Qənirə PaşayevaTuran Qurultayında Qarabağ problemindən danışıldı Hadisə

Qənirə PaşayevaTuran Qurultayında Qarabağ problemindən danışıldı

"Azərbaycanın ədalətli mövqeyinə dəstək verilməlidir"

Xəbər verildiyi kimi bu günlərdə qədim Türk yurdu sayılan Macarıstanda Turan Qurultayı keçirilir. Qurultayda bütün türkdilli respublikalar, topluluq və qurumlar, muxtar vilayətlərlə yanaşı Azərbaycan Respublikasından da geniştərkibli nümayəndə heyəti iştirak edib. Qurultaya qatılan Azərbaycan nümayəndə heyətinin tərkibinə dövlət rəsmiləri, millət vəkilləri, ictimai təşkilatların rəhbərləri, media nümayəndələri və sənətçilər daxildir. Bu dəfəki qurultayda ən yadda qalan hadisələrdən biri Turan Qurultayı çərçivəsində Azərbaycanla bağlı konfransın keçirilməsi olub.
Belə ki, millət vəkili Qənirə Paşayeva Macarıstanda Turan Qurultayı çərçivəsində, belə bir mötəbər tədbirin keçirildiyi Buğaç meydanında Azərbaycanla bağlı konfrans keçirib. Konfransın açılışında əvvəlcə Azərbaycanın qədim tarixi barədə məlumatlar verən millət vəkili Qənirə Paşayeva bütün müsəlman Şərqində ilk parlamentli demokratik respublikanın məhz Azərbaycanda qurulduğunu, müsəlman şərqində Azərbaycanın qadınlara ilk dəfə seçmək və seçiilmək haqqı verən ölkə olduğunu diqqətə çatdırıb. O, bildirib ki, hətta bəzi qərb ölkələrindən də öncə Azərbaycan qadınları bu haqlara malik olub. Azərbaycan mədəniyyyəti haqqında da geniş çıxış edən millət vəkili Qənirə Paşayeva dahi mütəfəkkir Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzeti, bütün müsəlman Şərqində ilk operanı yazan Üzeyir Hacıbəyli, müsəlman şərqində ilk opera yazan qadın Şəfiqə Axundova , Azərbaycanın zəngin muğam və saz musiqisi barədə də geniş söhbət açıb. Azərbaycan-Macarıstan münasibətlərindən danışan millət vəkili Qənirə Paşayeva Azərbaycanın və Türk dünyasının böyük şəxsiyyətlərindən Əli bəy Hüseynzadənin macarlara ithafən 19-cu əsrin sonlarında yazdığı "Turan" şeiri barədə danışıb və iki qardaş xalqın ortaq köklərini xüsusi vurğulayıb. Azərbaycanın ümumilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin Macarıstanla əməkdaşlığın inkişafına verdiyi önəmdən danışan millət vəkili Qənirə Paşayeva bu istiqamətdə əldə olunana uğurlar barədə də söz açıb və əməkdaşlığımızı daha da genişləndirmək üçün böyük potensial olduğunu vurğulayıb. Tədbir iştirakçılarını Azərbaycan dəvət edən millət vəkili "qardaş Macarıstandan daha çox turist gözləyirik" deyib və Azərbaycanın turizm imkanları barədə də məlumatlar verib. Azərbaycanda müxtəlif xalqlar və dini icmalar arasında çox gözəl münasibətlər olduğunu deyən millət vəkili Qənirə Paşayeva ölkəmizdə multikulturalizmə verilən böyük önəmdən də danışıb və bu istiqamətdə həyata keçirilən yerli və beynəlxalq layihələri də xüsusi qeyd edib. Konfrans zamanı Dağlıq Qarabağ problemi, Ermənistanın işğal etdiyi torpqlarımız barədə də çıxış edən millət vəkili tədbir iştirakçılarını Azərbaycanın ədalətli mövqeyini dəstəkləməyə çağırıb. Millət vəkili bildirib ki,harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır: "Qarabağ probleminin həlli, qondarma erməni soyqırımı iddialarına qarşı sərt mübarizə harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə millət vəkilləri ilə bərabər QHT və KİV rəhbərlərinin, yazarların, şairlərin, sənətçilərin, araşdırmaçıların, aydınların, jurnalsitlərin üzərinə çox böyük missiya düşür". Millət vəkili Qənirə Paşayeva onlara Azərbaycan mədəniyyəti, tarixi, Qarabağ həqiqətləri ilə bağlı materiallar, həmmüəllifi olduğu, Qarabağ həqiqətlərini özündə geniş əks etdirən materialları təqdim edib.
Millət vəkili Qənirə Paşayeva tədbir iştirakçılarının suallarını da geniş cavablandırıb. Konfransdan sonra millət vəkili Qənirə Paşayeva bir neçə macar tarixçisi ilə də görüşüb və geniş müzakirələr aparılıb.
Məlumat üçün qeyd edək ki, Turan Qurultayı artıq bir neçə ildir ki, ənənəvi olaraq Macarıstanda keçirilir.