Azərbaycan və Belarus arasında əməkdaşlıq planı imzalanıb Hadisə

Azərbaycan və Belarus arasında əməkdaşlıq planı imzalanıb

Sentyabrın 28-də Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planı imzalanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sənədə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Azərbaycanda rəsmi səfərdə olan Belarus Respublikasının müdafiə naziri, general-leytenant Andrey Ravkovla görüşü çərçivəsində imza atılıb.
Görüşdən əvvəl Belarusun nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarını, sonra isə Şəhidlər xiyabanını ziyarət edib.
Ziyarətdən sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib.
Hər iki ölkənin müdafiə naziri arasında geniş tərkibdə keçirilən görüşdə Zakir Həsənov əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm rol oynadığını vurğulayıb.
O, rəsmi Minskin müxtəlif beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın prisipial mövqeyini daim dəstəklədiyinə görə minnətdarlığını bildirib.
Belarus müdafiə nazirinin "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün böyük nümayəndə heyəti ilə Bakıya səfərinin önəmini vurğulayan general-polkovnik Zakir Həsənov bunun ölkələrimiz arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın daha da inkişafına yeni təkan verəcəyini deyib.
General-leytenant Andrey Ravkov öz növbəsində dövlətlərimizin əlaqələrinin möhkəm dostluq münasibətlərinə əsaslandığını, Belarusun Azərbaycanın vacib tərəfdaşı olduğunu vurğulayaraq bu cür görüşlərin ikitərəfli münasibətlərin, eləcə də hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından zəruriliyini xüsusi qeyd edib.
Sonra tərəflər hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, bir sıra istiqamətlərdə əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.
Nazirlər beynəlxalq və regional təhlükəsizlik problemləri, təcrübə mübadiləsi məqsədilə mütəxəssislərdən, ekspertlərdən ibarət heyətlərin qarşılıqlı səfərlərinin təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparıblar.