" ("zay tibbi iş" kimi tərcümə olunur) adlandırılır.
Qeyd edək ki, Azərbaycan həkimlərinin xəstəyə təkcə naşı yanaşmaları ilə deyil, həm də səhlənkar yanaşmaları faktları da kifayət qədərdir. Məsələn, Tovuz sakini Səməndər Əsədov qolunun şüşə kəsməsi səbəbindən dünyasını dəyişməsi kimi. Qardaşı Kamandar Əsədov yazdığı şikayət ərizəsində bildirir ki, 38 yaşlı Səməndər Əsədovun sadəcə qolunu şüşə kəsmişdi. Buna görə Səməndər Əsədov 12 yaşlı oğulu ilə birlikdə maşınla Tovuz rayon Mərkəzi xəstəxanasına gedir. Amma qan itkisinə görə xəstəxananın pilləkənlərində dayanır və oğlu həkimləri çağırır. Öncə xəstəyə kömək etməyi düşünən növbətçi həkimlər sonra bildirirlər ki, polisə xəbər vermədən heç bir şey edə bilməyəcəklər. Beləcə 20 dəqiqədən çox yaralı uzanaqlı vəziyyətdə qalsa da ilkin yardım göstərilmir. Nəhayət, əsas növbətçi həkim gəlir. Kamal Abbasov adlı həkim içkili halda xəstəyə baxır və artıq gecdir deyə rəyini bildirir. Beləcə Tovuz rayon Mərkəzi Xəstəxanasındakı həkimlərin səhlənkarlığı səbəbindən 38 yaşlı Səməndər Əsədov dünyasını dəyişir.
Beynəlxalq hüquqda həkimlərin hüquqi məsuliyyətini, onların mühakiməsi məsələsi "malpraktis" termini ilə ifadə olunur. Hətta dünya ölkələrinin çoxu "Pasiyentlərin hüquqları haqqında Avropa xartiyası", "Pasiyentlərin hüquqlarının təminatına yardım haqqında bəyənnamə"yə qoşulublar. Aparıcı ölkələrdə (əsasən Qərbdə) həkimlər məsuliyyətli olmağa məhkumdurlar, əks halda onları nələr gözlədiyini bilirlər.
Məsuliyyət dedikdə, burada həkimin təcrübəsi, biliyi, davranışı əsas amillərdir. Xəstə tibbi xidmətdən narazı qaldıqda şikayət edə bilər. Həm də burada tibbi sığorta məsələsi rol oynayır. Bizdə icbari tibbi sığorta sual altındadır. Yalnız aparıcı xüsusən, xarici şirkətlərdə tibbi sığorta vacib məsələ hesab olunur. Zərərçəkmiş vətəndaşlar isə yalnız ölüm faktı olduqda şikayətlənirlər. Bu zaman həkim "cinayəti" əldə tutarlı qanun olmadığından yarımçıq araşdırılır. Azərbaycanda pasiyent hüquqları hələlik ölkə konstitusiyasının 41-ci maddəsi və "Əhalinin sağlamlığının qorunması haqqında qanun"da öz əksini tapır.
Təəssüf ki, səhiyyədə səhlənkarlıq halları təcrübəli mütəxəssislərin dilindən tənqid olunmur. Bəlkə də, bu səbəbdən savadsız, məsuliyyətsiz tibb işçilərinin miqyası böyüyür və böhran dərinləşir. Əfsuslar olsun ki, yaxşı həkimlər də səhlənkar qrupun güdazına gedir. Bəzi tibb mütəxəssisləri özbaşnalıq, nəzarətsizlik üzündən ölkəni tərk edirlər. Hazırda Moskva xəstəxanalarının birində fəaliyyət göstərən mütəxəssis - həkim Səbahəddin Hüseynov səhiyyədəki mənzərəni belə ifadə edir: "Bir şəhərdəki yaxşı həkim tapmaq çətindir, orada yaşamaq təhlükəlidir. Yaxşı həkimlər yetişdirmək lazımdır. Tələbə olanda müəllimimiz deyərdi ki, bu sənəti seçmisinizsə, yaxşı oxusaz yaxşı da həkim olacaqsız, pis oxudunuzsa "baş həkim" olacaqsız. İndi institutu bitirən həkimlərin çoxu dərman satışı ilə məşğul olan firmalarda çalışırlar. Dərmandan qazanc götürənlər həkimlərdən vasitə kimi istifadə edirlər. Bu vaxta kimi görməmişəm ki, dərman istehsal edilən şirkətlərdə həkimlər işləyə. Amma bir problem olanda hər şeyi həkimin üstünə atırlar. Axı həkimə dərman yazmağı öyrədirlər".
Tibb Universitetinin adı çəkilməyən tələbəsi deyir: "Tibb Universiteti ölkədə nüfuzlu olduğu qədər də lazımlı təhsil-tədris müəsisəsidir. Amma nə edək ki, burada bəzi tələbələr yaxşı həkim olmaq üçün vaxtını itirir. Bu gün universitetdə yenə də oxumamaq üçün pul verən tələbələr tapılır. Təəssüf ki, pul götürənləri də qınamalı deyil. Oxumaq istəyi qarşı tərəfdən olmalıdır. Savadsız həkimlər məsuliyyətsiz həkimdən çoxdur. İndi biz o savadsız nəsilin əlində qalmışıq..."
Bir neçə ildir ki, Milli Məclis "Pasiyent hüquqları haqqında qanunun" qəbulunu ləngidir. Bu məsələdə icbari tibbi sığorta məsələsinin daha vacib olduğunu deyənlər, daha çox həkim toxunulmazlığını müdafiə edirlər. Sözsüz, qəbul olunacaq qanun tək pasiyentlərin deyil, həkimlərin də hüquqlarını tənzimləməlidir. Məslən, Rusiya qanunvericiliyində pasiyent hüquqları qısaca belə ifadə olunur. İstənilən şəxs tibbi xidmətdən istifadə etmək hüququna malikdir. Pasiyent öz həkimini könüllü şəkildə seçir. Hər pasiyent sanitar-gigiyenik şəraiti olan tibb müəsisəsində müayinə və müalicə olmalıdır. Həkim pasiyentə daha diqqətli davranmalıdır. Xəstənin vəziyyəti barədəki məlumatlar yalnız pasiyentin icazəsi ilə yayıla bilər. Xəstə özü haqqında məlumatı məxfi saxlaya bilər. Pasiyentin vəziyyəti ilə bağlı həkimlərin konsilium (müzakirə, qiymətləndirmə) keçirməsi barədə tələb etmək haqqı var. Tibbi müdaxilədə xəstə psixoloji yardım almalı və hər şey haqqında dəqiq məlumatlandırılmalıdır. Həkim barədə şikayətlə çıxış edə bilər, bu zaman xüsusi komissiya müraciətə baxmalıdır. Ölüm faktı varsa, tibbi ekspertiza aparılmalıdır. Tədbirsizlik, savadsızlıq, məsuliyyətsizlik, səhlənkarlıq, diqqətsizlik faktı təsdiqlənirsə, tibb işçisi müvafik qaydada cəzalandırılır.
Tibb elmləri doktoru, professor Adil Qeybulla səhiyyənin sovet sistemindən Qərb sisteminə keçdiyi bir dövrdə belə bir qanunun obyektiv işləməyəcəyi qənaətindədir. Həmçinin o, cəmiyyətin belə bir qanuna ehtiyacı olmadığını düşünür: "Hesab edirəm ki, bu qanuna ehtiyac yoxdur. Bütün dünyada həkim-xəstə münasibətləri var. Digər dövlətlərin heç birində "Pasiyentlərin hüquqları haqqında" qanun layihəsi yoxdur. Xarici dövlətlərin hər birində tibb işçiləri ilə pasiyentlərin münasibətlərini tənzimləmək üçün sadəcə olaraq, kodekslər var. Bizdə də belə bir kodeks olmalıdır və sadəcə olaraq, bu sahədə həkimlər öz peşəkarlıqlarını artırmalıdırlar".
Professorun sözlərinə görə, hər şey həkimlərin peşəkarlığından və ya naşılığından asılı deyil: "Müalicənin effekt verməsi üçün orqanizmin də böyük rolu var. Hər hansı bir xəstəyə edilən müalicənin nəticəsiz qalması, o demək deyil ki, həkim səhv edib, o savadsızdır. Burada orqanizmin də qüsurlu olub-olmadığını nəzərə almaq lazımdır. Bunların hər biri düzgün dəyərləndirilməlidir. Bu dəyərləndirməni isə hüquq-mühafizə orqanlarının aparması düzgün deyil". Adil Qeybulla daha bir maraqlı məqama da toxundu. Onun sözlərinə görə, adətən xarici ölkələrdə belə məsələlər ictimailəşdirilmir: "Məsələ elə xəstəxananın daxilində də həll edilir və kimin haqlı, kimin haqsız olduğu üzə çıxır. Bunda da komissiyaların rolu böyükdür. Çünki bu məsələnin ictimailəşdirilməsi cəmiyyətdə həkimlərə qarşı böyük inamsızlığın yaranmasına səbəb olar. Pasiyentlərin hüquqlarını müdafiə adı altında həkimlərlə hüquq-mühafizə orqanlarını üz-üzə qoymağın heç kəsə bir xeyri yoxdur. Çünki onlar üz-üzə gəldiyi təqdirdə mütləq bir təmənnaya yol verilir. Çalışıb belə məsələləri mütəxəssislərin rəyi ilə həll etmək lazımdır. Çünki hüquq-mühafizə orqanlarının tibdən başı çıxmadığı üçün kimin haqlı olduğunu deməyə hüquqları yoxdur". Professor həkim məsuliyyətsiziliyini təsdiqləsə də, buna səbəb kimi qeyri-peşəkarları göstərir. Yəni bu qanunun Azərbaycan reallığında tam işləməsi üçün bir neçə məsələ həll olunmalıdır: "Birincisi, icbari tibbi sığortanın tətbiq edilməsi, ikincisi, həkim peşəkarlığının artırılması, yəni hər bir həkimin konkret olaraq bir sahə üzrə ixtisaslaşıb mütəxəssis kimi fəaliyyət göstərməsini təmin etmək və xəstə ilə həkim arasında güvənin artırılması, yəni, milli səhiyyəyə güvənin artırılması məsələlərinin həlli təmin edilməlidir. Bu məsələlərin həlli neqativ halların aradan qaldırılmasına kömək edəcək. Əks halda isə heç bir qanun bu neqativ halları aradan qaldırmayacaq, əksinə, əlavə problemlər yaradacaq, ağır xəstələrdən imtinaya gətirib çıxaracaq".
Hüquqşünas Müzəffər Baxışıov "Pasiyentlərin hüquqları haqqında" qanun layihəsinin qəbuluna ehtiyac olduğunu düşünür: "Dünyanın əksər inkişaf etmiş ölkələrində pasiyentlərin hüquqları qanunvericiliklə qorunur və həkimlərin səhlənkarlığı ucbatından pasiyentə dəyən ziyan məhkəmə qaydasında müəyyən edilərək ödənilir. Məsələn, Qərb dövlətlərində peşəkar fəaliyyətində səhlənkarlığa yol verən həkimlər təzminat ödəyir, həkim kimi fəaliyyət göstərmək hüququndan məhrum edilir, hətta həbs olunur. Bizdə isə təəssüflər olsun ki, qanunların tətbiqində ciddi problemlər var. Ona görə də sözügedən məsələ ilə əlaqədar yaradılacaq komissiyalarda həmkarlarının hüquqlarını müdafiə edən şəxslər olacaq. Bunun qarşısı alınsa, mexanizmlər düzgün icra olunsa, o zaman müsbət nəticədən danışmaq olar".
Yeri gəlmişkən deyək ki, bir müddət əvvəl millət vəkili Musa Quliyev bildirmişdi ki, "Pasiyentin hüquqları haqqında" qanun layihəsinin qüvvəyə minməsindən sonra xəstəni səhv müalicə edən həkimlərin məsuliyyəti daha da artırılacaq və bu məsələ Cinayət Məcəlləsində öz həllini tapacaq. Musa Quliyevin sözlərinə görə, həkimlərin məsuliyyətsiz olub-olmaması barədə ilk növbədə həkimlərin kollegiyası qərar verməli və həkim səhvini qiymətləndirməlidir. Yalnız bundan sonra inzibati orqanlar bu işə baxa bilər: "Yoxsa prokuror və ya digər inzibati orqan işçisi necə bilər ki, həkim düzgün və ya səhv müalicə edib".

Ülviyyə Tahirqızı